Sənətə həsr olunan
ömür – sənətşünas taleyi
Ziyadxan Əliyevin 70 illiyinə həsr
edilmiş sərgi və kitab
təqdimatı
Yanvarın
9-da Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə
Səmədova adına sərgi salonunda Əməkdar incəsənət
xadimi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru Ziyadxan Əliyevin 70 illiyi münasibətilə təşkil
edilən sərginin açılışı oldu.
Onu təbrik etməyə həmkarları, sənətsevərlər, tələbələri və ictimaiyyət nümayəndələri gəlmişdilər.
Tədbiri ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq Ziyadxan Əliyevin sənətşünaslıq fəaliyyətini yüksək dəyərləndirdi. Qeyd etdi ki, o, ARİ-nin Tənqid və sənətşünaslıq bölməsinin sədri kimi milli incəsənətimizin fəal şəkildə təbliğilə məşğul olur. Bu işdə onun yazdığı kitablar, çoxsaylı məqalələr ayrıca təqdir edilməlidir. Uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olan sənətşünas özünün layiqli ardıcıllarını yetişdirir.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov rəhbərlik etdiyi təhsil ocağının müəllimi Z.Əliyev haqqında yüksək sözlər söylədi, ona fəaliyyətində uğurlar dilədi.
Mədəniyyət Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov yubilyarın insani keyfiyyətlərindən söz açdı.
Miniatür Kitab Muzeyinin yaradıcısı, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova da yubilyara səmimi ürək sözlərini yetirdi.
Sənətşünas Telman İbrahimov həmkarını sənətşünasların ağsaqqalı adlandırdı.
Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi Z.Əliyevin Azərbaycan təsviri sənətinin tanıdılmasında əməyini yüksək dəyərləndirdi.
Şair-publisist Azər Abdulla sənətşünas dostu ilə bağlı xatirələrini bölüşdü.
Sonda çıxış edən yubilyar haqqında deyilən uca sözlərə görə natiqlərə, eləcə də onu sayıb gələn sənətsevərlərə minnətdarlığını bildirdi.
Sonra sərginin açılışı oldu. Sərgidə Z.Əliyevin vaxtilə haqqında yazılar yazmış Azərbaycan rəssam və heykəltəraşlarının əsərləri nümayiş etdirilir.
Bildirək ki, Z.Əliyev 1974-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib. Ardınca İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun Sənətşünaslıq fakültəsində təhsil alıb. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində başlayan Z.Əliyev əvvəlcə elmi işçi, sonra isə Qərbi Avropa və rus incəsənəti elmi şöbəsinin müdiri vəzifəsində çalışıb.
Z.Əliyev həm də təsviri sənətimizin müxtəlif sahələrinə aid çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Onun yüzdən çox elmi məqaləsi həm Azərbaycanda, həm də xaricdə nüfuzlu jurnallarda dərc olunub. O, 1989-cu ildə nəşr olunmuş “Azərbaycan ekslibrisi” kitabında ilk ekslibrisin – kitab nişanının Avropadan da çox qabaq Şərqdə – Azərbaycanda yaradıldığını sübut edib. Onun “M.M.Nəvvabın rənglər aləmi” kitabında rəssamın təsviri sənət sahəsində bütün irsi ətraflı təhlil edilib.
Z.Əliyev çoxsaylı kitabların və kataloq mətnlərinin müəllifidir. Xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığının öyrənilməsinə ömrünün uzun illərini həsr edib.
Tədbir çərçivəsində Z.Əliyevin 70 illik yubileyinə həsr olunmuş “Sənətşünas taleyi” kitabının təqdimatı da oldu. Kitaba onun müxtəlif illərdə qəzet və jurnallarda çap olunmuş məqalələri və sənət haqqında fikirləri daxil edilib.
S.QALİBOĞLU
Mədəniyyət.- 2019.- 11
yanvar.- S.3.