Dilçilik elmində zəngin irs
Görkəmli alimə həsr olunan kitabın təqdimatı keçirildi
Yanvarın
10-da M.F.Axundzadə adına Milli Kitabxanada filologiya elmləri
doktoru, professor Sayalı Sadıqovanın “Dilçilik elmində
Afad Qurbanov irsi” kitabının təqdimatı keçirildi.
Kitab
görkəmli alim, türkoloq, müasir Azərbaycan
dilçilik elmində onomastika elmi məktəbinin banisi,
akademik Afad Qurbanovun (1929-2009) anadan olmasının 90 illiyinə
həsr edilib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə akademiyanın Ədəbiyyat İnstitutu, Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm, təhsil müəssisələrinin əməkdaşları iştirak edirdilər.
Əvvəlcə Afad Qurbanovun kitablarından ibarət sərgiyə baxış keçirildi. Sərgidə alimin Azərbaycan dilçiliyi, ümumi dilçilik və türkologiyaya dair dərslik və monoqrafiyaları, habelə barəsində yazılmış kitablar və müxtəlif vaxtlarda ona hədiyyə edilən nəşrlər nümayiş olunurdu.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək Afad Qurbanovun elmi axtarışlarından və insani keyfiyyətlərindən söz açdı: “Bu gün tanınmış bir insanın, həyatda gözəl iz qoyub gedən bir alimin işığına, eyni zamanda Afad Qurbanovun elmi yaradıcılığına işıq tutan bir kitabın təqdimatına toplanmışıq. İnsanı həyatda yaşadan onun özündən sonra qoyduğu izdir. Görkəmli alim onu həyatda yüz illərlə yaşadacaq bir irs yaradıb”.
Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Afad Qurbanovun həyat və yaradıcılığından söz açdı. Onun geniş elmi yaradıcılığı ilə Azərbaycan dilçiliyinin inkişafında mühüm xidməti olduğunu qeyd etdi. Bildirdi ki, adı dilçi korifeylərlə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan elminə, təhsilinə həsr edib. O, eyni zamanda fundamental əsərlər yaradan, alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloqlarımızdan biri idi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov qeyd etdi ki, Afad Qurbanov bir çox ölkələrin linqvistik və onomastik elmi cəmiyyət və təşkilatlarının həqiqi və fəxri üzvü seçilmişdi. Azərbaycan onomastika məktəbi onun adı ilə bağlıdır. Hazırda dilçiliyin bu sahəsində alimin onlarla yetirməsi çalışır.
Kitabın müəllifi, Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova nəşr haqqında məlumat verdi. Bildirdi ki, institutun Elmi şurasının qərarı ilə nəşr olunmuş monoqrafiyada Afad Qurbanovun çoxşaxəli elmi yaradıcılığından bəhs edilir.
Tədbirdə daha sonra AMEA-nın müxbir üzvü, tarixçi alim Vəli Əliyev, Dilçilik İnstitutunun əməkdaşı, professor İsmayıl Məmmədli, professor Nizami Xudiyev, Xalq şairi Nəriman Həsənzadə, Pedaqoji Universitetin dekanı, professor Buludxan Xəlilov və başqaları çıxış edərək Afad Qurbanovun Azərbaycan elminə töhfələrindən söz açdılar, xatirələrini bölüşdülər.
Sonda alimin oğlu Ramin Qurbanov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 11
yanvar.- S.1-2.