DAŞIYICI

 

 

Bu əbədiyyət “lokomotivinin yükü – çəkidə yüpyüngül, vəzndə apağır…

 

Hədəfdə daş-qaş, nəsil-şəcəriyyət yox, daha qiymətli (biznesiyyət nəfsindən iraq – qiymətsiz!) nəsnədir. Hərçənd, bu nemətin yaradıcı ortaqlarından biri bütün bəşər üzvlərinə bu “əşya”dan “...daha ucuz başa gələn və uzun sürən əyləncə tapa bilmək  fikrindəsinizsə, girli məbləğ və sonsuz vaxt itkisilə axtarışa çıxın” deyib...

Bu qlobal obraza dair bəndənizin də təklifi var; oxucularımız arasında atəşin “şou aşiqləri” varsa (“yutubxanalarda Mehdizadə Üzeyirin “diringi”lərinə  Hacıbəyli Üzeyirin şedevrlərindən qat-qat çox baxış-izləmə “səviyyə”miz bu ehtimalı doğrultmada), elə bu andanca bu yazının mütaliəçiləri sırasından çıxsınlar... 

Bu kimi fərq-nisbətlərin özləri də “bir kitablıq məsələ”lər sırasındadır, lakin cari umurumuzda – dünyanın bütün lokal-qlobal (maddi-mənəvi-mədəni-ruhi) məsələ-mətləblərinin ən əsas çözüm-açılım-yayım qaynağı olan

 

KİTABın özü!...

 

Sözümə ki bu maddi-mənəvi nemətin ümumbəşəri olmaqlığıyla ayaq verdim, fikrimin davamına da dünyəvi imzaları dayaq edim.

Vurğulayım ki, onlardan birinin bir qənaəti tək elə KİTAB fenomeninin tərifinə yox, öz nəflərinə də işləyir: “Kitablar sayəsində dünyadan köçmüş bütün dahilərlə görüşmək mümkün...”.

Deyək ki, sanballı kitabları “hər müəllifin bəşəriyyətə hədiyyəsi”, “təfəkkürün yorulmayan qanadları”, “bizi bütün keçmişlərin mədəni-mənəvi varisi edən”, “zamanın dalğaları üzərində səyahət edərək öz qiymətli yükünü nəsillərdən-nəsillərə daşıyan fikir gəmiləri” kimi idillik fikirlərlə qiymətləndirənlər də olub, direktiv, reaktiv, sportiv, sentimental, spontal, eqoistik səpkilərdə qutlayanlar da. Məsələn, “Kitabxanalaröz ərazilərinin mini-universitetləridir”, “Qanunlarvaxtsa ölür, kitablarsa heç vaxt!”, “Evindəki kitablarını göstər, uşaqlarının nə ruhda böyüdüklərini deyim”, “İdmanın bədənə göstərdiyi təsiri kitab beyinə göstərir”, “Ən yaxşı kitablar – ən təmiz qan və ən duru göz yaşları ilə yazılır”, “Kitabın olum taleyini müəllif yaradır, ölüm taleyini cəmiyyət”, “Kitabın unutdura bilmədiyi qəm-qüssə ölümə aparar”, “Görsəniz ki dost-yoldaş qalmayıb, yeni kitablarla tanış olun”, “Kitablarım mənimçün kifayət qədər böyükqalib krallıqdır”, “Kitab da müəllimdir – intəhası çubuqsuz...” və sair.

Bəzi filosoflarsa, bu ümumbəşəri hikmət brendini poliqrafik, fizionomik, “kriminalistik”, hətta “qastronomik” aspektdə də “obraz”laşdırıblar: “Bir insana məxsus bir fikir kitabların köməyilə milyonlaşar”, “Nə qədər çox kitab oxusan, başqalarına o qədər az oxşayarsan”, “Kitabı “bir müddətə” istəyən ən etibarlı adamlara da verməyin; onlardan biri də mənəm ki, kitabxanamın yarıya qədəri kimlərdənsə alıb qaytarmadıqlarımdan ibarətdir”, “Bəzi kitabları dadmaq, bəzilərini udmaq olar, amma çox az kitab var ki, onları yaxşı-yaxşı çeynəmək və həzm etmək lazımdır”...

