Sənət fədailərimizdən – Mirzə Muxtar

 

 

 

1913-cü ildə “Kaspi” qəzetində dərc olunan bir xəbərdə deyilirdi: “Bu gün Tağıyev teatrında “Nicat” cəmiyyətinin təşəbbüsü ilə müsəlman səhnəsinin ən yaşlı və təcrübəli fədaisinin 40 illik səhnə fəaliyyəti bayram edilir...”.

Bu fikirlər tanınmış səhnə xadimi, musiqişünas, pedaqoq Mirzə Muxtar Məmmədov haqqında deyilmişdi. Görkəmli sənətkarı vəfatının 90-cı ilində bir daha yada saldıq.

Muxtar Əli Əsgər oğlu Məmmədov 1841-ci ildə Şuşa şəhərində musiqiçi ailəsində anadan olub. Atası Mirzə Əli Əsgər Qarabaği Xurşudbanu Natəvanın atası Mehdiqulu xanın sarayında musiqiçi kimi fəaliyyət göstərmişdi. O, uzun müddət Mirzə Hüseyn, Keştazlı Həşim, Hacı Hüsü, Məşədi İsi kimi xanəndələri tarda müşayiət edib. Yaxın Şərq ölkələrinə səfər edən musiqiçi İranda Nəsrəddin şahın sarayında qurulan məclislərdə mahir tarzən kimi ad-san qazanıb.

Muxtar ilk təhsilini Şuşa mədrəsəsində alır, ərəb, farsrus dillərini öyrənir. Klassik Şərq və Azərbaycan ədəbiyyatını mütaliə edir. XIX əsrin 60-cı illərində Şuşada “Qış klubunda səhnələşdirilən rus tamaşalarına gedir. Bu tamaşalar onun qəlbində teatr sənətinə və dramaturgiyaya rəğbət oyadır. O, 1870-ci ildə yerli ziyalıların iştirakı ilə M.F.Axundzadənin “Hacı Qara” komediyasını tamaşaya qoyur. Mirzə Muxtar 1919-cu ildə Bakıda nəşr olunan “Övraqi-nəfisə” adlı incəsənət jurnalında bu əlamətdar mədəni hadisə barədə məlumat verib. Onun Azərbaycan milli teatr tarixində xidmətlərindən biri də azərbaycanlı aktrisaların olmadığı bir vaxtda teatr səhnəsində ilk dəfə qadın rolunda çıxış etməsidir. Mirzə Muxtarın təşkilatçılığı və iştirakı ilə 1870-1882-ci illərdə Şuşada milli teatr tamaşaları nümayiş olunub. Bu elə bir zaman idi ki, nəinki qadın ifaçılar, səhnəyə çıxan kişilər belə qatı dindarlar tərəfindən təqib olunurdu.

1883-cü ildə Gəncəyə, oradan da Tiflisə köçən Mirzə Muxtar bir neçə il burada müəllimlik edir. Eyni zamanda yerli teatr həvəskarları ilə birlikdə tamaşalar göstərir. 1899-cu ildə Bakıya gəlir və pedaqoji fəaliyyətlə məşğul olur. 1905-ci ildə taleyini həmişəlik teatr sənətinə bağlayır. Dahi bəstəkar Üzeyir Hacıbəyli onu ilk Azərbaycan operası “Leyli və Məcnun”un tamaşasına dəvət edir və Məcnunun atası rolu ona həvalə olunur. O, eyni zamanda tamaşanın hazırlanmasında Ü.Hacıbəylinin ən yaxın məsləhətçi və köməkçilərindən biri idi.

Mirzə Muxtar həmin dövrdən opera səhnəsində çalışmağa başlayır. “Əsli və Kərəm”də Kərəmin atası, “Aşıq Qərib”də Xacə, “Şah İsmayıl”da Rəmmal, “Fərhad və Şirin”də Şapur rollarını məharətlə ifa edir. Onun tamaşaçılar arasında çoxlu pərəstişkarından biri də elə Üzeyir bəy idi. Əməkdar artist Cəlil bəy Bağdadbəyov xatirələrində yazır ki, “Leyli və Məcnun” tamaşası göstərilərkən Üzeyir bəy həyat yoldaşı Məleykə xanımla tamaşaçıların sırasında oturar, Mirzə Muxtarın ifasında Məcnunun atasının ariyasını hər dəfə maraqla dinləyərdi.

1908-1918-ci illərdə Mirzə Muxtar aktyor kimi QafqazOrta Asiyanın bir çox şəhərlərində operamusiqili komediya tamaşalarında çıxış edir, teatrsevərlərin dərin hörmətini qazanır. Çünki o, hər hansı bir tamaşada oynayarkən özünü səhnədə yox, həyatda hiss edirdi. Mirzə Muxtarın ərəb, fars dillərini, əruz vəznini kamil bilməsi, qəzəlləri aydın, rəvan və düzgün tələffüz etməsi də tamaşaçıların qəlbinə asan yol tapmasına vəsilə olurdu.

Təsadüfi deyil ki, 1913-cü ildə Bakının teatr ictimaiyyəti, teatr tariximizdə Mirzə Muxtarın müstəsna rolunu nəzərə alıb onun səhnə fəaliyyətinin 40 illik yubileyini keçirir. Dövri mətbuat bu əlamətdar hadisə haqqında elanlar verir. “Kaspi” qəzeti Mirzə Muxtarın şəkli ilə birlikdə verdiyi bir xəbərdə yazırdı: “...Bakı müsəlmanlarından kim Mirzə Muxtarı tanımır? Mirzə Muxtarı nəinki fədakar səhnə xadimi kimi, eyni zamanda onu təvazökar xalq müəllimi kimi də tanıyırlar. Bakının bir çox müsəlman ziyalıları onun yetirməsidir...”.

Mirzə Muxtar 1919-cu ildə, 78 yaşında səhnə ilə vidalaşır. Hacıbəyli qardaşlarının təşəbbüsü ilə Azərbaycan teatr mədəniyyəti tarixindəki əvəzsiz xidmətləri nəzərə alınaraq ona ayda 500 manat təqaüd təyin edilir. Ömrünün son 10 ilini musiqişünaslığa həsr edən sənətkar 17 yanvar 1929-cu ildə dünyasını dəyişir.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 5 yanvar.- S.6.