Prestona qalib gəlmək istəyirsinizsə,
Don Kixotluq eləyin...
Heç sizə “Don Kixotluq eləmə” deyən olubmu? Ya özünüz kiməsə bu sayaq irad tutmusunuz? Yəqin ki, çox fikirləşmədən cavab verəcəksiniz ki, o qədər… Bəs nəyə görə, ya da hansı hərəkətə, necə bir əmələ görə bu ifadə işlənməlidir axı… Zavallı Don Kixot neyləmişdi ki, onun adını bilənlər də, bilməyənlər də ən müxtəlif vaxtlarda bu sayaq hallandırırlar.
Məqsədimiz məşhur ifadələrin yaranma səbəbi barədə danışmaq deyil. Sadəcə, başa çatmış 2018-ci ilin, yarısı geridə qalmış teatr mövsümünün (2018/2019) hay-küylü və heç də birmənalı qarşılanmasa da, geniş tamaşaçı marağı doğuran tamaşadan – Servantesin eyniadlı romanı əsasında səhnələşdirilmiş “Don Kixot”dan danışırıq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının cari mövsümdəki ilk premyerası – teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda, Don Kixot və Sanço Pansanı sevilən aktyorlar –
Xalq artisti Qurban İsmayılovun və Əməkdar artist Şövqi Hüseynovun ifasında tanıdan tamaşa barədə söhbət edirik. Yeri gəlmişkən, romanın səhnə variantı da elə quruluşçu rejissora aiddir.
İlk sual elə səhnələşdirmə müəllifinədir. Hər necə olsa, Don Kixotu dramatik tamaşa qəhrəmanı kimi görməyə alışmamışıq. Əslində, bu fikrin özü “tamaşaçı çaşqınlığı” kimi anlaşılacaq risk mənasını verir.
Bəhram Osmanov:
- “Don Kixot” romanının əsasında dramaturqlar Deyl Vasserman və Co Derrion, bəstəkar Mitç Linin 1965-ci ildə tamaşaya qoyulmuş məşhur “Lamançlı adam” Brodvey müzikli var. Sovet dövründə bizim indiki Musiqili teatrın rus truppası bu əsəri tamaşaya qoymuşdu, bir neçə mövsüm uğurla oynanıldı. Moskva teatrlarında da çox maraqlı quruluşlar olub. Amma bir sözünüz həqiqətdir ki, son vaxtlaradək mən də “Don Kixot”un məhz dram əsəri kimi tamaşasına rast gəlməmişəm. Düzü, 7-8 il əvvəl belə bir fikrə gəldim ki, nəyə görə sınaqdan keçirməyək? Təxminən beş ildir ki, tamaşanın səhnə variantı hazır idi. Sadəcə, məqam indi yetişdi.
- El arasında deyilən kimi, qismət bu günə imiş…
Bəhram
Osmanov:
- Hə,
bir az elə oldu... Teatrın
90 illik yubiley mövsümündə repertuar planını
qurarkən hansısa məşhur bir əsəri seçməyi
vacib bildik. Hansı əsərə
müraciət etmək məsələsi müzakirə ediləndə
“Don Kixot”u təklif etdim. Çəkinsəm
də, bu fikrin üstündə durdum. Həm
də son illər Moskvada bəzi teatrlarda da Don Kixotla
bağlı dram tamaşalarının oynanılmasından xəbərim
vardı. Bəzisinə tamaşa
etmişdim, bəzisi barədə məlumat
toplamışdım. Düzdür, adam
çox məlumat toplayanda öz qurduğu tamaşada
hansısa məqamı əvvəl gördüyü
tamaşadakına oxşada bilər. Amma
çox rahatam ki, tamam fərqli, konkret məsələni
qaldırıb şapalaq kimi adamın üzünə
çırpan tamaşa hazırlaya bildik.
- Məncə,
siz həm də kollektivdə əsas qəhrəmanların
ifaçılarını indi görə bildiyiniz
üçün “Don Kixot”u hazırlamaq niyyətinizi gerçəkləşdirə
bildiniz.
Bəhram
Osmanov:
- Bəli,
mən Gənc Tamaşaçılar Teatrının kollektivinə
inandığım üçün bu tamaşanı
hazırlamağa ürəkləndim. Yay boyu
tamaşanın aktyor heyəti ilə çox gərgin məşq
etdik. Və bu gün tamaşa göz
qabağındadır.
- Klassik ədəbiyyatın
müasir yozumunu tapmaq, tapdığını da göstərmək
çətin olmadı ki?..
Bəhram
Osmanov:
- Təbii
ki, çətindir… Mənə elə gəlir
ki, biz bunun öhdəsindən gəldik. Tamaşa
oynanıldıqca bişir, aktyorlar oynadıqca
düşündüklərini tamaşaçıyla daha asan
bölüşürlər. İnanıram
ki, bir neçə nümayişdən sonra səhnədə
çox gözəl bir ansambl olacaq. Tamaşanın
sonrakı taleyi artıq aktyorların ixtiyarındadır.
