Azərbaycan kitabı qardaş ölkədə

 

 

Layihə üzrə Türkiyədə 43 kitab işıq üzü görüb

 

Ölkəmizdə kitab və nəşriyyat işinin inkişaf etdirilməsi istiqamətində dövlət dəstəyi ilə həyata keçirilən layihələr artıq öz bəhrələrini verir. Azərbaycanın təmsil olunduğu beynəlxalq sərgi-yarmarkalarda yüksək poliqrafik göstəricilərə malik çap məhsullarımız maraqla qarşılanır. Kitablarımız Moskvada MDB-nin “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin yüksək mükafatlarını qazanır.

Mədəniyyət Nazirliyi ölkəmizdə işıq üzü görən kitabların xarici ölkələrdə təbliğini daim diqqətdə saxlayır. Eyni zamanda nazirliyin təşəbbüsü ilə 2016-cı ildən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi həyata keçirilir. Layihə çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 30-dək azərbaycanlı müəllifin 40-dan çox adda kitabı tərcümə və çap edilərək qardaş ölkənin oxucularına çatdırılıb. Onların arasında Nizami Gəncəvinin “Xəmsə”sindən “Şah və xidmətçi”, “İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi”, “Kərpickəsən”, Mirzə Ələkbər Sabirin “Təmsillər”, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Yusif Səmədoğlunun “Qətl günü”, Əbdürrəhim bəy HaqverdiyevinSeçilmiş hekayələr” (2 cilddə), Mir Cəlal PaşayevinBir gəncin manifesti”, “Füzulinin poetik xüsusiyyətləri”, “İki rəssam”,  İlyas Əfəndiyevin “Körpüsalanlar”, Fərman Kərimzadənin “Qarlı aşırım”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” (2 cilddə), Cəfər Cabbarlının “Seçilmiş hekayələr”, Afaq Məsudun “Azadlıq”, Ənvər Məmmədxanlının “Babək”, Saday Budaqlının “Yolüstü söhbət” və digər kitablar yer alır.

Nəşr olunan kitablar əsasən elmi, bədii, o cümlədən uşaq ədəbiyyatı örnəklərindən ibarətdir. Təkcə bu il layihə üzrə “Zengin Yayıncılık” nəşriyyatında N.Gəncəvinin “Sirlər xəzinəsi”, Qəzənfər Paşayevin tərtibçisi olduğu “İmadəddin Nəsimi. İraq divanı” kitabları çap edilib. Sonuncu kitab Nəsiminin 650 illik yubileyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli sərəncamına əsasən hazırlanmış Tədbirlər planına uyğun olaraq nəşr edilib.

Bu yaxınlarda isə layihə çərçivəsində akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı Türkiyə türkcəsində oxuculara təqdim edilib. Kitabı Türkiyə türkcəsinə tanınmış yazar Yurtsevən Şən çevirib. “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” layihə üzrə Türkiyədə çap olunan sayca 43-cü kitabdır.

Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi əsasında ədəbiyyatımızın Türkiyə türkcəsinə uyğunlaşdırılaraq qardaş ölkədə çap olunması zəngin söz sənətimizin daha geniş oxucu auditoriyasına çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Layihə üzrə kitabların nəşri davam etdirilir.

 

Mədəniyyət.- 2019.- 27 sentyabr.- S.3.