Yeni nəşrlər – nəsillər arasında mənəvi körpülər

 

 

 

Hər il Mədəniyyət Nazirliyinin dəstəyi ilə mədəniyyət və ədəbiyyatımızla əlaqədar müxtəlif mövzularda kitablar nəşr olunur. Bu nəşrlər mövzu və ideyası ilə yanaşı, tərtibatı, poliqrafik göstəriciləri ilə də ən müasir tələblərə cavab verir. Bunu son iki il ərzində işıq üzü görən çoxsaylı nəşrlərin timsalında da aydın görmək mümkündür.

Mədəniyyət Nazirliyinin sifarişi ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmaləxanım Əsədullayevanın müəllifi olduğu, ümummilli liderin dövlətçilik və mədəniyyət sahəsinin inkişafına göstərdiyi misilsiz qayğını əks etdirən “Heydər Əliyev haqqında oda” kitabı son illərin ən gözəl nəşr örnəklərindəndir.

Nazirliyin dəstəyi ilə Hüseyn Cavidin “Pyeslər”, Teymur Elçinin “Balaca Günayın kitabı”, Lətifəxanım Əliyevanın “Muğamın meracı”, Araz Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası. Məqalələr”, Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami”, Zemfira Qafarovanın “Üzeyir Hacıbəylinin “Koroğlu”su”, “Bakıxanovlar şöhrət zirvəsində” və s. kitablar çap edilərək nazirliyin tabeliyində olan kitabxanalara və müvafiq qurumlara paylanılıb.

Kitabxana fondlarının uşaq ədəbiyyatı ilə zənginləşdirilməsi məqsədilə nazirliyin “Bərpanəşr” layihəsi çərçivəsində kitabxanalarda bir nüsxə qalmış nadir uşaq ədəbiyyatı nümunələrinin nəşri davam etdirilir. Layihə üzrə onlarla kitab nəşr edilərək balaca oxucuların ixtiyarına verilib.

Yeni nəşrlər sırasında tanınmış elm və mədəniyyət xadimlərinin biblioqrafiyalarını ayrıca qeyd edə bilərik. Bu silsilədən XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, istedadlı ədib, görkəmli ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyi münasibətilə Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən nəşr olunmuş “Zərifə Əliyeva. Biblioqrafiya”, “Mir Cəlal. Biblioqrafiya” kitablarını, habelə Azərbaycan, rus və ingilis dillərində çap olunmuş “Ramiz Mehdiyev. Biblioqrafiya”, Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilmiş “Mikayıl Müşfiq. Biblioqrafiya” kitabları təqdirəlayiq nəşrlərdir. Akademik Nizami Cəfərovun “Mir Cəlalın milli idealları” kitabı görkəmli ədibin yaradıcılığının ideyalar aləminə işıq salmaq baxımından əhəmiyyətli nəşrdir. Mədəniyyət Nazirliyi tərəfindən zəngin musiqi mədəniyyətimizin müxtəlif istiqamətlərinin tədqiqinə həsr olunmuş nəşrlərə xüsusi diqqət yetirilir. Bu baxımdan N.Mehdiyevanın “Qara Qarayevin kino musiqisi” (rus dilində), M.Abdullayevanın “Qara Qarayevin kamera instrumental yaradıcılığında polifonik formalar”, “Xəzər balladası” – 50. Fransada Azərbaycan baleti günləri”, Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları”, N.Dadaşovanın “Yeddi gözəl baleti – səhnə həyatının tarixi” (rus dilində) kimi kitabları qeyd etmək olar. Bundan əlavə, Almaniyada “Qara Qarayev. Seçilmiş fortepiano əsərləri” kitabı çap olunub. Kitaba həmçinin Əməkdar artist Elnarə İsmayılovanın ifasında dahi bəstəkarın fortepiano əsərlərindən ibarət audiodisk də daxil edilib.

Nazirliyin tədbirlər planına əsasən, böyük şair və ictimai xadim Molla Pənah Vaqifin 300 illik yubileyi ilə bağlı akademik N.Cəfərovun “Molla Pənah Vaqif” monoqrafiyası işıq üzü görüb. Yeni nəşr ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Eləcə də V.Babanlının “Əsərləri” (2 cilddə), Anarın “Söz dünyası”, N.Şəmsizadənin “İdrakın üfüqləri” kimi kitabların da nəşrinə dəstək göstərilib.

Bundan əlavə, nazirliyin dəstəyi ilə işıq üzü görən Rafiq Hacıyevin görkəmli tarzən Əhsən Dadaşovun həyat və yaradıcılığından bəhs edən “Əhsən sənə, Əhsən!”, İsmayıl Şıxlının “Ölən dünyam” (rus dilində), Səməd Mənsurun “Şeirlər, felyetonlar, pyeslər”, Məhərrəm Qasımlının “Azərbaycan aşıq ədəbiyyatı”, Məmmədağa Umudovun “Azərbaycanda kitab mədəniyyəti”, Sahib Sultanovun “Xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət köçürmələr” və s. nəşrlər mədəniyyət və ədəbiyyat salnaməmizin təbliğinə dəyərli töhfələrdir.

İşıq üzü görən kitablar ölkəmizin kitabxanalarına, eləcə də nazirliyin digər tabe müəssisələrinə paylanılır. Həmçinin bir sıra yeni nəşrlər ölkəmizdə və xaricdə müxtəlif sərgilərdə nümayiş olunur, ziyarətçilər tərəfindən maraqla qarşılanır.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 27 sentyabr.- S.4.