Çin telekanalında Azərbaycanın
təqdimatı
Tarixi ənənələri və müasirliyi birləşdirən ölkə
Çinin
“Travel Channel” internet televiziya kanalının “Dünyaya
baxış” proqramının növbəti
buraxılışı Azərbaycana həsr olunub.
Verilişdə
Azərbaycanın tarixi, zəngin mədəni irsi, coğrafi
mövqeyi, turizm potensialı və mətbəxindən
söz açılıb. Qeyd olunub ki, Şərqi Avropa ilə
Qərbi Asiya arasında yolların qovuşuğunda yerləşən
“Odlar diyarı” – Azərbaycan tarixi ənənələri və
müasirliyi birləşdirən ölkə olmaqla
yanaşı, qədim və sirli abidələri, rəngarəng
təbiəti ilə də diqqəti cəlb edir.
Verilişdə
xalqımızın tarixində və mədəniyyətində
xüsusi yeri olan odla bağlı abidə və ənənələrdən,
o cümlədən “Yanardağ”dan, “Atəşgah” məbədindən,
müasir Bakının rəmzi olan “Alov qüllələri”ndən
söz açılıb. Bundan başqa, paytaxt Bakının
tarixi və müasir görkəmindən, bir neçə əsrlik
tarixi olan və UNESCO-nun Mədəni irs siyahısında yer
alan İçərişəhərdən, haqqında rəvayətlər
gəzən Qız qalasından, Qobustan qoruğundan ətraflı
bəhs olunub.
Azərbaycanın təbii gözəlliklərindən də danışılan verilişdə palçıq vulkanları haqqında söhbət açılıb. Bildirilib ki, Azərbaycan bu növ vulkanların sayına görə dünyada birinci yerdədir. Tamaşaçılara təbii şəfaverici xüsusiyyəti olan Naftalan neftinin bir çox xəstəliklərin müalicəsində və qadınların dərilərinə qulluq məqsədilə istifadəsi barədə də məlumat verilib.
Verilişin qonağı olan Azərbaycanın Çindəki səfiri
Əkrəm Zeynallı aparıcıların və
tamaşaçıların ölkəmizlə bağlı
suallarını cavablandırıb. Sonda
proqramın aparıcısı tamaşaçıları Azərbaycana
səyahəti tövsiyə edərək, onları həm
özünəməxsus tarixi abidələrin,
həm də müasir Avropa
üslubundakı binaların yanaşı olduğu
Bakını görməyə çağırıb.
Mədəniyyət.- 2019.- 11
yanvar.- S.8.