İşğal altındakı torpaqlarda məhv edilmiş kitab sərvətimiz

 

 

 

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində respublikamızın 20 faiz ərazisi ilə yanaşı, o torpaqlardakı mədəni irsimiztalan olunub. Dağlıq Qarabağonun ətrafında işğal edilmiş rayonlarda yüzlərlə mədəniyyət ocağı, o cümlədən kitabxanalar məhv edilib. İşğal altında qalan rayonlarda ümumilikdə 930-dək kitabxana müəssisəsi dağıdılaraq qarət edilib.

İşğaldan əvvəl Şuşa şəhərində 32 kitabxana fəaliyyət göstərib. Kitab fondunun sayı 200 min nüsxə olub. Laçın rayonunun işğalı nəticəsində isə 120-dən çox kitabxana məhv edilib. Bu kitabxanalarda 843 min nüsxə kitab olub. Kəlbəcər rayonunun işğalı nəticəsində 119 kitabxana talan edilib.

Ağdam rayonunda 107 kitabxana 970 min nüsxə kitab fondu ilə birlikdə tamamilə dağıdılıb. Cəbrayıl rayonunda 78, Füzuli rayonunda 90, Qubadlıda 85, Zəngilanda 70 kitabxana işğalın qurbanına çevrilib. Xocalı rayonu üzrə 69, Xocavənddə 82, Qazax rayonunun Ermənistanla həmsərhəd kəndlərində 8 kitabxana məhv edilib.

İşğal olunmuş ərazilərdə kitabxanalarda saxlanılan nadir kitab kolleksiyaları talan edilib. Şuşada ilk qiraətxananın yaradıcısı, görkəmli ensiklopedist alim Mir Möhsün Nəvvabın şəxsi kitabxanası, dahi bəstəkar Üzeyir Hacıbəylinin və vokal sənətimizin banisi Bülbülün ev-muzeylərində saxlanılan dəyərli kitablar da məhv edilib.

 

Mədəniyyət.- 2019.-27 sentyabr.- S.5.