“Çox istərdim ki, xalqlarımız
bir-birini yaxından tanısın”
Xuan Rodriqo Labardini
Flores: “Azərbaycanın muğamı, milli mətbəx mədəniyyəti,
təbii gözəllikləri meksikalılar üçün
maraqlı ola bilər”
Meksika
dedikdə ilk olaraq gözlərimizin önündə 90-cı illərin məşhur
televiziya serialları canlanır. Eyni zamanda Mayya
sivilizasiyasının qədim abidələri, zəngin mətbəx
və bol əyləncə... Meksika həm də ispan, hindu və
Karib mədəniyyətini özündə ehtiva edən
maraqlı bir ölkədir.
Qəzetimizin
“Elçi daşı” rubrikasında budəfəki həmsöhbətimiz
Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini
Floresdir. O, siyasi fəaliyyətindən əlavə, mədəniyyət
sahəsinə marağı ilə də tanınır. Bir
neçə musiqi alətində ifa edir, ədəbi
yaradıcılıqla məşğul olur, nəhayət, Azərbaycanla
bağlı şəxsi fotosərgisini təşkil etməyi
planlaşdırır. Səfirlə Yeni il ərəfəsində
görüşdük.
- Cənab
səfir, Sizi Yeni il münasibətilə təbrik edir,
cansağlığı və işlərinizdə uğurlar
arzulayıram. Məsafə baxımından çox uzaq olan Azərbaycanla
Meksika arasında münasibətləri necə qiymətləndirirsiniz?
- Mən
də öncə müsahibə üçün sizə təşəkkürümü
bildirmək istəyirəm və qəzetiniz vasitəsilə
Azərbaycan xalqına Yeni il təbrikimi
çatdırmağı xahiş edirəm. İki ildir ki, mən
Azərbaycandayam. Bu müddətdə Azərbaycanı
yaxından tanımağa çalışmışam və
hər gün nəsə öyrənirəm. Meksika-Azərbaycan
əlaqələrinə gəldikdə isə, deyə bilərəm
ki, bu münasibətlər inkişaf etməkdədir.
Münasibətlərin siyasi sahəsində böyük irəliləyişlər
baş verib. Bu baxımdan 2017-ci ildə ikitərəfli siyasi
məsləhətləşmələrin
başlanmasını, hökumətlərarası sazişin
imzalanmasını xüsusi qeyd edə bilərəm. Bu
saziş təhsil, elm, idman, gənclər və mədəniyyət
sahələrini əhatə edir. Hazırda biz bu sazişin
Meksika tərəfindən təsdiqlənməsini gözləyirik.
Bu saziş bir səfir kimi məni çox ümidləndirir.
Çünki 5 əsas sahəni əhatə edən saziş
çərçivəsində ikitərəfli əlaqələrdə
böyük layihələr reallaşdırmaq mümkün
olacaq. Qeyd edim ki, son illərdə qarşılıqlı
ticarət sahəsində 8 dəfəyədək artım
müşahidə olunur və 2018-ci il əlaqələrin
inkişafında mühüm dövr hesab edilir. Bilirsiniz ki, bu
günlərdə Azərbaycanın xarici işlər naziri
Meksika Birləşmiş Ştatlarının Prezidenti Andres
Manuel Lopez Obradorun andiçmə mərasimində iştirak məqsədilə
Meksikaya səfər etmişdi.
- Bəs
münasibətlərin mədəniyyət sahəsi üzrə
səviyyəsi haqda nə deyə bilərsiniz?
