“Türkologiya elmini seçdiyimə görə heç vaxt peşman olmamışam”
Dmitri Vasilyev: “İnstitutda mən də daxil
olmaqla üç nəfər
qədim türklərin tarixi ilə məşğul
olurdu. O zaman
yazılan məqalələrdə bizi “üç pantürkist”
adlandırmışdılar”
Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Şərq tarixi kafedrasının müdiri, professor Dmitri Vasilyev ölkənin ən məşhur türkoloqlarından biridir. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq cəmiyyətinin vitse-prezidentidir. Moskvada yaratdığı “Türkiyə Mərkəzi”ndə türk dili, tarixi və mədəniyyəti öyrədilir. Alim qədim türklərlə bağlı araşdırmalarına görə sovet dövründə təqiblərə də məruz qalıb, “pantürkist” adlandırılıb. Amma bütün bu təzyiqlər onun fəaliyyətini əngəlləyə bilməyib.
- Dmitri Dmitriyeviç, bildiyimiz qədər, sizin ailəniz türkoloqlar ailəsi kimi tanınır. Xanımınız və oğlunuz da bu sahədə ixtisaslaşıb. Sovet dönəmində türkologiya ixtisasını seçməyiniz nə ilə bağlı idi?
- Əslində, mənim şəxsi həyatım, yəni ailə yolum da türk dilindən, türkologiyadan keçir. Universitetdə üçüncü kursda təhsil alırdıq. Bir gün dedilər ki, Türkiyədən bir qrup kimya mühəndisi gəlib, bir zavod qurulacaq və 6 ay müddətində onlara türk dilini yaxşı bilən iki tərcüməçi lazımdı. Yoxlama aparanda bəlli oldu ki, bu dili ən yaxşı mən və xanımım Yelena (o vaxt hələ evli deyildik) bilir. Lakin ortaya bir problem çıxırdı: əgər tərcüməçilər iki ayrı-ayrı cinsin nümayəndələri idisə, mütləq evli olmalıydı. Bu bizim dili təkmilləşdirməyimizdən ötrü əla şans idi və onu əldən buraxmamaq üçün üçüncü kursda təcili ailə qurduq. Türk mühəndisləri ilə bir yerdə çalışdığımız müddətdə dilimizdə də xeyli irəliləyiş oldu. O zaman mən tarixçi-türkoloq olmağı düşünmürdüm. Lakin sonradan bu sahədə təhsil aldım. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna 1971-ci ildə gəldim.
Eyni zamanda
Rusiya Dövlət Humanitar
Universitetində də çalışmışam. Orada 1993-cü ildə “Türkiyə Mərkəzi”ni
qurdum. Bu o illər idi ki, Türkiyə ilə sərhədlər
açılmış, ilk turistlər gəlməyə
başlamışdı. Belə demək mümkünsə, Rusiyada Türkiyə dəbdə idi və çoxları türk
dilində öyrənmək istəyirdi. Türklər deyirdi ki, rus
turistlər İstanbulda hər şeyi alır, anbarlarda
belə mal qalmır. Onlar
aldıqları malı Rusiyada
satırdılar. Çünki SSRİ
dağıldıqdan sonra Rusiyada
qida, məhsul, geyim
istehsalı dayanmışdı. Bu ticarətin
hesabına nə qədər adam
varlandı o zaman. Bu mənada türklərin bəxti gətirmişdi.
Səhər gətirdikləri malların
hamısı satılırdı. Bununla
yanaşı, qarşılıqlı nikahların sayı
artdı. Rus qadınlar bizim
türk dili kurslarımıza
gəlir və deyirdilər ki, mən evdə
həyat yoldaşımla danışmağa çətinlik
çəkirəm. Bu sanki bir bum idi və bir
neçə il davam etdi. Sonra isə azalmağa
başladı.
- Sizin Şərqşünaslıq
İnstitutuna gəlməniz
həm də “soyuq savaş” dönəminə təsadüf
edib. Yəni SSRİ-Türkiyə münasibətləri stabil
deyildi və o zaman tarix, türkologiya
da bu savaşa
səfərbər olmuşdu.
Qədim
türklərin tarixi ilə məşğul olmanız necə qarşılandı?
- Mən Şərqşünaslıq
İnstitutuna gələndə
gördüm ki, Türkiyəni öyrənən
tədqiqatçılar “soyuq
savaş” dönəmi
nəslinin nümayəndələridir
və onlar Türkiyəni “düşmən
ölkə”
kimi öyrənirdilər.
Bu isə siyasi
vəziyyətdən irəli
gəlirdi. Türkiyə NATO ölkəsi idi, ərazisində NATO bazaları
var idi. O dönəmin tarixçiləri
Türkiyə ilə əlaqələri möhkəmləndirmirdilər,
əksinə, Türkiyə
ilə mübarizə
aparırdılar. Tariximizdə yeganə müsbət məqamlar Lenin-Atatürk dönəmində olmuşdu.
Bu, dostluq idi
və sonra hər şey məhv oldu. Sonra yaşananlar - ədavət,
rəqabət bəllidir...
İnstitutda mən də
daxil olmaqla 3 nəfər qədim türklərin tarixi ilə məşğul olurdu. O zaman yazılan məqalələrdə
bizi “üç pantürkist” adlandırmışdılar...
Ədəbi tərcümələri də xüsusi olaraq seçirdilər.