- Bir məqam
maraqlıdır ki, tamaşaçı “Don Kixot”a gülmək,
əylənmək istəyilə teatra gəlmişdi, amma
düşünərək getdi...
Şövqi
Hüseynov:
- Bizim elə
bir fikrimiz yox idi ki, tamaşaçı səhnəyə
baxıb gülsün, əylənsin… Biz ciddi
tamaşa oynamaq, Servantesin əsərində bu
günümüzlə səsləşən məqamları
qabartmaq üçün səhnəyə
çıxmışdıq.
- Görək,
bu günün Don Kixotu tamaşa barədə nə deyəcək?
Qurban
İsmayılov:
-
Hamımızın içində Don Kixot da var, Preston, yəni
şeytan da. İçimizdəki Don Kixot
başını qaldıranda onu ələ salırıq, təhqir
edirik, ətəyindən çəkirik ki, nəyinə
lazımdır, nə işin var, qarışma, filan. Amma Preston baş qaldıranda ona heç nə
demirik, ən azı, onu ələ salmırıq,
söymürük. Niyə?
- Niyə?
Qurban
İsmayılov:
- Ona
görə ki, ondan qorxuruq. Çünki o bizə
daha böyük ziyan vura bilər. Amma mən
istəyirdim ki, tamaşaçının öz içimizdə
məhv etdiyi Don Kixota yazığı gəlsin.
-
Yazığı gəlsin?..
Qurban
İsmayılov:
- Və
onu məhv etdiyi üçün özünə də
yazığı gəlsin! Hər birimizin
içindəki Don Kixot daha bəşəridir, daha
yaxşıdır. Deyəsən, biz buna
nail olduq. Premyeradan sonra tamaşaçılardan mənə
deyən oldu ki, əsər mənə təsir etdi, hətta
finalda ağladım da…
- Elə
Don Kixot da bunu istəyir, amma…
Qurban
İsmayılov:
- Əslində, hər bir düşünən insan da
elə Don Kixotun istədiyini arzulayır. Məsələn, kim istəyər
ki, müharibə ocaqlarında körpələr
qırılsın?.. Heç
birimiz. Bəs bu zavalı Don Kixot nə istəyir?
Deyir ki, məhəbbət, mərhəmət qalib gəlsin!
- Sizin
fikrinizcə, Don Kixotun bu arzuları salonda eşidildi?..
Qurban
İsmayılov:
- Aktyor salonun münasibətini hiss
edir. Məncə, bizim “söhbətimiz” baş
tutur. Sonrakı tamaşalar necə keçəcək, -
bilmirəm…
- Bu
gün addımbaşı ən müxtəlif səviyyələrdə
qəddarlıqla üzləşən
tamaşaçının Don Kixotu siz istəyən kimi qəbul
edəcəyindən şübhəniz vardımı?
Qurban
İsmayılov:
-
Açığı, mənim içimdə qorxu var idi. Daxili baxışda salonda əyləşənlər
sənət adamları olurlar, onlar da tamaşaya daha rasional
baxırlar, xırda detallara, aktyorların ifasına
ayrılıqda baxırlar. Amma
tamaşaçı münasibəti başqadır. Siz deyən münasibət də elə buna görə
yarandı. Biz istehzanın altında
tamaşaçıya Don Kixot və Don Kixotluq nədir barədə
demək istədiyimizi çatdıra bildik. Onlar düşündülər ki, axı, Don Kixota
niyə gülməliyik? Əlbəttə,
bu çatdırmada birinci növbədə quruluşçu
rejissorun, sonra da tamaşada çıxış edən
bütün aktyorların xidməti var.
-
Sanço Pansa… Tamaşanın afişasında
Pikassonun məşhur qrafik lövhəsindən
tanıdığımız, daxilən və zahirən öz
ağasından tamam fərqli bir obraz. Yeyib-içən
qəhrəman!.. Servantesin romanının
nəşrlərinə çox illüstrasiyalar çəkilib,
nədənsə məhz Pikassonun bu təsviri yaddaşlara
hopub...
Şövqi
Hüseynov:
-
Əslində, heç kim nə Don Kixotu
görüb, nə də Sanço Pansanı.
-
Düzü, mən tamaşa boyu gözlədim ki, Sanço
Pansanın dillər əzbəri olan “mənim ağam, niyə
şər qüvvələr bizi həmişə
döyüşə çağırır, yeyib-içməyə
yox” fikrini Şövqi Hüseynovun dilindən eşidim, amma
eşitmədim. Tamaşaya baxınca anladım
ki, niyə Bəhram Osmanov bu ifadəni səhnələşdirmə
variantına salmayıb.
Şövqi
Hüseynov:
- Biz istədik
ki, Sançonun xislətini açan bu ifadə oyun tərzində
olsun.
- Bəhram
Osmanov Sanço Pansanı Don Kixotun silahdaşıyanından
daha çox silahdaşı kimi göstərmək istəyirdi,
ona görə də...
