Musiqili filmlərimiz – səhnədən
ekrana
“Arşın mal alan”dan üzü bəri. I yazı
Kinematoqraf yaranandan bəri teatrdan ilham alıb. Məşhur
romanlar, povestlər, pyeslərlə yanaşı, nə qədər
qəribə olsa da, səssiz film dövründə də
musiqili əsərlərə müraciət olunub, opera və
operettaları ekranlaşdırmağa cəhd edilib.
Nümunə üçün çox uzağa getməyə
dəyməz.
1916-cı ildə Bakıda Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettasını “Filma” səhmdar cəmiyyətinin
lentə aldığını yada salaq. Düzdür,
rus rejissor Boris Svetlovun filmi (operator – Qriqori Lemberq) sənət
nöqteyi-nəzərindən uğurlu alınmamış və
1917-ci ilin yanvarında “Forum” kinoteatrında bir neçə dəfə
göstərildikdən sonra Üzeyir bəyin təkidi ilə
nümayişi dayandırılmışdı. Yeri gəlmişkən, filmdə əsas rolları
Hüseynqulu Sarabski (Əsgər), Mirzağa Əliyev
(Süleyman), Ələkbər Hüseynzadə (Soltan bəy),
Əhməd Ağdamski (Gülçöhrə)
oynamışdı.
Dünya kinosunda da belə nümunələr olub. Məsələn,
1913-cü ildə Rusiyada Vasili Qonçarovun və Pyotr
Çardıninin “Romanovlar sülaləsinin hakimiyyətə
gəlişi” (digər adı – “1613”), eləcə də bir
il əvvəl çəkilişi yarımçıq
qalmış “Çar uğrunda həyat” adlı filmi
M.İ.Qlinkanın eyniadlı operasının (sonralar bu opera
“İvan Susanin” adı ilə tanındı) motivləri əsasında
çəkilibmiş.
Ümumiyyətlə isə, əsl, yəni səsli
musiqili filmlərin tarixi 1927-ci ildən başlayır. Həmin il
ABŞ-da “Caz müğənnisi” filmi ekrana çıxır,
1930-cu ildə kinonun vətəni Fransada Röne Kler “Paris
damları altında” filmi təqdim edilir. Bu
günədək populyarlığını saxlayan “Şən
uşaqlar” ilk musiqili sovet filminin “doğum” tarixi isə
1934-cü ilə təsadüf edir.
Azərbaycanda
ilk milli musiqili film
də
ya “Arşın mal alan”, ya da “O olmasın, bu olsun” olmalı
idi. Yəni məntiq bunu deyir. 1945-ci ildə
ekranlara çıxmış “Arşın mal alan”
filmi ilk növbədə gözəl aktyor heyəti və
Üzeyir bəyin operettasının “nöqtə-vergül”ünə
toxunulmaması, süjet xəttinə kinonun tələb etdiyi
elementlərin əlavə edilməməsi ilə diqqəti
çəkir. Bu film barədə təxminən elə 1945-ci
ildən bəri
danışılıb-yazıldığına görə, Böyük
Vətən müharibəsinin qızğın
çağlarında sırf ideoloji baxımdan (Amerika bizi
qabaqlamasın, ABŞ rejissoru (erməni əsilli) sovet vətəndaşı
olan bəstəkarın əsərini öz adına
çıxmasın deyə) “Arşın mal alan” filminin
çəkilişləri baş tutdu. Artıq
illərdir ki, nə SSRİ var, nə onun siyasəti.
Amma bizə Rəşid Behbudov, Leyla Bədirbəyli, Lütfəli
Abdullayev kimi böyük istedad sahiblərinin sənət
hünərini ilk dəfə göstərən, Azərbaycan
incəsənətinə mübaliğəsiz dünya
şöhrəti gətirən “Arşın mal alan” adlı
filmimiz var. “Arşın mal alan” (1945) həm də SSRİ
Dövlət (Stalin) mükafatına layiq
görülmüş ilk Azərbaycan filmidir.
86 dilə
dublyaj edilmiş, dünyanın 136 ölkəsində göstərilmiş,
cəmi 8 qəhrəmanı olan və 4 toyla başa
çatan xoş sonluqlu film bir neçə il öncə rəngli
formatda bərpa olunaraq sənət ömrünü
yaşayır.
