Kitab – hər zaman əlimiz çatan möcüzə

 

 

 

Zümrüd Dadaşzadə (musiqişünas, Əməkdar incəsənət xadimi)

Gözümü açandan evimizdə kitablar görmüşəm və onların arasında böyümüşəm. Kitab mənim üçün hər zaman əlim çatan möcüzədir. Həmişə çantamda kitab olur. Ömrümün ən çətin dəqiqələrində sevdiyim kitabları yenidən mütaliə edərək təskinlik tapmışam. Son illər çalışıram ki, ixtisasıma uyğun yeni nəşrləri nəzərdən qaçırmayım. Rus dilində, ingilis dilində musiqi tarixinə, xüsusən də məşğul olduğum avanqard musiqi nəzəriyyəsinə dair ən yeni kitabları xaricdən sifarişlə gətizdirirəm. XX-XXI əsr bəstəkarlarının yaradıcılığını və onlara aid nəşrləri izləyirəm. Xaricdə olarkən kitab sərgilərinə baş çəkməyi xoşlayıram. Bir dəfə yarmarkada ingilis dilində musiqiyə dair izahlı lüğəti tapanda elə sevinmişdim ki.

Hələlik oxuduğum son kitab avstriyalı psixoterapevt, filosof Viktor Franklın “Həyata “hə!” de” kitabıdır. Müəllif ruhun sabitliyinin insan üçün nə qədər vacib olduğunu anladır. Bu yaxınlarda görkəmli dirijor Rudolf Barşay haqqında kitabı həvəslə oxudum. Həmin kitabda onun Qara Qarayevlə bağlı xatirələr mənim üçün çox maraqlı idi.

 

Vaqif Əsədov (rejissor, Xalq artisti)

Hərdən düşünürəm ki, görəsən, kitab olmasaydı, həyat necə olardı. Bu gün dünyada informasiya bolluğudur, saytlar, televiziya, sosial şəbəkələr digərləri. Amma bütün internet məkanın bizə verdiyi məlumatların ömrü qısa olur. Kitabdan öyrəndiklərimiz isə əbədi olaraq beynimizə həkk olunur. Niyə belədir deyə fikirləşəndə isə bu qənaətə gəlirik ki, kitabla ünsiyyət zamanı biz, demək olar, əlavə təsirə məruz qalmırıq. Yəni kitabla maneəsiz ünsiyyətin təsir gücü daha qüvvətlidir.

Yadımdadır, əvvəllər bir az maliyyə cəhətdən imkanı olan adamlar bahalı, tapılmayan kitabları alıb evlərindəki rəfə düzərdilər. Bir neçə il əvvələ kimi ölkəmizdə kitaba olan maraq təəssüf doğururdu. Hazırda isə çox şadam ki, kitab mağazalarında, böyük ticarət mərkəzlərində kitab satılan guşələrdə alıcıların sayı çoxalır. Bu, əhəmiyyətli dəyişiklikdir. İstərdim ki, gənclər asudə vaxtlarını kitabla keçirsinlər.

 

Mənsum İbrahimov (xanəndə, Xalq artisti)

Kitab seçimi, mütaliə zövqü önəmli şərtdir. Kitab, ədəbiyyata sevgi fərdi baxış fərqli zövqü özündə ehtiva edir. Ölkəmizdə təşkil edilən kitab sərgi-yarmarkaları özəlliklə gənclərdə bu zövqü formalaşdırmaq baxımından önəmli işlərdir. Xüsusən bu yarmarkalarda nəşrlərin qiymətində endirimlər edilməsi əhəmiyyətlidir. Tələbələrimiz bu imkandan yararlanırlar.

Bu gün mənim həm bir pedaqoq kimi, təbii ki, mütaliəsiz günüm olmur. Həm elmi, həm  bədii ədəbiyyata mütəmadi müraciət edirəm dərs verdiyim tələbələrə daim kitabla dost olmağı məsləhət bilirəm.

