“Əsrin daş yaddaşında
mənim də sözüm qaldı”
Görkəmli epiqrafçı alim Məşədixanım Nemətovanın
xatirəsi yad olundu
Yanvarın
8-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində görkəmli
epiqrafçı alim Məşədixanım Nemətovanın
95 illik yubileyinə həsr edilən “Əsrin daş
yaddaşında mənim də sözüm qaldı” adlı
anım tədbiri keçirildi.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı tədbiri giriş sözü ilə açaraq Məşədixanım Nemətovanın 60 illik elmi fəaliyyətindən danışdı. Bildirdi ki, görkəmli alim Azərbaycanın bütün tarixi ərazisini – indiki Ermənistan, Dağıstan və Gürcüstanı addım-addım gəzərək ərəb qrafikasının çətin oxunan kufi kitabələrini araşdırıb və tarixi əhəmiyyətini müəyyən edib. Onun araşdırmaları tarix, memarlıq, sənətşünaslıq, filologiya, islam fəlsəfəsi (sufizm), toponimika, etnogenez və s. kimi sahələri əhatə edib, Azərbaycan elmini zənginləşdirib.
Tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva alimin həyat və yaradıcılığından söz açdı.
Qeyd edildi ki, Məşədixanım Sədulla qızı Nemətova 5 yanvar 1924-cü ildə Bakıda dünyaya göz açıb. 1948-ci ildə indiki BDU-nun Şərqşünaslıq fakültəsini bitirib. 1954-cü ildə elmlər namizədli (fəlsəfə doktoru), 1968-ci ildə isə elmlər doktoru elmi dərəcələrini alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. 26 dekabr 2016-cı ildə vəfat edib.
Tədbirdə AMEA-nın İctimai elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Maisə Bağırova, Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə elmlər doktoru Əli Rəcəbli, AMEA-nın müxbir üzvü Vəli Əliyev, tarix üzrə elmlər doktoru, professor Şahin Fərzəliyev və başqaları çıxış edərək elm xadiminin tədqiqatlarından bəhs etdilər.
Vurğulandı ki, Məşədixanım Nemətova Zəngəzur mahalındakı Urud abidələrinə əsasən azərbaycanlıların Cənubi Qafqazın aborigen xalqı və alban mədəni irsinin varisi olduğunu sübut edib. O, tarixi ərazilərimiz olmuş Cənubi Dağıstanın Dərbənd də daxil olmaqla epiqrafik abidələrini dərindən araşdırıb. Alim həmçinin Zəngəzur mahalı, Laçın, Kəlbəcər, eləcə də Gürcüstan (Armazisxevi) və digər regionlarda XIV-XIX əsrlərə aid at və qoç heykəlli, başdaşı formalı məzar daşlarında türk tayfalarına məxsus rəmzləri və şamanların təsvirləri əsasında Cənubi Qafqazda türk etnoslarının yayılma arealını müəyyən edib. Məşədixanım Nemətovanın elmi fəaliyyətinin nəticəsi 10-dan artıq monoqrafiyada, 200 elmi məqalədə və 6 cildlik “Azərbaycanın epiqrafik abidələrinin toplusu”nda əksini tapıb.
Çıxışlardan sonra mərhum tədqiqatçıya həsr edilən sənədli film nümayiş olundu.
Sonda alimin qızı, tarix üzrə elmlər doktoru Vəfa Quliyeva çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 9
yanvar.- S.1;3.