Şövqi
Hüseynov:
- Düz
qeyd etdiniz ki, məqsəd bu idi! Əslində, Servantesin, “Don
Kixot”un adının istənilən
teatrın repertuarında olması həmin teatr kollektivinin
uğurudur. Mən bir aktyor kimi fəxr edirəm ki, işlədiyim
teatrın afişasında “Don Kixot” var. Yanaşma məsələsinə
gəlincə, mənim fikrim bir az fərqlidir.
Qurban deyir ki, qoy tamaşaçının Don
Kixota da, özünə də yazığı gəlsin.
Amma mənim fikrimcə, adamlar öz içlərindəki Don
Kixota yazıq kimi baxmasınlar, ona inansınlar! Tamaşa
üzərində rejissorla, tərəf-müqabilimlə birgə
çalışmalarımda da buna çalışdım:
Don Kixota inansınlar, onun fikirlərinə etibar etsinlər.
Axı, Don Kixotun arzuladıqları gözəldir!
- Və
bunu soyadı ispan dilində qarın mənası verən,
sonradan mənəvi qidanı daha üstün tutan qəhrəman
deyir…
Şövqi
Hüseynov:
- Bəli,
tamaşada Don Kixota inanan yeganə personaj Sanço
Pansadır. Düzdür, o da əvvəlcə
öz mənafeyini güdür, ağasının ona vəd
etdiyi qubernatorluq eşqinə düşür. Amma zaman keçdikcə, siz demişkən, onun
silahdaşıyanından silahdaşına çevrilir. Don Kixot Sanço Pansanı dəyişə bilir.
Bu, artıq onun uğurudur.
Qurban
İsmayılov:
- Finala
doğru Sanço Pansada katarsis prosesi gedir, o, mənən saflaşır.
Şövqi
Hüseynov:
- Əgər səhnədə təkcə bir nəfərin
- Sanço Pansanın dünyagörüşündə, həyata
baxışında yaxşılığa doğru dəyişiklik
baş verirsə, bəlkə də salonda üç-dörd
nəfər artıq Don Kixota inanmağa başlayır.
Qurban
imkan verməsəydi, dəyişməyi səthi
oynayardım, amma tamaşaçılar onları dəyişdirən
tamaşanı görə bilməzdi!
Qurban
İsmayılov:
- Bu
tamaşada bütün aktyorların zəhməti var.
Çox gərgin məşqlərimiz keçib.
Şövqi
Hüseynov:
- Səhər
saat 10-da teatra gəlib, gecə 12-də məşqi bitirdiyimiz
günlər olub. Quruluşçu rejissorun
aktyorlar qarşısında qoyduğu tələb bu idi ki, biz
klassik əsər oynamırıq. Biz
Servantesin qələmə aldığı əhvalatı bu
günümüzə gətiririk. Əslində,
üst-üstə düşən məqamlar az
deyil. İndi tamaşaya qiymət verəndə
demirlər ki, rejissor yaxşı hazırlayıb, deyirlər
ki, rejissor əsəri dəqiq oxuya bilib. Bəhram
müəllim “Don Kixot”u XXI əsr üçün çox dəqiq
oxuyub. Yadınızdadırsa, tamaşada Sanço Pansa
deyir: “Görün, biz hansı əsrdə
yaşayırıq. 2000…” Daha ardını demir.
-
Tamaşada arxa planda Don Kixotun vuruşduğu, dayandırmaq istədiyi
yel dəyirmanının pərləri əvəzinə saat
mexanizminin quraşdırılması da yəqin bu fikrə
xidmət edir: saat mexanizmi həm çərxi-fələkdir,
həm də səhnədə baş verənlərin bu
günümüz üçün arxaik hadisə
olmadığına işarə...
Bəhram
Osmanov:
- Don Kixot
tərsinə fırlanan çərxi-fələyi
düzünə fırlatmaq istəyir… O elə bilir ki, fələyin
çərxinin hərəkətini nizamlamağa bir adamın
gücü çatacaq. Amma çatmır.
O özü də deyir ki, ən azından mən nəsə
eləmək istədim. İstək özü
artıq böyük bir işdir.
- Amma
rejissor istəsə, tamaşanın ideya istiqamətini öz
istədiyi istiqamətə çevirə bilər...
Bəhram
Osmanov:
-
Tamaşanın finalında heç kim Don
Kixotun papağını götürmək istəmir. Amma mən istəyərdim ki, nə vaxtsa teatrda elə
bir tamaşa oynanılsın ki, tamaşaçılardan kimsə
hadisələrdən təsirlənərək,
tamaşanı pozmaqdan qorxmayaraq, səhnəyə qalxıb
Don Kixotun papağını götürsün. Bax, onda
deyərəm ki, əlahəzrət teatr!
* * *
...Teatrdan çıxanda Qurban İsmayılovun bir fikri qulaqlarımda səslənir: “Əgər bütün dünya bir gün Don Kixot deyən kimi yaşasa, ertəsi gün Preston başını qaldırıb insanları geri qaytaracaq”. Axı niyə? Yəqin ki, Servantes romanında bu suala cavab verib. Gərək “Don Kixot”u bir də oxuyam...
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 5
yanvar.- S.4.