Milli KonservatoriyadaArzu” gecəsi...

 

 

Azərbaycan Milli Konservatoriyasında tanınmış operavokal sənətçisi, Əməkdar artist Zemfira İsmayılovanın “Arzu” adlı solo konserti keçirilib.

Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi tədbirdə çıxış edərək bildirib ki, Zemfira İsmayılovanın ifaları indiyə qədər dünyanın bir çox konsert salonlarını bəzəyib. Akademik OperaBalet Teatrının səhnəsində Avropa və Azərbaycan bəstəkarlarının məşhur əsərlərində baş rolların ifaçısı kimi tanınan sənətçi hazırda Milli Konservatoriyada gənc musiqiçilərə vokal sənətinin sirlərini öyrədir.

Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il ərəfəsində konsert salonunda öz pərəstişkarlarını bir araya gətirən Zemfira İsmayılova italyan bəstəkarlarının əsərlərindən parçaları, eləcə də Azərbaycan bəstəkarları Fikrət Əmirov, Vasif Adıgözəlov, Tofiq Quliyev, Zakir Bağırovun əsərlərini, həmçinin xalq mahnılarını böyük məharətlə ifa edib. Sənətçi repertuarına yeni əlavə etdiyiGirdim yarın bağçasına”, “Qərənfil”, “Mən səni araram”, “Azərbaycan elləri” mahnılarını da səsləndirib.

Konsertin sonunda Zemfira İsmayılova ilə böyük səhnələri bölüşən, Xalq artisti, tanınmış vokalçı Azər Zeynalov deyib: “Mən bütün yaradıcılığım boyu Zemfira İsmayılova ilə böyük səhnələrdə baş rolları oynamışam. Fəxr edirəm ki, Azərbaycanın belə gözəl və nadir səsə malik sənətkarı var”.

 

Mədəniyyət.- 2019.- 5 yanvar.- S.7.