1956-cı
il. Afişalar yeni komediya
filminin ekranlara çıxmasından xəbər verir. Rejissor Hüseyn Seyidzadə Üzeyir bəyin “O
olmasın, bu olsun” komediyasının motivləri əsasında
(ssenari müəllifi – Sabit Rəhman) eyniadlı film çəkir.
İllərdir ki, milli telekanalların bayram günlərində
proqramına daxil etməyi vacib sandığı “O olmasın, bu olsun” filmi
zamanında heç də birmənalı
qarşılanmır. Quruluşçu rejissor H.Seyidzadə və
ssenari müəllifi S.Rəhman bazar və hamam səhnələrini,
əsərdəki hadisələrə dəxli olmayan Mirzə
Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Əzim
Əzimzadə və Hüseyn Ərəblinski kimi tarixi şəxsiyyətləri
filmdə göstərdiklərinə, ümumiyyətlə, o
illərdə Tiflisdə çıxan “Molla Nəsrəddin”
jurnalının redaksiyasının Bakıya “köçürülməsi”
faktını filmə gətirdiklərinə görə ciddi
tənqid atəşinə tutulurlar, zövqsüzlükdə
ittiham olunurlar. Bütün
deyilənlərə rəğmən, “O olmasın, bu olsun”
filmi baxıldı və sevildi. Digər tərəfdən,
bu film oynadığı heç bir teatr tamaşasının
videolenti saxlanılmayan onlarla gözəl teatr aktyorunu
canlı görmək, onları tanıtmaq və bu insanların sənət
məharəti barədə təsəvvür yaratmaq
üçün yeganə mənbə olaraq önəmlidir.
1965-ci ildə
ekranlara çıxacaq ikinci “Arşın mal alan” filminədək “Azərbaycanfilm”
kinostudiyasında iki məşhur operetta əsasında bədii
film çəkildi.
“Romeo mənim
qonşumdur” və “Ulduz”
Ötən əsrin altmışıncı illərində
beynəlmiləl Bakının simasını komik cizgilərlə
yaradan, qarışıq nikahların təbliğ olunduğu
“Romeo mənim qonşumdur” operettası çox məşhur
idi. Rauf Hacıyevin 1959-cu ildə tamamladığı
“Qonşular” operettası 1960-cı ildə rejissor Niyaz Şərifovun
quruluşunda o vaxtkı Azərbaycan Dövlət Musiqili Dram
Teatrının rus bölməsində tamaşaya qoyuldu.
Əsər tez
bir zamanda məşhurlaşdı
və artıq növbəti teatr mövsümündə
operetta Moskva Dövlət Operetta Teatrının repertuarına
daxil edildi. Moskvada əsərə daha kreativ
münasibət bəsləyərək onu “Romeo mənim
qonşumdur” adı ilə səhnəyə
çıxardılar. Tamaşanın
görünməmiş uğuru – mükəmməl musiqi,
maraqlı süjet xətti, qəhrəmanların
düşdükləri məzəli situasiyalar, digər tərəfdən
də sovet insanına yaraşmayan xüsusiyyətlərin tənqidi,
xırda meşşanlığın gülüş hədəfinə
çevrilməsi əsərin aktuallığını
artırır və ona kino tamaşaçısının
böyük marağını proqnozlaşdırırdı.
Bu proqnozu verənlər yanılmırdılar.
Təkcə bunu demək kifayətdir ki, Rəşid Behbudovun
filmin baş qəhrəmanı Arifin dilindən oxuduğu
“Sevgilim” mahnısı çox keçmədi ki, həm Azərbaycan,
həm də rus dilindəki mətni ilə bütün
SSRİ-də sevənlərin qeyri-rəsmi himninə
çevrildi.
Rejissor Şamil Mahmudbəyovun V.Yesman və İ.Prutun
ssenarisi əsasında çəkdiyi musiqili filmin
yaradıcı heyəti də qəhrəmanları kimi beynəlmiləl
idi. Məhz bu cəhət 1990-cı illərdə Azərbaycan
kinosevərini uzun illər bu filmə həsrət qoydu.
Atası azərbaycanlı, anası rus olan Arifin qonşu Nonaya
aşiqliyini ekranda da olsa, milli münaqişə zəminində
“həzm etmək” çətin olduğundan “Romeo mənim
qonşumdur” bir müddət mavi ekrandan
yığışdı. Lakin bu filmin ərsəyə
gəlməsi, eləcə də həyatda filmdəki hadisələrə
bənzər olayların illər uzunu tez-tez təkrarlanması
faktı bizim bir xalq olaraq tolerant düşüncə sahibi
olduğumuza dəlalət etdiyi üçün film yenidən
mavi ekranda nümayiş bəraəti qazandı.
