“Azərbaycan musiqisini Yaponiyada daha çox tanıtmağa çalışacağam”

 

 

Azərbaycan adını Yaponiyada daha tez-tez eşitmək məni çox sevindirir. Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində yaponiyalı musiqiçi xanım Kyoko Yamamoto deyib. Azərbaycan xalqına, mədəniyyətinə və musiqisinə böyük hörməti olduğunu vurğulayan xanım K.Yamamoto ölkəmizə son səfəri barədə danışıb.

2018-ci ilin oktyabrında Göyçayda Nar festivalında iştirak etmək üçün Azərbaycana getdiyini deyən musiqiçi bildirib ki, bu festivalda ilk dəfə 2015-ci ildə iştirak edib: “Azərbaycana ilk səfərimdən bəri ölkəniz qədim mədəniyyəti, gözəl musiqisi, qonaqpərvər xalqı və yeni dünyaya sürətlə uyğunlaşması ilə məni valeh edir. Hər il Göyçayda təşkil olunan Nar festivalında iştirak etməklə Azərbaycan haqqında yeni məlumatlar toplayır və öyrəndiklərimi Yaponiyada təbliğ etməyə çalışıram. May ayında xalqınızın ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Xətai rayonunda təşkil olunan konsertdə çıxış etmək üçün Bakıya dəvət edilmişdim. Bu dəvət məni çox qürurlandırmışdı. Orada “Sarı gəlin” mahnısını ifa etməyim izləyicilər tərəfindən gurultulu alqışlarla qarşılanmışdı”.

Yaponiyalı musiqiçi daha sonra deyib: “2018-ci il Azərbaycan üçünmühüm hadisələrlə yaddaqalan oldu. Ölkənizin Yaponiyadakı səfirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar təşkil etdiyi tədbir zamanı qrupumla birgə dövlət himninizi canlı ifa etdik. Bu, bizim üçün şərəf idi. Yaponiyada təşkil olunan müxtəlif tədbirlər sayəsində yaponlar Azərbaycan adını daha tez-tez eşitməyə və ölkəniz haqqında daha çox öyrənməyə başlayıblar”.

Xanım K.Yamamoto 2019-cu ildə də zəngin musiqimizi yapon xalqına tanıtmaq üçün daha çox çalışacağını bildirib: “Azərbaycan musiqisini ilk dəfə dinləyəndə bu gözəl melodiyanın insan hisslərini necə əks etdirdiyini görmək məni çox təəccübləndirmişdi. Buna görə də sizin musiqini öyrənməyə başladım. Məşhur “Sarı gəlin” mahnısını dinlədikdən sonra notları qeyd edib onu səsləndirdim. İndi digər Azərbaycan mahnıları üzərində işləyirəm. Azərbaycana son səfərim zamanı tanınmış müğənni Sevda Ələkbərzadə ilə görüşdümbu görüşdə ölkənizin musiqisi haqqında çox geniş məlumat aldım. TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin bu yaxınlarda Yaponiyada gerçəkləşən konsertlərində azərbaycanlı musiqiçilər də yapon tamaşaçıların qarşısında çıxış etdilər. Bütün türk xalqlarının musiqisinin ifa olunduğu bu konsertdə Azərbaycan musiqisi xüsusilə seçilirdi. Ümid edirəm ki, gələcəkdə Azərbaycan musiqisindən ibarət daha böyük konsertlər təşkil olunacaqyapon dinləyicilərini öz gözəlliyi ilə heyran edəcək. Mən isə öz növbəmdə qədim və zəngin Azərbaycan musiqisini Yaponiyada təbliğ etməyə və ölkənizi bu yolla daha çox tanıtmağa çalışacağam”.

 

Mədəniyyət.- 2019.- 5 yanvar.- S.5.