Göyə baxan daşlar

 

 

Heykəltəraş Fazil Nəcəfov haqqında film təqdim edilib

 

“Aydınlığa doğru” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən ADTV-nin istehsal etdiyi, Xalq rəssamı Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş “Göyə baxan daşlar” sənədli filmi yanvarın 12-də təqdim edilib. Təqdimat mərasimi “Leyla Xəzəri” özəl sənət qalereyasında keçirilib.

Ssenari müəllifi Lalə Əliyeva sənədli filmin ərsəyə gəlməsi ilə bağlı qonaqlara məlumat verib, Fazil Nəcəfovun heykəltəraşlıq sənətimizin canlı korifeyi olduğunu vurğulayıb.

Rejissorlar Mahir Dərviş və Əbdülqəni Əliyevin ərsəyə gətirdikləri filmin nümayişindən sonra filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı ekran əsəri və Fazil Nəcəfov haqqında təəssüratlarını bölüşüb: “Mən Fazil müəllimin ömründə gördüm ki, insan fitrətinə uyğun iş görəndə xoşbəxt olur. Fazil kimi insanları unutmamaq lazımdır. Çünki unutmağın cəzası unudulmaqdır. O, insana, bəşəriyyətə sevgi dolu insandır. Onun yaradıcılığında ədalət var, sülhə çağırış var, məhəbbət var”.

Qeyd edək ki, “Göyə baxan daşlar” sənədli filmi Fazil Nəcəfovun 83 illik ömür yolundan, fəlsəfi baxışlarından bəhs edir. Filmin adı Xalq rəssamının yaratdığı heykəltəraşlıq nümunələrinin fiqurundan – göyə baxmasından götürülüb. Film F.Nəcəfovun Bilgəhdə yerləşən bağ evində çəkilib.

 

Mədəniyyət.- 2019.- 16 yanvar.- S.5.