- Mən çox istərdim ki, xalqlarımız bir-birini yaxından tanımaq imkanı qazansın. Bu imkan üçün mədəniyyət və turizm ən əsas amildir. 2015-2017-ci illərdə qarşılıqlı şəkildə 65 mədəni tədbir reallaşıb. Bizim sahil zolaqlarımız əsl istirahət məkanları, milli mətbəx nümunələrimiz, tarixi memarlıq abidələrimiz mədəniyyət vasitəsilə insanların ölkələrimizi tanıması üçün gözəl imkanlardır. Xalqlarımız arasında təbii bağlar da var. Bu həm neft sahəsində, həm də milli mətbəxdə öz əksini tapır. Mübadilə apardığımız sahələr genişdir. Bizim üçün universitetlərarası münasibətlər də əhəmiyyətlidir. Bütün bu işlərin əsas məqsədi isə Azərbaycanı Meksikada, Meksikanı isə Azərbaycanda daha yaxından tanıtmaqdır. Meksika dünyanın 14-cü böyük ölkəsidir. Bu böyük ölkədə Azərbaycanın hər yönü ilə tanıdılması çox vacibdir. Azərbaycanın muğam sənəti, milli mətbəx mədəniyyəti, eləcə də təbii gözəllikləri, İlisu, Lahıc kimi məkanlar meksikalılar üçün maraqlı ola bilər. İstərdik ki, azərbaycanlılar da Meksikanın məşhur takos təamının dadını bilsinlər, abidələri, mədəni irsi ilə tanışlıq imkanı qazansınlar. Mədəniyyət vacib bir sahədir və qeyd etdiyim kimi, bizim xalqlar arasında oxşar cəhətlər var. Bu oxşarlıq təkcə mətbəx sahəsində deyil, ədəbiyyatda da özünü göstərir. Mən sizin ədəbiyyatı oxuyanda yazıçılarımızın mövzu yaxınlığını görürəm.
- Ölkəniz haqqında təsəvvürlərimizi daha çox 90-cı illərin əvvəllərində televiziya kanallarımızda nümayiş olunan Meksika serialları formalaşdırmışdı. Hazırda Meksikanın kino sənayesi əvvəlki populyarlığını qoruya bilirmi?
- Əlbəttə, həm Meksikada, həm də
ümumilikdə Latın Amerikası ölkələrində
kino sənayesi, xüsusilə də teleserial sahəsinin
inkişafı davam etməkdədir. Son 15 ildə
meksikalılar kinematoqrafiyanın bir çox sahələrində
bir neçə dəfə “Oskar” mükafatını əldə
ediblər. Bu mənada “Oskar” alan rejissor Alfonso Kuaronun “Qravitasiya” filmini
misal çəkə bilərəm. Qaldı Azərbaycanda
Meksika serillarının təqdimatına, bu, mədəni əməkdaşlığın
yeni bir mərhələsi ola bilər. Bu sahədə biz əməkdaşlıq məsələlərini
müzakirə edəcəyik. Bu sırada əsas
maneələrdən biri dil problemidir.
- Azərbaycan
kinosu haqqında təsəvvürünüz varmı?
Bildiyimizə görə, bu yaxınlarda Azərbaycan Dövlət
Film Fondunda olmusunuz...
- Məqsədim
əməkdaşlığı genişləndirmək, birgə
işləyə biləcəyimiz sahələri
araşdırmaqdan ibarət idi. Fondun arxivi ilə tanış oldum. Burada filmlər
çox gözəl şəraitdə saxlanılır.
Eyni zamanda mənə məlumat verildi ki, Azərbaycan
Dövlət Film Fondunda üç Meksika filmi var. Bu məlumat
mənim üçün çox maraqlı idi. Biz bu barədə ölkəmizə məlumat
yollamışıq və cavab gözləyirik. Əgər həmin filmlər Meksikada yoxdursa, bu filmlərin
saxlanılması əsasında yeni bir əməkdaşlığın
əsasını qoya bilərik. Hər bir
əməkdaşlıq yeni qapılar açır. Azərbaycan kinosu haqqında təsəvvürümə
gəlincə, son illərin məşhur filmlərindən
hesab edilən “Əli və Nino”nu izləmişəm. Maraqlı burasıdır ki, Azərbaycana gəldiyim
ilk vaxtlarda sizin ədəbiyyatdan oxuduğum ilk bədii əsər
də məhz “Əli və Nino” romanı idi. Bu əsər məndə çox böyük təəssürat
yaratmışdı və kitabı oxuduğum zaman hadisələr
və dekorasiyalar, baş verən hadisələri İçərişəhərin
küçələrində beynimdə necə təsəvvür
edirdimsə, həmin səhnələri filmdə görəndə
heyrətləndim. Çox xoş oldu.
Demək, Azərbaycan ruhunu, Azərbaycan
düşüncəsini və anlamını duya bilmişəm.
