Özbəkistan telekanalında Azərbaycan mədəniyyətindən söz açılıb

 

 

 

Daşkənddəki “Məhəllə” televiziya kanalının “Xalqlar və mədəniyyətlər” adlı verilişi Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) fəaliyyətinə həsr olunub. Verilişdə ölkəmizin zəngin mədəniyyətinə, incəsənətinə, mətbəxinə və adət-ənənələrinə geniş yer verilib.

Verilişdə AMM-in direktoru Samir Abbasov mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr və milli mədəniyyətimiz haqqında məlumat verib.

Verilişdə AMM-də yaradılan “Azərbaycan dövlətçiliyi tarixi muzeyi” barədə, mərkəzin “Odlar yurdunun naxışları” adlı muzeyində sərgilənən qədim Qarabağ, Şirvan, Quba, Naxçıvan, İrəvan və s. xalçalar haqqında məlumat verilib. Həmçinin mərkəzin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının ifasında “Uzundərə”, “Mirzəyi”, “Xançobanı”, “Nəlbəki” və s. rəqslərimiz nümayiş etdirilib. Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva milli rəqslərimiz haqqında danışıb.

Proqramda AMM-in foyesində yaradılan “Azərbaycan milli libasları” stendi də göstərilib, xalqımızın geyim mədəniyyəti haqqında məlumat verilib.

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.3.