Dahi şairin söz sehrində
Sentyabrın 28-dən oktyabrın 1-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək 2-ci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalının proqramında ümumilikdə 30-dək tədbir yer alıb.
Budəfəki festivalda bir sıra yeniliklər olacaq. Beynəlxalq miqyasda tanınmış
nəsimişünaslar, şairlər,
alimlər və filosoflar mühazirələrlə
çıxış edəcəklər.
Rusiyalı psixoloq
Aleksey Sıtnikov, ABŞ-dan
tədqiqatçı Alan Qodlas,
italiyalı şair
David Rondoni, Böyük
Britaniyada yaşayan Azərbaycan əsilli filosof və rəssam Zeyqəm Əzizov mühazirələrində
Nəsimi fəlsəfəsi
ilə keçmişə
və müasir dövrə aid müxtəlif
nəzəriyyə və
konsepsiyalar arasında
paralellər aparacaqlar.
Nəsiminin seçilmiş qəzəlinə
bir sıra tədqiqatçı və
şeir bilicisi öz şərhini verəcək, həmin təfsirlərin müzakirəsi
olacaq. “Mən
ki dərvişəm,
fəqirəm, padişahi-aləməm”
qəzəlinə Azərbaycan,
Rusiya, İran, Türkiyə və Misirdən 10-dan çox müəllif öz təhlillərini təqdim
edəcək.
Festival çərçivəsində,
həmçinin almaniyalı
alim, tanınmış
nəsimişünas Mixael
Hess və Böyük
Britaniyada tədqiqatçı
soydaşımız Orxan
Mirqasımovun Nəsimi
və hürufilik haqda kitabları təqdim ediləcək.
Festival çərçivəsində
Şamaxıda XV əsrə
aid “Şamaxı antologiyası”
əlyazmasına (1468, Britaniya
Muzeyi, London) həsr olunan sərgi açılacaq. Şeir məcmusu Azərbaycan miniatür sənətinin
ən gözəl incilərindəndir. Əlyazmadakı miniatürlər sərgidə
müxtəlif üsul
və texnikalarla təqdim olunacaq.
Həmçinin Mədəniyyət Nazirliyinin
“Söz” layihəsinin
gənc şairlər
arasında elan etdiyi Nəsimi ruhunda, yaxud bilavasitə onun şeirlərinə nəzirə
olan ən yaxşı poetik əsər müsabiqəsinin
nəticələri açıqlanacaq.
Mədəniyyət.- 2019.- 27
sentyabr.- S.1-2.