Kitablar səssiz müəllimlərdir

 

 

 

Kitablar səssiz müəllimlərdir, öyrədəndir. Yetişən nəsli kitabla bəsləməyən cəmiyyət önünü görməkdən məhrumdur. Kitab oxumaq uşaqlıqdan insana alicənablığı, səbri, təmkini, nəzakətli davranışı, zəngin dünyagörüşü, kamilliyi, gözəl xəyal qurmağı öyrədir. Kitab oxuyan insanlar ruh düşkünlüyünə gec-gec məruz qalırlar, ayaqlarını yerə sağlam basır, güclü olurlar. Bir naşir kimi insanlara kitabla daha çox qidalanmağı məsləhət görərdim.

Bu sözləri “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarov bildirib. Onun fikrincə, cəmiyyətdə ən müqəddəs işi nəşriyyatlar, kitab evləri görür, çünki kitab nəşr edirlər. Elə bir kitab yoxdur ki, oxuyasanheç nə öyrənməyəsən. Hər kitab nəyisə öyrədir, beyni, ruhu bəsləyir.

Əlövsət Ağalarov qeyd edir ki, bu gün ölkəmizdə çap olunan kitabların təbliği və oxucuya çatdırılması istiqamətində dövlətin həyata keçirdiyi əhəmiyyətli tədbirlərdən biri Bakıda beynəlxalq kitab sərgisinin təşkilidir:Kitab xəzinə, bilik, informasiya mənbəyi olmaqla bərabər, eyni zamanda əmtəədir, bazara çıxarılan məhsuldur, biznes sahəsidir. Hər naşir istəyər ki, əmtəəsi həm məzmun, həm keyfiyyət, həm də tərtibat baxımından yüksək səviyyədə olsun ki, məhsulunu sata bilsin, qazancı olsun. Belə olanda nəşriyyatların işə ciddiyyəti artır və rəqabət yaranır. Rəqabət olan yerdə də mütləq keyfiyyət var, sağlam məhsul varqazanc var.

2017-ci ildə V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında “Azərnəşr” tərəfindən çap olunan qondarma “erməni soyqırımı”nı fakt-sübutlarla ifşa edən 17 adda kitabın “Ən yaxşı kitab nominasiyası”nın qalibi olduğunu xatırladan Ə.Ağalarov bu il də sərgidə yüksək keyfiyyətli kitablarla təmsil olunacaqlarını deyir: “Bu sərgilərin əhəmiyyəti təkcə kitab nümayişikitab satışı ilə məhdudlaşmır, nəşriyyatlar, kitab evləri arasında beynəlxalq əməkdaşlığa geniş üfüqlər açır, faydalı təcrübə mübadiləsinə rəvac verir. Bu sərgilərin təşkilindən hər kəs - həm ziyarətçilər və oxucular, həm alimlər və ziyalılar, həm də kitabxanalar və nəşriyyatlar qazanırlar”.

“Azərnəşr”in baş redaktoru oxucular, o cümlədən gənclərə xitabən ürək sözlərini də dilə gətirib: “Bir fikirdə deyilir ki, unudulmaq istəmirsənsə, ya oxumağa dəyər əsər yaz, ya da yazılmağa dəyər işlər gör. Siz gənclərin, yeniyetmələrin bu yaşınızda görə biləcəyiniz ən dəyərli kitab oxumaqdır, öyrənməkdir. Oxuyun, özünüzü tanıyın. Sevindirici haldır ki, son zamanlar kitab oxumaq bir xeyli populyarlaşıb. Ancaq bu, kütləviləşsə daha yaxşı olar. Bunun üçün nəşriyyatlar daha çox çalışmalıdır ki, cəmiyyətə yüksək keyfiyyətli kitablar təqdim etsin.

Sentyabrın 27-dən 29-dək hamınızı yarmarkaya səsləyirəm. Çox istərdim ki, valideynlər uşaqlarını da yarmarkaya gətirsinlər. Bu gün ölkəmizdə yüksək keyfiyyətli uşaq kitabları çap olunur. O kitablardan uşaqlarınıza alın və onlara oxumaq vərdişi öyrədin. Kitabdan ayrılmayın, oxuyun ki, Azərbaycan kitabının nüfuzu artsın”.

 

Mədəniyyət.- 2019.-27 sentyabr.- S.5.