Gənc rəssamın “Həyat şəfqəti”
“İstəyirəm ki,
əsərlərim insanlarda yaşamaq arzusunu
oyatsın”
Bakının
yeni cəlbedici məkanlarından olan “Ağ Şəhər”
rəsm qalereyasında yanvarın 14-də gənc rəssam
Fidan Əliyevanın rəngkarlıq əsərlərindən
ibarət “Həyat şəfqəti” adlı fərdi sərgisi
açıldı.
Sərginin
açılış mərasimində çıxış
edən Azərbaycan Dövlət Rəsm Qalereyasının
direktoru Qalib Qasımov rəssamın yaradıcılıq
axtarışları barədə danışdı. Bildirdi
ki, gənc olmasına baxmayaraq, məzmunlu rəsm əsərləri
ilə diqqəti cəlb edən Fidan Əliyevanın bu fərdi
sərgisi həm də onun sənətsevərlərə
növbəti yaradıcılıq hesabatıdır.
“Rəssam
Azərbaycanın mədəni mühitində yaxşı
tanınır. Bu sərgidə nümayiş olunan əsərlər
rəssamın özünəməxsus yanaşma tərzini
göstərir. Fidan xanım ətrafda gördüyü
bütün gözəllikləri əsərləri vasitəsilə
insanlara çatdırmağa çalışır. Onun
yaradıcılıq karyerasında bir neçə sərgi
var. 2016-cı ildə Muzey Mərkəzində rəssamın
“Günəşə doğru” adlı ilk fərdi sərgisi
açılıb. 2017-ci ildə növbəti sərgi xaricdə
- Tbilisidə reallaşıb. Bir ildən sonra Fidan Əliyevanın
ilk əsəri Luvrda Azərbaycan rəssamlarının
vernisajında nümayiş etdirilib. Həmin il Fidan həm də
Bakıda “White Studio Gallery” və “Art Tover” qalereyalarında
gerçəkləşən iki qrup sərgisində
iştirak edib”, - deyə o, bildirib.
Nümayiş olunan əsərlərin orijinallığı ilə seçildiyini söyləyən Xalq rəssamı Səlhab Məmmədov sərginin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu əsərlərin içində peyzaj və natürmort janrında olanlar üstünlük təşkil edir. Sərgi gənc rəssamın peşəkarlığından xəbər verir. Fidan Əliyevaya yeni yaradıcılıq uğurları arzulayan S.Məmmədov onun gələcəkdə ölkənin tanınmış fırça ustalarından biri olacağına inamını ifadə etdi.
Gənc rəssamın yaradıcılığından danışan müəllimi – Xalq rəssamı Sakit Məmmədov qeyd etdi ki, sərgilənən əsərlərdə daim axtarışda olan, fərqli yaradıcılıq üslubuna malik rəssamın dəst-xətti aydın görünür. O, tələbəsinin istedadından və yaradıcılığından söz açdı, sənətə sevgisindən, yaratdığı hər bir əsərin mükəmməlliyindən bəhs etdi.
Tədbirdə Əməkdar rəssam Rəşad Mehdiyev, rəssamlar Turan Muxtarzadə və Cəmilə Həşimova da gənc həmkarlarının sənət dünyasından söz açaraq, ona yeni yaradıcılıq uğurları arzuladılar.
Sərginin təşkilatçılarına və mərasimin iştirakçılarına minnətdarlığını bildirən Fidan Əliyeva yaradıcılıq axtarışlarını davam etdirəcəyini, sənətsevərlərin qarşısına yeni əsərlərlə çıxacağını söylədi: “Mən tamaşaçılara pozitiv emosiyalar bəxş etməyə çalışıram. Bu səbəbdən əsasən gülləri təsvir edirəm. Çalışıram ki, güllər insanlarda ən gözəl hislər yaratsın, onları biganə olmamağa, yaşanan hər bir anı qiymətləndirməyə çağırsın. Bir sözlə, istəyirəm ki, əsərlərim insanlarda yaşamaq arzusunu oyatsın. Güllər Günəşə doğru can atdığı kimi, insanlar da həyata - yaşamağa doğru can atmalı, məyusluğa və problemlərə təslim olmamalıdır. Bu işdə onlara kömək etmək, xeyirxahlıq, sevgi və sevinc enerjisini bölüşmək istəyirəm”.
Sonra iştirakçılar sərgi ilə tanış oldular.
Sərgidə Fidan Əliyevanın 40-a yaxın əsəri nümayiş etdirilir. Onun tablolarına düşündürücü kompozisiya həlli xasdır. Əsərlərindən görünür ki, müəllif daha çox parlaq çalarlarla işləməyə üstünlük verir. Hər bir əsəri avtoportret təsiri bağışlayır və bütün tablolardan sanki onun əhval-ruhiyyəsi və hisləri süzülür. Onun əsərlərində rəng palitrası zəngin, bəzən isə təzadlar üzərində qurulur. Yaradıcılığında Azərbaycan təbiətinin gözəlliyini əks etdirən əsərlər də xüsusi yer tutur. Əsərlərin mövzu dairəsi genişdir – gülləri və meyvələri təsvir edən natürmortlar günəşli yay və həzin payız mənzərələri ilə əvəzlənir. Rəssam sanki yaradıcılıq azadlığı havasını hiss edərək təxəyyülündə olanları tablolara köçürür.
Bakıda doğulan rəssam “ADA” Universitetinin məzunudur. Xüsusi
rəssamlıq təhsili
olmasa da, sənətin sirlərinə
Azərbaycan Memarlıq
və İnşaat Universitetində fərdi rəsm məşğələlərində,
Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında, Londonda Müqəddəs Martin adına
İncəsənət və
Dizayn Kollecində incəsənət kurslarında
yiyələnib.
İstedadlı rəssamın böyük
maraqla qarşılanan
sərgisi yanvarın
21-dək davam edəcək.
FARİZ
Mədəniyyət.- 2019.- 16
yanvar.- S.4.