Üzeyir festivalının kitab səhifəsi

 

 

 

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı rəngarəng konsert proqramları ilə davam edir. Festivalın zəngin musiqi gündəliyində kitaba da yer ayrılıb.

Festival çərçivəsində Bəstəkarlar İttifaqında musiqişünas-alim, Əməkdar elm xadimi, akademik Zemfira Səfərovanın layihəsi və elmi redaktorluğu ilə hazırlanan “Azərbaycan musiqi tarixi” (IV cild) kitabının təqdimatı keçirildi.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birgə təşkil olunan tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq kitabın əhəmiyyətindən danışdı.

Bildirildi ki, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun bir qrup əməkdaşının birgə əməyinin bəhrəsi olan kitabda ötən əsrin 50-60-cı illərindən sonra formalaşan bəstəkarlarımızın yaradıcılığının və bu dövrün musiqi həyatının ümumi mənzərəsi, mövcud janrların təhlili və inkişaf təmayülləri yer alıb. “Gərgin zəhmətin bəhrəsi olan bu cilddə 40 bəstəkarın həyatı və əsərləri haqqında dolğun məlumat verilib. Biz burada musiqi tariximizi izləyə bilirik. Zemfira xanımın rəhbərlik etdiyi alimlər kollektivi musiqi tariximizi işıqlandıran qiymətli tədqiqat əsərləri ortaya qoyur”.

Firəngiz Əlizadə onu da diqqətə çatdırdı ki, Qara Qarayev, Cövdət Hacıyev və başqa görkəmli sənətkarların sinfində təhsil almış bu bəstəkarların yaradıcılığında opera, balet, simfoniya, kantata-oratoriya, vokal-instrumental və digər janrların inkişafı ilə bərabər yeni janr və formaların yaranması qeyd olunub. Mövzularla bağlı fotolar, not nümunələri, Azərbaycan və xarici dillərdə ədəbiyyat təqdim verilib.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli ölkəmizdə elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan danışdı, təqdim olunan kitabı musiqişünaslıq elminə böyük töhfə kimi qiymətləndirdi.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadə qeyd etdi ki, dördcildlik tədqiqat işi musiqi mədəniyyəti tariximizin öyrənilməsində böyük əhəmiyyət daşıyır. Kollektiv böyük məsuliyyət tələb edən bu işin öhdəsindən layiqincə gəlib.

Tədbirdə daha sonra əməkdar incəsənət xadimləri - sənətşünaslıq elmləri doktoru, professor Tariyel Məmmədov, Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, sənətşünaslıq elmləri doktoru, professor İmruz Əfəndiyeva, professor Həcər Babayeva, sənətşünasıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və Bakı Musiqi Kollecinin müəllimi Raya Abbasova çıxış edərək kitab barədə fikirlərini bölüşdülər.

Çıxışlardan sonra musiqi nömrələri təqdim edildi. Sonda kitabın elmi redaktoru, akademik Zemfira Səfərova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 27 sentyabr.- S.1-2.