Sərgi-yarmarkada Nəsiminin 30-dan çox əlyazması nümayiş olunacaq

 

 

 

Azərbaycan Milli Kitabxanası da, əvvəlki sərgilərdə olduğu kimi, bu dəfə də yarmarkanın işinə öz töhfəsini verəcək.

Kitabxananın direktoru, professor Kərim Tahirov sərgi-yarmarka çərçivəsində insanların kitaba bir addım da yaxınlaşdığını, kitabsevərlərə böyük bayram sevinci yaşatdığını deyir. Bildirir ki, müxtəlif ölkələrdən gələn nəşriyyatlar Azərbaycanın kitab mədəniyyəti ilə tanış olmaq imkanı qazanırlar. Bütün bunlar kitabın tanıdılması və oxuculara daha da yaxınlaşmasına xidmət edir.

Onun sözlərinə görə, Bakıda keçirilən beynəlxalq kitab sərgiləri Azərbaycan Milli Kitabxanası ilə xarici ölkələrin milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişlənməsinə də zəmin yaradır. Xarici ölkələrin milli kitabxana direktorları ilə görüşlər keçirilir, ikitərəfli və çoxtərəfli layihələr müzakirə olunur, təcrübə mübadiləsi həyata keçirilir.

Kərim Tahirov bildirir ki, Bakıda keçirilən beynəlxalq kitab sərgilərində xarici ölkələrin milli kitabxanaları xalqlarının mədəniyyətini, incəsənətini, ədəbiyyatını, tarixiniictimai həyatını əks etdirən hər biri 50-100 nüsxə kitabdan ibarət ekspozisiyalarla iştirak edirlər: “Sərgidə iştirakın şərtlərinə görə, həmin kitabxanalar tədbir başa çatdıqdan sonra nümayiş etdirdikləri bütün kitabları Azərbaycan Milli Kitabxanasına hədiyyə edirlər. Bundan da, təbii ki, Azərbaycan oxucusu qazanır, kitabxanamızın fondu zənginləşir. Bu il xarici ölkələrin milli kitabxanalarının ekspozisiyaları kitabxanamızda yeni yaradılan Beynəlxalq əməkdaşlıq zalında açılacaq”.

Direktor sərgi-yarmarkanın daha bir əhəmiyyətli tərəfinin iştirakçı milli kitabxanaların öz fondlarında mühafizə olunan ölkəmizə dair qiymətli materialların surətlərini və yaxud elektron versiyalarını da Azərbaycana hədiyyə etməsi olduğunu deyir: “2013-cü ildə keçirilən üçüncü sərgidə Sankt-Peterburqdakı Prezident Kitabxanası öz fondunda mühafizə olunan çar Rusiyası Dəftərxanası Arxivində Azərbaycana dair qiymətli arxiv materiallarının tam komplektinin elektron versiyasını Azərbaycan Milli Kitabxanasına hədiyyə etdi. Həmin il Çexiya Milli Kitabxanasının direktoru həmin kitabxananın fondunda saxlanılan Nizami Gəncəvinin və Məhəmməd Füzulinin AMEA-nın Əlyazmalar İnstitutunun fondunda olmayan əlyazmalarının faksimilesini bizim kitabxanaya bağışladı.

Bu siyahıya onlarla belə nümunə daxildir. Bu il isə cənab Prezidentin sərəncamı ilə “Nəsimi ilielan olunduğunu nəzərə alaraq sərgiyə və konfransa gələn ölkələrdən onların kitabxanalarında mühafizə olunan Nəsimi əlyazmalarının surətlərinin və elektron variantlarının Milli Kitabxanamıza hədiyyə olaraq gətirmələrini xahiş etmişik.

Bu sərgi çərçivəsində 30-dan artıq Nəsimi əlyazmasının nümayiş olunmasını nəzərdə tuturuq”.

Kərim Tahirov əsas məqsədlərinin kitabı kütləviləşdirmək, nəşrlərin təbliğində innovasiyalardan istifadə ilə bundan hər kəsin yararlanmasını təmin etmək olduğunu bildirdi. Qeyd etdi ki, sərgi çərçivəsində Milli Kitabxanada rəngarəng tədbirlər keçiriləcək. 27-28 sentyabr tarixində “Kitabxanalar mobil informasiya mərkəzi kimimövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil ediləcək. Həmin tarixdə Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalının açılış mərasimi olacaq. Burada 13 ölkənin milli kitabxanasının ekspozisiyası qurulacaq. Bundan əlavə sərgi çərçivəsində sentyabrın 28-də TÜRKSOY-la birlikdə Başqırdıstanın (Rusiya) Xalq şairi Mustay Kərimin anadan olmasının 100 illiyinə həsr edilən konfransşairin bu təşkilat tərəfindən nəşr olunanMustay Kərimin əsərləri türk dillərində” kitabının təqdimat mərasimi reallaşacaq.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.-27 sentyabr.- S.5.