Minə yaxın şeiri əzbər bilən şair

 

 

Həsən bəy Zərdabi yazırdı: “Heç olmaz ki, doğru söz yerdə qalsın!”. Nə yaxşı ki, bu gün də Zərdabi yurdunda söz qədri bilinir, sözə dəyər verilir. Ən səmimi şeirlər dillər əzbəri olur.

Elə sadə insanlar da var ki, onlar şairlərimizin yaradıcılığından saatlarla əzbər şeirlər söyləyirlər. Mübariz Səfiyar oğlu Ömərov da belə insanlardandır.

Mübariz müəllim Zərdabi muzeyində çalışır, 60 ildən çox ömrünün böyük bir hissəsini yazmaq kimi gözəl bir məşğuliyyətlə keçirib. Orta məktəbdə oxuyanda qəzetlərə məqalələr yazıb. Özünün dediyinə görə, dərc olunan məqalələrinin sayı 1500-dən çoxdur.

Mübariz Səfiyaroğlu həm də şairdir, 500-dən çox şeirin müəllifidir. Onun başqa bir istedadı isə hər kəsi yaxşı mənada təəccübləndirir. Azərbaycanın məşhur şairlərinin şeirlərini (özünün dediyinə görə, əgər şeir ürəyinə yatırsa) bir dəfə oxumaqla yaddaşına həmişəlik həkk edir. Hazırda minə yaxın yaxşı şeirləri əzbər bilir.

M.Ömərov mütaliənin vurğunudur. Evində 500-dən çox şəxsi kitabı var. Həm də gözəl saz çalır, musiqiyə dəyər verir, ondan həzz alır. Bütün bu keyfiyyətlərin fonunda isə insanlara hörmət və sevgi dayanır.

 

Tərlan ABDULLAYEVA

“Əkinçi”nin müxbiri

 

Mədəniyyət.- 2019.-27 sentyabr.- S.7.