Sənətdə yaşayan qan yaddaşı
Təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin qanlı səhifələrindən biri
olan 1990-cı ilin 20 Yanvarı, illər bir-birini əvəzləsə
də, təkcə xalqımızın qan yaddaşında deyil, həm də sənət əsərlərində,
rəsm və heykəltəraşlıq nümunələrində,
musiqilərdə yaşayır. Bu əsərlərdə
faciənin doğurduğu
dərin hüzn ilə bərabər, Azərbaycan xalqının
iradəsi, yenilməzliyi
əks olunub...
Görkəmli fırça ustası
Rasim Babayevin “Təcavüz”, rəngkar Hacırza Fərzəliyevin
“Ağlı-qaralı dünya”,
Fikrət İbrahimovun
“Gələcək naminə”,
Həmzə Abdullayevin
“Çərxi-fələk”, İsmayıl İsmayılovun
“Həqq tərəzisi”,
Qafar Seyfullayevin “Öncə vətəndir...”,
Asim Səmədovun “Ruhlar” və s. tablolarında qanlı gecənin acılı-ağrılı
yaşantıları yaddaqalan
bədii ifadəsini tapıb. Qrafika ustası Arif Hüseynovun “Qara tağlı natürmort”, Fəxrəddin Məmmədvəliyevin
“Qara yanvar” və Arif Ələsgərovun
“20 Yanvar” qrafik əsərləri, Kirman Abdinin plakat janrında silsilə əsərləri Azərbaycan
xalqının məruz
qaldığı qanlı
təcavüzə münasibəti
təcəssüm etdirir.
Rəssam İlqar Əkbərov 20 Yanvar faciəsinə həsr olunmuş ilk əsərini 1990-cı ildə
çəkib. Sonralar yaradıcılığında
bu mövzuya bir neçə dəfə müraciət
edib. “Şəhidlər”
əsəri Rüstəm
Mustafayev adına
Milli İncəsənət
Muzeyində nümayiş
olunan sərgilərdə
yer alıb. Xalq rəssamı Xanlar Əhmədov 20 Yanvar mövzusunda “Ana harayı”,
“Bir güllə vurulmuş ata və oğul” və digər əsərlərin müəllifidir.
Başqa rəssamlarımızın
da bu mövzuda
əsərləri var. Rövşən
Məmmədovun “Torpağın
harayı”, Oqtay Quliyevin “Matəm”, Bayram Qasımxanlının
“Faciələrimiz” (triptix)
rəsmləri qan yaddaşımıza sənətkar
baxışıdır.
Azərbaycanın müxtəlif bölgələrində
20 Yanvar faciəsi qurbanlarının xatirəsinə
həsr olunmuş sənət əsərləri,
xatirə kompleksləri
ucaldılıb. Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov
küçələrinin kəsişməsində
Qanlı Yanvar şəhidlərinin xatirəsinə
memorial abidənin maraqlı
kompozisiyası var. Xatirə
kompleksinin mərkəzində
hündürlüyü postamentlə
birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Abidə kompleksinin memarı Ədalət Məmmədov,
heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.
Kompleksin üzərində
20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə ümummilli lider Heydər Əliyevin Qanlı Yanvar hadisələri ilə bağlı dediyi
“1990-cı il yanvarın
20-si Azərbaycanın tarixinə
ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın
qəhrəmanlıq səhifəsi
kimi daxil olmuşdur” sözləri qızılı hərflərlə
həkk olunub.
Bəstəkarlarımız da bu ağrılı
mövzuya dəfələrlə
müraciət ediblər,
xalqımızın qan
yaddaşına həsr
olunmuş bir çox əsərlər
meydana gəlib. Görkəmli
bəstəkarlar Cövdət
Hacıyevin “Şəhidlər”
simfoniyası (1990), Hacı
Xanməmmədovun solist
və xalq çalğı alətləri
orkestri üçün
“Əlimdə sazım
ağlar” poeması
(1991), Azər Rzayevin
“Bakı-90” simfoniyası, Vasif
Adıgözəlovun ”Qəm
karvanı” oratoriyası
və digər əsərlər faciənin
miqyasını notların
dili ilə göstərib. Arif Mirzəyevin orqan üçün “Yanvar mərsiyələri”, Nazim
Quliyevin “Şəhidlər”,
Zabitə Məmmədovanın
solist, xor və orkestr üçün “Elegiya”, Ramiz Mustafayevin “Bu qan yerdə qalan deyil”, Aydın
Əzim Kərimoğlunun
orkestr üçün
“Qətl günü”,
Sevda İbrahimovanın
“Vətən şəhidləri”,
Cavanşir Quliyevin xor üçün “Şəhidlər”, Azər
Dadaşovun solistlər,
xor və simfonik orkestr üçün “20 Yanvar”,
Rauf Əliyevin xor və simfonik
orkestr üçün
“Azadlığa gedən
yollar” və başqa əsərlər
Qanlı Yanvarın musiqi təcəssümüdür.
Mobil Babayev bu
mövzuda kantata, Sərdar Fərəcov simfonik poema, başqa bəstəkarlarımız
müxtəlif janrlı
əsərlər yaradıblar.
Tarix bütün
hadisələri özündə yaşadır. 20 Yanvara həsr olunmuş sənət
əsərlərində həm tarix
yaşadılır, həm də xalqımızın qəhrəmanlığı
təbliğ olunur. Nə qədər ki, Azərbaycan incəsənəti var, qan
yaddaşımıza həmişə müraciət olunacaq və tarixi həqiqətləri
yaşadan yeni əsərlər
yaranacaq.
Mədəniyyət.- 2019.- 18
yanvar.- S.4.