Kitablarımız dünya
sərgilərində
Ölkəmiz hər il Mədəniyyət Nazirliyinin təşkilatçılığı və dəstəyi, müvafiq qurumların, nəşriyyatların iştirakı ilə müxtəlif beynəlxalq kitab sərgi-yarmarkalarında uğurla təmsil olunur. Çap məhsullarımız həm mütəxəssislər, həm də sadə kitabsevərlər tərəfindən maraqla qarşılanır.
Dövlət səviyyəsində bu işə diqqət göstərilməsi, nəşriyyat sahəsində çalışanların fədakar əməyi, naşirlərin təşəbbüsü, əlaqələrin genişləndirilməsi maraqlı nəşr layihələrinin reallaşmasına imkan verib. Bunun nəticəsidir ki, milli nəşr məhsullarımız xarici ölkələrdə təkcə nümayiş olunmur, həmçinin poliqrafik göstəricilərinə görə dəfələrlə müsabiqələrin qalibi olur. Azərbaycan kitabları ənənəvi olaraq MDB ölkələri arasında keçirilən “Kitab sənəti” müsabiqəsində mükafatlar qazanır. Təkcə 2017-ci ildə kitablarımız 11 nominasiya üzrə mükafata layiq görülmüşdü. Bu il isə Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının nəfis tərtibatlı nəşri (“Şərq-Qərb” nəşriyyatı) müsabiqənin baş mükafatına (Qran-pri) layiq görülüb. Həmçinin ayrı-ayrı nəşrlər müvafiq nominasiyalarda mükafatlandırılıb.
2017-2019-cu illər ərzində nazirliyin iştirakı ilə ölkəmiz XXV Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında, Turin Beynəlxalq Kitab Sərgisində (İtaliya), 31-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında, Frankfurt Beynəlxalq Kitab Sərgisində (Almaniya) təmsil olunub. 36-cı İstanbul Beynəlxalq Kitab Sərgisində (2017) Azərbaycan poeziyasının parlaq nümayəndəsi, görkəmli söz ustadı Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş mərasimdə nazirlik tərəfindən nəşr olunmuş “Molla Pənah Vaqif”, Azərbaycan Milli Kitabxanasının hazırladığı “Molla Pənah Vaqif. Biblioqrafiya” və TÜRKSOY-un 12 dildə çap etdirdiyi “Dünya dillərində Molla Pənah Vaqif şeirləri” kitabları maraqla qarşılanıb. 2018-ci ildə Frankfurt yarmarkasında Azərbaycan Xalq Cümhuriyyətinin və böyük bəstəkar Qara Qarayevin 100 illik yubileyləri ilə bağlı mərasim, eləcə də müvafiq nəşrlərin təqdimatı keçirilib.
2019-cu ilin aprelində Qazaxıstanın paytaxtı Nur-Sultanda IV Avrasiya Beynəlxalq Kitab Sərgisində Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə qurulan stenddə müxtəlif mövzularda kitablar, bədii ədəbiyyat nümunələri, o cümlədən bu il 650 illiyi qeyd edilən İmadəddin Nəsiminin “Seçilmiş əsərləri” yer almışdı. Bu yaxınlarda Moskvada keçirilən 32-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkasında isə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan stendində 200 adda, 400 nüsxədən çox kitab nümayiş olunub. Mədəniyyət Nazirliyi ilə yanaşı, “Azərnəşr” və “Şərq-Qərb” nəşriyyatları, “Azərkitab” kitab ticarəti mərkəzi də sərgidə iştirak edib.
Ölkəmizin beynəlxalq sərgilərdə iştirak təcrübəsi ildən-ilə artır, stendlərimizdə ilbəil daha zəngin çeşiddə nəşrlər nümayiş etdirilir. Azərbaycan kitab sənətinin inkişafı, əsrlərdən bəri formalaşmış zəngin ənənələr layiqincə təqdim edilir. Beynəlxalq sərgi-yarmarkalarda iştirak müxtəlif xalqların ölkəmizin mədəniyyəti, tarixi ilə tanışlığına rəvac verir. Təqdim olunan nəşrlər tarixi-mədəni irsimizlə yanaşı, ölkəmizin müasir inkişafına da güzgü tutur.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 27
sentyabr.- S.3.