Bu əsəri mən həm də Azərbaycanın
özü kimi xarakterizə edirəm. Ölkəniz
Şərqlə Qərb arasında bir bağlayıcı
mahiyyət daşıyır. Ən çox sevdiyim filmlərdən
biri də Rəşid Behbudovun iştirak etdiyi “Arşın
mal alan” filmidir. Bu film məni
valeh edib. Bakıya gəldiyimdə Rəşid Behbudov adına Mahnı Teatrının fəaliyyət
göstərdiyini öyrəndim. Üzeyir
Hacıbəylinin bu operettası çox xoşuma gəlir.
Film həm də Azərbaycanın adət-ənənələrini
tanımağa imkan
yaradır. Öncə bildirdiyim kimi
yazıçıların düşüncələri
arasında yaxınlıq görürəm. Bu, kino sahəsində də belədir. Məsələn, küçə ticarəti,
arşın malçının qapı-qapı gəzməyi,
yaxud bir başqa filminizdə - “Onu bağışlamaq
olarmı?” filmində primus düzəldən kişinin
obrazını bizim Meksika filmlərində və gündəlik
həyatında görmək mümkündür. Yəni dünyada insanların ehtiyacları ümumən
oxşardır. Ehtiyaclar eyni olanda mədəniyyətlər
də oxşar olur.
- Meksikada Azərbaycanla bağlı hansı mədəni
tədbirlər keçirilir? Meksika xalqı mədəniyyətimizlə
nə dərəcədə tanışdır?
- İkitərəfli mədəni əlaqələrdə
qarşılıqlı mübadilə əsas yer tutur. Bu mövzuda
danışarkən biz artıq gələcəkdə görəcəyimiz
işləri nəzərdən keçirməliyik. Azərbaycanın Meksikadakı səfirliyi bu istiqamətdə
müvafiq tədbirlər həyata keçirir. Azərbaycanın milli bayramları Meksikada qeyd olunur.
Bu günlərdə Meksika Milli Muxtar
Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəvinin
yaradıcılığına həsr olunan tədbir
keçirilib. Bundan əlavə, Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər
reallaşıb, ölkənizin balet truppası Meksikada
çıxış edib və s.
- İki ölkənin mədəniyyətinin
qarşılıqlı təbliği üçün nə
kimi addımlar atmaq olar? 2016-cı ildə Heydər Əliyev Mərkəzində
meksikalı heykəltəraş Xorxe Marinin
“Varlığın canlanması” sərgisi
keçirilmişdi. 2017-ci ildə sizin səfirlik
Heydər Əliyev Mərkəzi ilə birgə eyniadlı
fotomüsabiqə təşkil etmişdi. 2018-ci
ilin oktyabrında həmvətəniniz, caz ifaçısı
Eduardo Bortolottinin konserti gerçəkləşdi. Bu qəbildən layihələri davam etdirmək
fikriniz varmı?
- Qeyd
etdiklərinizlə yanaşı, noyabr ayında meksikalı
pianoçu Jesus Lepe Riko Bakı
tamaşaçılarının qarşısında
çıxış etdi. Eyni zamanda
Meksikanın “Arte Factum” kukla teatrı Bakı Kitab Mərkəzində
gənc tamaşaçılar üçün “Opossumun
nağılları” adlı tamaşasını təqdim
etmişdi. Biz mütəmadi olaraq rəssamların
sərgisini təşkil edirik. Mən həmişə
deyirəm ki, biz təkcə paytaxt üçün səfir təyin
edilmirik. Bu səbəbdən də
regionlarla da sıx əlaqələrimiz var. Bu istiqamətdə
işlərimizi davam etdirməli, mədəni layihələri
çoxaltmalıyıq. Düşünürəm
ki, bəlkə də ölkələrimiz arasında ilk mədəni
əlaqənin müjdəçisi Rəşid Behbudov olub.
O, Latın Amerikası ölkələrinə qastrol səfəri
edən ilk azərbaycanlı müğənnidir. Belə sənətkarlar və yüksək sənət
nümunələri sayəsində əməkdaşlıq
sıxlaşır və xalqlar yaxınlaşır.
