Xızıda Mikayıl Müşfiqin xatirəsi anılıb

 

 

 

Xızı rayonunda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin (1908-1938) xatirəsi anılıb.

Xızı Rayon İcra Hakimiyyətinin və Sumqayıt Regional Mədəniyyət İdarəsi Xızı rayon nümayəndəliyinin birgə təşkil etdiyi tədbir nakam şairin ölümünün 81-ci ildönümü münasibətilə Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında keçirilib.

Müşfiqin büstü ətrafına toplaşan ədəbiyyat, elm və incəsənət xadimləri görkəmli şairin həyat və yaradıcılığından, onun ədəbiyyatımıza töhfələrindən söhbət açıb, Müşfiq poeziyasının gənc nəslin milli mənlik şüurunun inkişafında, vətənpərvərlik tərbiyəsində əvəzsiz rolundan danışıblar. Qeyd edilib ki, sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. O, cəmi 30 il ömür sürməsinə baxmayaraq, qiymətli bədii irs yadigar qoyub.

Sumqayıt Regional Mədəniyyət İdarəsi Xızı rayon Uşaq musiqi məktəbində də Mikayıl Müşfiqin xatirəsi anılıb. Məktəb şagirdlərinin ifasında şairin şeirləri səslənib.

 

Mədəniyyət.- 2019.- 9 yanvar.- S.2.