Əcnəbilərin bu möhtəşəm “kitabologiya”ları ardınca, bəndənizdən (ulu və həmişəolu Mirzə Cəlilin “Bizöz dağarcığımızı çəkək çuvallar cərgəsinə” təvazösünə istinad-iqtibasən) bir sürə –

 

“Broşür”ləmə

 

Sözümə bəlli bir faktdan başlayım ki, milli istiqlalımızın bərpasından bəri ölkəmizdə çap olunan kitablar tək elə məzmunca yox, forma-estetikaca da yaxşılaşmada, özəl-özgürləşmədə, sayları ilə sanbalları bərabərləşmədə. Bu isə ötənlərdə dünyaya yalnız “zəhmətkeş” etiketilə təqdim edilən bu xalqın “oxuyan xalq” imicilə də tanınması deməkdir. Bu məqam ilk yarımbaşlıqda sadaladığım müdrik deyimlərdən daha bir nümunə: “Vəhşi xalqlardan savayı, bütün ölkələr öz kitabları ilə idarə olunur”. 

Hə, mədəni-irfani yaranışın ilki hesab edilən SÖZ ləlinin işlənmə-tədavül “bazar”ı dil-ağız, saxlanc-xəzinəsi – KİTABiyyat...

Bu məcazi xəzinə müstəqim xəzinələrə bənzəməz! Qədimlərdən indilərə çox daş-qaş xəzinələri talanıb, ancaq onlardan yaddaşlarda qalanı, milyonlarla yeni nəsilləri yandırıb-yaxanı hanı?! Ziyankarlıq qəsdilə yandırılan, yararlanmaqçün yağmalanan kitabxanalarsa bəşəriyyətin aqil qisminin əbədi əqli göynəyi, bu barbarlıq görkünə bəsirət eynəyi, bu nadanlıq əleyhinə – mədəniyyət sırğası...

Bu ali maddi-mənəvi Obrazla bağlı öz milli-mentallığımızdan da bir mini-“fəsil”.

Ötən əsrin sonlarında ədəbi cameəmizdə belə bir replika dolaşırdı: “İndi heç kim heç kimin kitabını oxumur”... 

Bəli, bu sayaq əndişələnmə ancaq qiymətli nəsnələrlə bağlı ola bilər. Yəni, elə bir dövri-böhran da yarana bilərmi ki, “heç kim heç kimin geyim-keçiminə baxmır”, “heç kəs heç kəsin var-dövlətinə həsəd aparmır” (və s.) kimi ictimai-toplumi deyilər də formalaşsın?

Hələ bu ali nəsnənin törə-törənlərimizin ulu müdriki, milli-mənəvi məclisimizin  “yuxarı baş” ağsaqqalının adını bəlləməsi: “KİTABi-Dədə Qorqud”!... 

Bu əbədi idrak-hikmət-tarixnaməlik əyarı hətta bizim bir ədəbi qəhrəmanımızın (qocaman aşiqlər başqanı Məşədi İbadın) da dadına yetib: “Mən “Tarixi-Nadiri yarısınacan oxumuşam, sənin dediklərindən bir şey qana bilmirəm, bəs bu bisavadlar hardan başa düşsünlər?!”.

Bu bənzərsiz nemətin təşbehliliyi (“əsrlərin daş kitabələri”), “and yeriliyi (bu kitab haqqı!), “tapmaca”lığı (İçi dolu badamla, hey danışar adamla) və sair məziyyətləri haqda da danışsaq, bu yazı köşəvarilikdən haşavariliyə uğraya bilər...

 

Tahir ABBASLI

 

Mədəniyyət.- 2019.-27 sentyabr.- S.5.