Bütün dünya – bir ünvan
15 yanvar Vikipediya günüdür
Bu gün qlobal miqyasda informasiyanın əlçatanlığı bilavasitə müasir texnologiyalarla bağlıdır. Beynəlxalq səviyyədə məlumat bazasının – Vikipediyanın yaradılması isə çağımızın ən mühüm nailiyyətlərindəndir.
Vikipediya – internetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediyadır. Yarandığı dövrdən – 2001-ci ilin əvvəllərindən internetdə viki texnologiyası ilə işləyən nəhəng layihə hazırda ən çox istifadə edilən məlumat bazası hesab olunur.
Əslində, layihənin tarixi 1999-cu ildən başlayır. Baş redaktor və təşkilatçı Larri Senqer, “Bomis” kompaniyasının icraçı direktoru, layihənin maliyyə dəstəkçisi Cimmi Ueyls viki texnologiyası əsasında onlayn ensiklopediya yaratmaq qərarına gəlir və onu “Nupediya” (NuPedia.com) adlandırırlar. Nupediya virtual ensiklopediyası 2000-ci ilin martında fəaliyyətə başlayır. İngilis dilində yaradılmış bu ensiklopediyanı viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəssislər tərəfindən məqalələrin dəqiq yoxlanılması təşkil edirdi. Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun dayandırılması haqqında qərar qəbul edildi və 2003-cü ilin sentyabr ayında bağlandı.
Nupediya ensiklopediyası əsasında yaradılmış Vikipediya açıq ensiklopediyası isə 2001-ci ilin 15 yanvar tarixində internetdə fəaliyyət göstərməyə başlayır. Nupediyadan fərqli olaraq Vikipediyada məqalələr könüllü internet istifadəçiləri tərəfindən yoxlanılırdı ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olurdu. Ensiklopediyanın adı ingilis texniki termini olan “wiki” (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində “tez” deməkdir) və “encyclopedia” (ensiklopediya) sözlərindən yaranıb. Cimmi Ueyls və Larri Senger tamamilə ayrı fəlsəfəyə əsaslanan, biliklərini paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə dünyanın ən dolğun internet ensiklopediyasını yaratmaq qərarına gəlmişdilər. Bu təşəbbüs özünü doğrultmuş və Vikipediya qısa zamanda dünyanın ən məşhur 25 internet saytı sırasına daxil olmuşdu.
2009-cu ildə aparılan araşdırmalara görə, ingilis dilində olan Vikipediya dünyanın ən çox oxunan və internet istifadəçilərinin tez-tez müraciət etdikləri saytlar arasında 1-ci yeri tutmuşdu. Vikipediyanı “Britannika” kimi digər internet ensiklopediyalarından fərqləndirən əsas cəhət onun açıq olması, yəni istənilən internet istifadəçisinin onu redaktə edə bilməsidir.
Vikipediyadan istifadə ilə əlaqədar olaraq onun məzmunu da inkişaf edir. Məzmunun modifikasiya etdirilməsi açıq və pulsuzdur, amma bütün dəyişikliklərin əvvəlki vəziyyətə qaytarılması xronoloji ardıcıllıqla qeyd edilir. Vikipediyanın hədəfi biliklərdən kollektiv istifadə, əməkdaşlıq şəraitində biliklərin mübadilə edilməsi, saxlanılması və optimallaşmasıdır. Bir qayda olaraq, hər səhifədə başqa səhifələrə çoxlu istinadlar olur; böyük vikilərdə hökmən iyerarxiya naviqasiyası var, lakin ondan istifadə etmək vacib deyil.
Vikipediyanın bu qədər müvəffəqiyyət qazanmasının əsas səbəbi müəyyən sahədə kifayət qədər çoxbilən və ya həmin sahədə baş verən yenilikləri xüsusi diqqətlə izləyən, kontent yaratmağa və ya onu redaktə etməyə vaxtı və həvəsi olan insanlar tərəfindən yaradılmış materiallardır.
Onu da qeyd edək ki, Vikipediyanın Azərbaycan dili bölməsi 2004-cü ilin yanvarında yaradılıb.
Aynurə ƏLİYEVA
Mədəniyyət.- 2019.- 11
yanvar.- S.6.