“Tarixlərin ən yaxşısı” dilimizə tərcümə olunub

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu XVI əsrin görkəmli Azərbaycan tarixçisi Həsən bəy Rumlunun fars dilində yazdığı “Əhsənüt-təvarix” (“Tarixlərin ən yaxşısı”) əsərinin Azərbaycan dilinə tərcüməsini başa çatdırıb və onun I cildini nəşrə hazırlayır.

Əsəri dilimizə institutun Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, professor Şahin Fazil çevirib. O, əsərin tam tərcüməsi və ona yazdığı geniş şərhlər üzərində 10 il işləyib. Əsər “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində nəşr olunacaq. Layihənin rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.

“Əhsənüt-təvarix”in dövrümüzə qədər gəlib çatmış iki cildində Azərbaycanın və ona qonşu olan ərazilərin XV-XVI əsrlər tarixindən bəhs edilir. Salnamədə Qaraqoyunlu-Ağqoyunlu, Ağqoyunlu-Səfəvi münasibətləri ətraflı işıqlandırılıb, Şirvan və Şəkinin tarixinə dair zəngin məlumat verilib. Həsən bəy Rumlu əsərdə dövlət quruluşu, iqtisadi vəziyyət, feodal münasibətləri, ordusiyasi tarix haqqında qiymətli məlumatlar verir. Onun qələmə aldığı bir sıra məsələlər dövrün başqa tarixçilərinin kitablarında ya tamamilə öz əksini tapmayıb, ya da çox ötəri qeyd edilib.

Salnamənin faydalı cəhətlərindən biri də Həsən bəy Rumlunun məşhur dövlət xadimləri, tarixçilər, şairlər, alimlər və başqa görkəmli şəxslər haqqında məlumat verməsidir. Əsərdə Azərbaycan şairlərindən İmadəddin Nəsimi, Cahanşah Həqiqi, Ziya Ordubadibaşqa görkəmli simalar barədə fikir söylənilib, onların yaradıcılıqlarından nümunələr gətirilib. “Əhsənüt-təvarix” özündən sonra yazılan bir sıra tarixi əsərlər üçün mühüm mənbə rolunu oynayıb.

Xatırladaq ki, Şahin Fazil bundan əvvəl Orta əsrlər müəllifləri İsgəndər bəy Münşi, Jozef TiflisiYan Tadeuş Kruşinskinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

 

 

Mədəniyyət.- 2019.-27 sentyabr.- S.7.