Məsələn, Türkiyədə
çıxan, bu ölkəni mənfi yöndən göstərən,
bədbəxt, maraqsız
həyatı ifadə
edən əsərləri
rus dilinə tərcümə
edirdilər. Bəzi hallarda dost yanaşmalar da vardı. Sovet türkoloqları bizə deyirdilər ki, qədim türkləri öyrənməyin. Bir gün
buna peşman olacaqsız. Yəni onlara
görə, bu ya pantürkistlərin, ya da o zaman
dedikləri kimi, feodal bəylərinin irsi idi.
- Əgər belə
təzyiqlər var idisə, dövlət sizə necə icazə vermişdi bu sahə ilə
məşğul olmağa?
- 1983-cü ildə “Qədim türk yazıları” kitabını çap etdim. Mən istəyərəkdən bu mövzunu seçmişdim. Qeyd etdiyim kimi, mənə deyirdilər ki, bu zərərli mövzudu, bununla məşğul olmaq olmaz. Doğrudur, bu mövzuya Moskvada icazə vermişdilər. Amma o zaman Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanda qadağan olunmuşdu. Mən ekspedisiyaya gedirdim, tədqiqatlar aparırdım. Qədim türk abidələri, yazıları ilə tanış oldum, araşdırdım. Bu əlyazma-abidələrin hamısını topladım, rus dilinə çevirib çap etdim. İstanbul Universitetində bu barədə eşidib və mənim adıma mükafat təsis etmişdilər. Onlar məni tanımırdı. Sadəcə kitabı əldə etmişdilər. Həmin vaxt mənim xanımım Yelena da daxil olmaqla bir neçə tərcüməçi İzmir yarmarkasına gedir, eyni zamanda ilk dəfə Türkiyə elm heyəti Rusiyaya səfər edir. O zaman mənim kitabım haqqında danışırlar və soruşurlar ki, o, harada dəfn olunub. Yelena deyir ki, o mənim həyat yoldaşımdır, ölməyib. Beləcə, mənimlə tanış oldular və Türkiyəyə dəvət etdilər. O zaman mənim ölkədən çıxışıma qadağa qoyulmuşdu. Bəxtim onda gətirdi ki, Rusiyanın Türkiyədəki səfiri Albert Sergeyeviç Çernaşov idi və o, Türkiyə ilə münasibətləri qaydaya salmaq istəyirdi. Bu səfirin dönəmində Rusiya-Türkiyə münasibətlərində “yaz dönəmi” başlamışdı. Rusiya xəbər saytlarına informasiyalar verilmişdi ki, Türkiyə Rusiyaya mükafat verir. Səfir Rusiya Xarici İşlər Nazirliyinə məktub yazdı ki, mənim Türkiyəyə getməyim çox önəmlidir. Beləliklə, məni həmin akademik heyətə daxil etdilər. Halbuki orada bəziləri mənə pis münasibət göstərirdi. Biz İstanbula getdik və onların gözləri qarşısında mənə mükafat verdilər. Sonra mənə dedilər ki, səni Ankaraya da dəvət edirlər. Amma mənim vizam bitirdi. Heyətin rəhbəri dedi ki, mən qadağan edirəm. Növbəti gün səfir şəxsən maşınla mənim arxamca gəldi. Mənim vizamın vaxtını uzatdılar. Ankarada da görüşlər keçirdim. Beləliklə, mən Türkiyədən məmnun döndüm.
- Siz və xanımınız həm də Atatürkün “Nutuk” əsərini rus dilinə çevirmisiniz.
- Yelena uzun illər Moskvada Türkiyə radiosunda tərcüməçi işləyib. Yeri gəlmişkən, həmin radioda tanınmış Azərbaycan tarixçisi Ziya Bünyadovun xanımı da çalışıb. Yelena tərcüməçilik işini Rusiyanın Türkiyədəki səfirliyində davam etdirib. Hətta təqaüddə olsa da, bu səfirliyin xüsusi tərcüməçisidir. “Nutuk” ilk dəfə orijinal mətndən yüksək səviyyədə rus dilinə tərcümə edilib. Buna 3 il yarım vaxt sərf edildi. Kitabın redaktoru olaraq Ankarada təqdimat mərasimini keçirdik. Belə bir kitabın tərcüməsi və təqdimatı mənim üçün böyük şərəf idi. Hazırda da türkologiya fəaliyyətlərimə davam edirəm. Ümumiyyətlə, bizim ailəmizdə üç türkoloq var. Oğlum Aleksandr Vasilyev müasir türkologiya ilə məşğuldur. Hazırda Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Şərq tarixi kafedrasının əməkdaşı olmaqla yanaşı, Rusiya Dövlət Humanitar Elmlər Universitetində mənim qurduğum “Rus-Türk Təhsil və Araşdırma Mərkəzi”nin direktorudur. Bir sıra kitabların müəllifidir. Tez-tez türkdilli ölkələrə səfər edir, tədqiqatlar aparır. Sevinirəm ki, belə bir davamçım var. Bizim Azərbaycan tarixçiləri ilə də yaxşı əlaqələrimiz var. Onların dəvəti ilə Bakıda konfransda iştirak etmişik. Bu gün yenə də əminliklə deyirəm ki, mənə qarşı edilən təzyiqlərə baxmayaraq, türkologiya elmini seçdiyimə görə heç vaxt peşman olmamışam.
Mehparə SULTANOVA
Mədəniyyət.- 2019.- 11
yanvar.- S.5.