Türkiyə kitabxanaları ilə əməkdaşlıq

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) əməkdaşlarının Türkiyə səfərinin nəticələri ilə bağlı təqdimat keçirilib.

Təqdimatda MEK əməkdaşlarının olduqları Ankara İldırım Bəyazid Universiteti Kitabxanasına, Türkiyə Böyük Millət Məclisi (TBMM) Kitabxanası və Arxivinə, Türk Dil Qurumu Kitabxanasına və Ankara Milli Kitabxanası haqqında ətraflı məlumat verilib.

MEK və Ankara İldırım Bəyazid Universiteti Kitabxanası arasında imzalanmış əməkdaşlıq memorandumunda kitabxana prosеslərinin avtomatlaşdırılması, e-kataloqların və e-bazaların mübadiləsi, nadir kitablar da daxil olmaqla sənədlərin mühafizəsi, virtual sərgilərin təşkilinə dair təcrübə mübadiləsi, vahid kataloqlaşdırma qaydalarının formalaşdırılması və digər məsələlər əksini tapıb.

Bundan əlavə, Türkiyə Böyük Millət Məclisi Kitabxanası ilə MEK arasında sənəd mübadiləsi məqsədilə razılaşma əldə olunub.

Səfərlər zamanı sözügedən kitabxanaların hər birinə MEK-in təcrübəsi barədə məlumat verilib, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən nəfis tərtibatlı kitablar hədiyyə olunub.

 

Mədəniyyət.- 2019.- 5 yanvar.- S.2.