Yarmarkada oxuculara hədiyyələrimiz də olacaq

 

 

 

“Hədəf nəşrləri”nin təsisçisi və direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq:

- Mütaliə mədəniyyətinin inkişafına çalışdığımız zamanda dövlətin belə bir addım atması çox təqdirəlayiqdir. Bunun üçün Mədəniyyət Nazirliyinə dərin təşəkkürümüzü bildiririk. Bundan öncə, 2017-ci ildə keçirilən sərgidə də müşahidə etmişdik ki, bu tədbir həm yerli nəşriyyatların bir-biri ilə, həm də xarici ölkələrin nəşriyyatları ilə təmas qurması üçün nə qədər gözəl bir fürsətdir.

“Hədəf nəşrləri” və “Xan” nəşriyyatı son illərdə daha məhsuldar fəaliyyət göstərir. Yerli yazarlarla yanaşı, xarici müəlliflərin də əsərlərini keyfiyyətli tərcümə ilə oxuculara təqdim edirik. Sərgidə “Milli ədəbiyyat”, “Çağdaş ədəbiyyat”, “Xatirə ədəbiyyatı”, “Tərcümə ədəbiyyatı”, “Fidan” və “İnci” silsiləsindən nəşrlərimizi – təxminən 350 adda kitabı oxuculara təqdim edəcəyik. İnanıram ki, kitablar oxucular tərəfindən çeşidinə, həm də poliqrafik keyfiyyətinə görə müsbət qarşılanacaq. “Hədəf nəşrləri”nin yaranmasının 10 illiyi münasibətilə bizi seçən oxuculara hədiyyələrimiz də olacaq. Eyni zamanda nəşriyyatımızla əməkdaşlıq edən yazıçıların imza saatlarını təşkil edəcəyik.

“Hədəf nəşrləri” və “Xan” nəşriyyatı mütəmadi olaraq beynəlxalq kitab sərgi-yarmarkalarda iştirak etməyə çalışır. Son illərdə Türkiyədə keçirilən bir neçə sərgidə, Qazaxıstanda, Almaniyanın Frankfurt və Dağıstanın (Rusiya Federasiyası) Mahaçqala şəhərlərində təşkil olunan sərgi-yarmarkalarda iştirak etmişik. Sərgi-yarmarkalar nəşriyyatlarla oxucular, oxucularla yazarlar arasında birbaşa ünsiyyət baxımından olduqca faydalı tədbirlərdir. Oxucular burada sevimli yazıçılarını, tərcüməçiləri şəxsən görərək öz suallarını ünvanlayırlar. Bu cür təmas ümumilikdə kitab və mütaliə mədəniyyətinin inkişafı üçün əhəmiyyətlidir. VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edən bütün nəşriyyatlara uğurlar arzulayıram.

 

Mədəniyyət.- 2019.-27 sentyabr.- S.6.