Təsadüfə bax ki, 16 yanvar tarixi “Romeo mənim
qonşumdur” filminin “doğum günü”dür. İlk dəfə
1964-cü il yanvarın 16-da Bakıda
geniş ekranda nümayiş olunmuş filmin bu gün 55
yaşı tamam olur.
1964-cü
il operetta motivləri əsasında çəkilmiş
filmlər baxımından Azərbaycan kinematoqrafı
üçün ən məhsuldar il olub. Həmin il müasir sovet gənclərinin sevgisindən
bəhs edən, sovet cəmiyyətinə yad ictimai
ünsürlərin tənqid atəşinə tutulduğu
ikinci məşhur bir operetta kino həyatını
yaşmağa başlayır. Süleyman Ələsgərov
və Sabit Rəhmanın birgə
yaradıcılığının məhsulu olan “Ulduz”
operettası ekranlaşdırıldı.
Maraqlıdır ki, Üzeyir Hacıbəylinin “Arşın
mal alan” (1945) və “O olmasın, bu olsun”
(1956) filmlərinin ssenarisini qələmə almış, Azərbaycanda
ən məhsuldar komedioqraf olan Sabit Rəhman öz pyesinin film
ssenarisini yazdı. 1948-ci ildə yazılan, müharibədən
sonra dirçələn kənd təsərrüfatında
çalışan savadlı gənclərin əldəqayırma
alim və şöhrətpərəst rəhbərlərə
qarşı mübarizəsinin əksi kimi nəzərdə
tutulmuş “Ulduz” operettası əsərdə ikinci plan
obrazların – elmi tədqiqat institutunun təsərrüfat
müdiri Məhəmmədlə (Lütfəli Abdullayev) ferma
briqadiri Züleyxanın (Nəsibə Zeynalova) həm teatr səhnəsində,
həm də kino ekranında təkrarlanan əvəzsiz dueti əsəri
əsl komik melodrama çevirmişdi. Buna
görə də film çəkilərkən teatrda bu
rolların ifaçıları ilə birlikdə Azərbaycan
musiqili teatrının ən koloritli aktyorlarından olan Bəşir
Səfəroğlu da Gülümsərov roluna təsdiq
edildi. Onların teatrdakı həmkarları Əzizağa
Qasımov (Əliş), Məleykə Ağazadə (Nazilə),
Nəcibə Behbudova (Tamam), Məmmədsadıq Nuriyev (Bayram),
Hacıbaba Bağırov (Möhsün), Səyavuş Aslan
(Şubay) və başqaları da bu filmdə rol aldılar.
“Ulduz” filminin uğuru, yarım əsrdən artıq (ilk
dəfə 29 mart 1965-ci ildə nümayiş olunub) müddətdə
sevilə-sevilə seyr edilməsi göstərir ki,
quruluşçu rejissor Ağarza Quliyev operettada
çıxış etmiş bir sıra aktyorları çəkiliş
meydançasına gətirməklə heç də səhv
etməyib.
Bir maraqlı cəhət də ondadır ki, “Ulduz” filmi
çəkildiyi zaman operetta Musiqili Komediya Teatrının
repertuarında var idi. Əsərin 1964-cü il premyerasından
(quruluşçu rejissor – Əliheydər Ələkbərov)
sonra teatr bir də 1997-ci ildə “Ulduz”a müraciət edir və
tamaşa… repertuarda möhkəmlənə bilmir.
“Romeo mənim qonşumdur” operettasının taleyi isə
tamam başqa cür davam edir. 2003-cü ildə teatr
bu əsərə yenidən müraciət edir. Rejissor Faiq Zöhrabov və Elxan Ocaqov ona Azərbaycan
dilində yeni libretto yazır, qəhrəmanları tam milliləşdirərək
“Talelər qovuşanda” adı ilə təqdim edirlər.
Rauf Hacıyevin gözəl musiqisi, əbədi
qonşu savaşına məhəbbətin son qoyması kimi
süjet xətti əsərin artıq 15-ci
mövsümdür səhnədə qalmasının əsas
təməlidir.
Azərbaycan milli kinosunun tarixi musiqili filmlərlə
çox da zəngin olmasa da, söhbətimiz davam edəcək.
Gülcahan
MİRMƏMMƏD
Mədəniyyət.- 2019.- 16
yanvar.- S.5.