Gələcək tədbirlərə gəlincə,
2019-cu ildə Azərbaycanda Meksika mətbəxi həftəsi,
“Meksikanın min dadı” adlı fotosərgi təşkil
olunacaq. ADA Universitetində Meksika mədəniyyəti həftəsi
nəzərdə tutulub. Eyni zamanda niyyətimiz
var ki, Azərbaycanda təşkil edilən mədəni
festivallarda da iştirak edək. “Tekila –
Meksikanın dünyaya verdiyi hədiyyə” adlı tədbirlər
də nəzərdə tutulub. Onu da
vurğulayım ki, özümün ədəbiyyata çox
böyük sevgim olduğundan ədəbiyyatla bağlı
layihələrin də gerçəkləşməsini nəzərdə
tuturuq. Meksika yazarlarının əsərləri
Azərbaycanda təqdim olunacaq və onların azərbaycanlı
həmkarları ilə görüşünü təşkil
edəcəyik. Azərbaycanda keçirilən
Mürəbbə və Dolma festivallarında isə mütləq
iştirak edəcəyik. Meksikalı
musiqiçilərin də Azərbaycana səfəri
reallaşacaq.
- Azərbaycan
mədəniyyəti, incəsənəti ilə bağlı
təəssüratlarınızı bilmək maraqlı
olardı. Çünki paytaxtla yanaşı,
bölgələrimizdə də mədəni layihələrdə
iştirak edirsiniz. Məsələn, 2017-ci ildə Lənkəran
teatrında olmuşdunuz...
- Azərbaycanın
bütün bölgələrinin özünəməxsus
gözəlliyi var. Bir çox bölgələrinizi gəzmək
imkanım olub. Mən bu gözəlliklərin hər
birini fotokameranın yaddaşına
köçürmüşəm. Paytaxtınızın
bir başqa gözəlliyi var. Qobustan isə tamam ayrı aləmdir.
Qobustanda olanda insan bir anlıq başqa planetə
düşdüyünü hiss edir. Qoruqlar,
Şamaxı, Qəbələ, Mingəçevir,
Göygöl, Naftalan, Zaqatala, Qusar, Lənkəran, Lerik,
Xaçmaz – hərəsi bir məqamı ilə gözəldir.
Gələcəkdə bütün bu fotolardan
ibarət bir sərgi təşkil etmək fikrindəyəm.
Sərginin adı isə belə olacaq: “Azərbaycana
baxış: daxildən və xaricdən”. Bu mənim
həm bir meksikalı kimi, həm də Azərbaycanda
yaşayan insan kimi təsəvvürlərimi əks etdirəcək.
Azərbaycanın çox yerlərini, demək
olar ki, qarış-qarış gəzmişəm və
buranı çox sevirəm.
- Bu
gün Azərbaycan dünyada mədəniyyətlərarası
dialoqun mərkəzlərindən biri kimi tanınır. Bakıda bu mövzuda beynəlxalq forumlar
keçirilir. 2019-cu ildə UNESCO-nun
Dünya İrs Komitəsinin 43-cü sessiyası
paytaxtımızda təşkil olunacaq. Ölkəmizin
bu müstəvidə rolunu necə dəyərləndirirsiniz?
- Azərbaycanın UNESCO-da rolu bizim üçün
çox önəmlidir. Bu müstəvidə biz Azərbaycanla əməkdaşlıqda,
beynəlxalq layihələrdə bir-birimizə
qarşılıqlı dəstək verməkdə maraqlıyıq.
Qeyd edim ki, bu yaxınlarda dünya irsinə daxil
olan şəhərlərin görüşü çərçivəsində
Meksika nümayəndələri Azərbaycana səfər
etmişdi. Meksikanın 35 məkanı UNESCO-nun irs siyahısına daxil edilib. Bu
baxımdan ən yüksək göstəriciyə malik
ölkələrdən biriyik. Bununla belə,
Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlıq
təcrübəsi də bizim üçün
maraqlıdır.
- Səfirliyin Azərbaycanın Mədəniyyət
Nazirliyi ilə müştərək layihə və tədbirləri
nəzərdə tutulurmu?
-
Yaxın keçmişdə baş tutan bütün mədəni
layihələrimizə Mədəniyyət Nazirliyi dəstək
verib. Beynəlxalq Muğam Mərkəzində
gerçəkləşən konsertlər buna bariz nümunədir.
Əlbəttə ki, 2019-cu ildə birgə əməkdaşlığımız
davam edəcək.
Söhbətləşdi: Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 5
yanvar.- S.5.