Çax, ey
şimşək! Yağ, ey
yağış! Sən də dönmə vəfadan...
Bir neçə il öncə Rusiyada bir eksperiment aparmışdılar: məşhur filmlərdə xoşbəxt sonluqla bitən eşq hekayətlərini adi insanların başına gəlmiş əhvalat kimi psixoloqlara danışmış, onlardan həmin cütlüklərin həyatının necə davam edəcəyi barədə proqnoz istəmişdilər.
Onlar da Qəribə təsadüf və ya həmişə təmizlikdə, İşdə məhəbbət macərası, Moskva göz yaşlarına inanmır və digər filmlərin əsas qəhrəmanlarının ekranda başlayan aşiqliyinin ömür boyu davam edəcək ailə xoşbəxtliyinə çevrilməyəcəyini demişdilər. Yəni ekranda, səhnədə gördüyümüz qeyri-adi başlanğıclı sevgi macərası kənardan baxanda maraqlı, məqbul görünür, salona keçəndəsə
Ötən ilin dekabrında Bakı Uşaq Teatrı Rövşən Ağayevin Bir gecənin nağılı pyesi əsasında hazırladığı Sevgi şimşəyi tamaşasını təqdim etdi.
Böyüklər üçün nəzərdə tutulmuş və iki iştirakçısı olan bu yığcam əsərdəki əhvalat axşamdan xeyli keçmiş parkda başlayır və səhər hava açılanda bitir.
Təsadüfən işdən gec qayıdan, kitablarla yatıb-duran, böyük elmi kəşflərin eşqilə yaşayan aspirant Oğlan (Mehman Piriyev) sevmədiyi adama nişanlanmaq istəmədiyi üçün evdən qaçıb Heykəlin (Ədalət Ağaverdizadə) kölgəsinə sığınan, yaşı, işi, təhsili qeyri-məlum, amma qəşəng Qızla (Gülər Ləzgiyeva) tanış olur. Əslində, Oğlan tanış olmur, Qız parkda tək gecələməkdən qorxduğu üçün onu yanında qalmağa məcbur edir.
Bizim teatrların son mövsümlərdə çox maraq göstərdikləri bu pyesin məzmununu danışmaq niyyətimiz yoxdur. Çünki Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində oynanılmış (son iki mövsümdə adına afişada rast gəlməsək də), təxminən bir il əvvəl isə Səda teatrında çox maraqlı quruluşla təqdim edilən səhnə əsəri paytaxt teatrsevərlərinin diqqətindən yayınmayıb. Birpərdəli pyesdəki güclü dramaturgiya, quruluşçu rejissor və ifaçılar üçün öz bacarığını göstərmək, qəhrəmanları istənilən tərzdə təqdim etmək imkanının mövcudluğu Bir gecənin nağılına marağı azaltmır.
Elə Əməkdar artist İntiqam Soltanı da Bir gecənin nağılına müraciət etməyə bu yığcamlığın içindəki dramaturji genişlik vadar edib. Heykəldən başqa aktyorların öz obrazlarına münasibəti də fərqlidir. Yeri gəlmişkən, bir haşiyə də çıxaq ki, pyesdə Heykəl obrazı yoxdur. Ona Sevgi şimşəyi tamaşasının yaradıcı heyəti can verib. Bu yozumla da pyesi öz janrına komediya janrına daha da yaxınlaşdırıb. Üstəlik, aktyor Ədalət Ağaverdizadə boz qranit rəngli qrimi və qəvvas geyiminə bənzəyən eyni rəngli libası, əsl naturaçı kimi tərpənməz duruşu, lakin baş verənlərə öz münasibəti ilə Heykəli tamaşanın əsas qəhrəmanlarından birinə çevirir.
Mehman Piriyevin qəhrəmanı öz halından məmnun görünür. Uşaqlıqdan onun beyninə yeridilmiş ən düzünü ana bilər, ən yaxşısını ana edər, hamıdan çox ana sevər aksiomları valideynlər üçün rahat oğul yetişdirsə də, o, uşaqlığı, yeniyetməliyi, gəncliyi əlindən alınmış cavandır. Qıza rast gələnədək Oğlan itirdiklərinin, böyründən vıyıltı ilə ötüb keçən illərin fərqində də deyil. Müəllifin ideyasına görə, elə Oğlan qədər ev uşağı olan, ən vacib qərarları böyüklərin verdiyi ailədə böyümüş Qız onu bir güclü qadının anasının əlindən alaraq sevgilisinin təsirinə salmalı, ona bu dünyada ən vacib qərar ərəfəsində cəsarətli olmağı anlatmalıdır.
Lakin Gülər Ləzgiyeva öz obrazının faciəsi kimi qələbəsini də bir qədər səthi oynayır və tamaşaçıda Oğlanın ruhunu durğunluqdan çıxarmaq üçün qəsdən rola girmiş, Hamletsayağı Siçan tələsi qurmuş fərasətli qız təsiri bağışlayır.
Bununla belə, Sevgi şimşəyi tamaşası birnəfəsə baxılır və əsas tamaşaçı kontingenti gənclər olan Bakı Uşaq Teatrının ən baxımlı və maraqlı tamaşalarından biri olaraq repertuarda möhkəmlənəcəyi bəllidir.
O ki qaldı yazının əvvəlində yada saldığımız əhvalata, yəni əsər qəhrəmanlarının eşq macərasının başlama tərzinə əsasən onların gələcək taleyi barədə psixoloji proqnoza, buna getməyə dəyməz. Çünki müəllif öz pyesinə Bir gecənin nağılı adı verməklə öncəgörənlik edib. Bu dünyada gecə danışılan bütün nağıllar bir səhər bitir. Lap nağıl min bir gecə davam etsə də
Gülcahan MİRMƏMMƏ
Mədəniyyət.- 2019.- 11
yanvar.- S.1;4