Teatrlara, konsertlərə, sərgi salonlarına, qalereyalara getmək estetik zövqə dərəcədə təsir edirsə, kitab sərgiləri eyni dərəcədə təsir qüvvəsinə malikdir. İnanıram ki, ölkəmizdə növbəti dəfə təşkil olunan kitab bayramından həm paytaxt sakinləri, həm şəhərimizin qonaqları yetərincə yararlanmaq imkanı qazanacaqlar. Sərgi-yarmarkanın təşkilatçılarına iştirakçılarına uğurlar arzulayıram.

 

Firudin Məhərrəmov (rejissor, Xalq artisti)

Kitab sərgi-yarmarkaları mütaliəyə kütləvi marağı artırmaq üçün ən yaxşı addımdır. Belə tədbirlərdə hər zaman imkan tapıb iştirak etməyə çalışıram. Çünki kitaba bağlı adamam. Bu təkcə məşğul olduğum işlə əlaqəli deyil. Mütaliədən aldığım zövqü heç əvəz edə bilmir. Elektron nəşrlərdən çox ənənəvi, çap kitablarına bağlıyam. O vərəqlərə hopan hərarəti hiss edə bilirəm. İstərdim ki, bu hissi hər kəs yaşasın, zövq alsın. İşimə uyğun olaraq dramaturji materialları, demək olar ki, hər gün oxuyur özüm üçün müqayisələr aparıram.

Kitab satışı, kitabı hədiyyə kimi vermək onun təbliğatı üçün ən yaxşı çağırışdır. İstərdim ki, insanlar filmlərə, tamaşalara olduğu kimi, bədii ədəbiyyata da daha çox meyil eləsinlər.

 

Gülzar Qurbanova (aktrisa, Əməkdar artist)

Kitab ən yaxın sadiq dostumdur. Çünki yaxşı kitablar səninlə danışır. Əhvalımın hansı nota köklənməsindən asılı olmayaraq, kitabla ünsiyyətim dayanmır. Son vaxtlar böyük romanlardan çox hekayə poeziya nümunələri oxuyuram. Həyatın maddiyyatdan ibarət olmadığını dərk etmək, başqalarının həyatına, daxili dünyasına  varmaq qayıdıb özünə yenidən baxmaq üçün doğru seçilmiş kitabın böyük rolu var. Təbii ki, hər həvalə olunan obraz üzərində işləyərkən ona uyğun olan əsərləri oxuyur, rolumu hərtərəfli zənginləşdirməyə çalışıram.

Paytaxtımızda artıq ənənə halını almış kitab sərgi-yarmarkasının təşkil olunmasını çox təqdir edirəm. Bu həm yazarlar, həm kitab nəşri ilə məşğul olanlar, həm ən çox oxucular üçün bir bayramdır.

 

Məlahət Fərəcova (tarixçi, UNESCO-nun eksperti)

Son illər əsasən öz ixtisasıma uyğun yeni ədəbiyyatla maraqlanır əldə etməyə çalışıram. Lazım olan kitabları tapıb internet vasitəsilə sifariş edirəm. Son aldığım belə kitablardan biri arxeoloji landşafta aid ingilis dilində izahlı lüğətdir. Məşhur alimlərin arxeologiyaya, incəsənət tarixinə dair kitablarını elektron variantda da əldə etmək mümkündür.

Mədəniyyət və İncəsənət Universitetində dərs dediyim üçün dünya incəsənət tarixinə və sənət nəzəriyyələrinə dair kitablara nə qədər ehtiyac duyulduğunu bilirəm. İstərdim ki, kitab yarmarkalarında bu sahəyə aid kitablar da nümayiş olunsun. Həmin sahələrlə maraqlanan insanları nəzərə alaraq onların ana dilimizdə elektron variantını da hazırlamaq olar.

 

Mədəniyyət.- 2019.-27 sentyabr.- S.6.