“Mən aktrisa olmaq üçün dünyaya gəldim...”
Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr
olunan tədbir keçirildi
Yanvarın
16-da Beynəlxalq Muğam Mərkəzində görkəmli
teatr və kino xadimi, Xalq artisti Amaliya Pənahovanın xatirəsinə
həsr olunan “Mən aktrisa olmaq üçün dünyaya gəldim”
adlı tədbir keçirildi.
Tədbir Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı, Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Söz” ədəbi layihəsi çərçivəsində reallaşdı.
Gecədə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək görkəmli aktrisa barədə xatirələrini bölüşdü: “Yaşadığımız dünyadan başqa, ayrı dünya da var. Yaddaş, xatirələrin dünyası... Bu xatirələr dünyasında ölüm-itim, vaxt yoxdur. Mən xatirələrimə qayıdanda gözlərimin önündə Azərbaycan Dövlət Akademik Dram Teatrında səhnəyə çıxan gənc bir aktrisa - Amaliya xanım canlanır. Səhnəyə çıxdı və səhnəyə özü ilə birgə gəncliyin təravətini, cazibəsini gətirdi. Sonralar bir çox obrazlar yaratdı. Mən çox xoşbəxtəm ki, sənət yollarımda Amaliya xanımla birgə işlər görmüşəm. O, Akademik Dram Teatrında Təhminə obrazını canlandırdı. Ən böyük arzularından biri də bu obrazı kinoda da yaratmaq idi. Təəssüf ki, bu ona nəsib olmadı. Bu gün Amaliya xanım aramızda yoxdur. Amma təsəlli odur ki, xatirələr aləmi də gerçək dünya qədər realdır. Amaliya xanım da minlərlə seyrçisinin, heyranının qəlbində yaşayacaq”.
Kinorejissor, Xalq artisti Eldar Quliyev teatr və kino sənətimizə dəyərli töhfələr vermiş aktrisanın mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər saldı. Bildirdi ki, Amaliya Pənahovanın sənəti onu sevənlərin qəlbində həmişə yaşayacaq: “O, sənətinin vurğunu idi. Peşəkar aktrisa idi, heç bir roldan imtina etməzdi və rejissorlar onunla işləməkdən zövq alırdı. Amaliya xanım sənətdə, səhnədə, kamera qarşısında yaşayırdı”.
Xatirə gecəsində Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Qənirə Paşayeva və başqaları Amaliya Pənahovanın bənzərsiz sənət dünyasından, özünəməxsus yaradıcılıq axtarışlarından, bir-birindən maraqlı obrazlar qalereyasından söhbət açdılar.
Bildirildi ki, sənətkarın adı Azərbaycan teatrının böyük bir dövrü ilə bağlıdır. O, yüksək ustalıqla həyat verdiyi obrazlarla tamaşaçıların yaddaşına əbədi həkk olunub. On doqquz yaşında səhnəyə çıxan aktrisa ömrünün 50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına həsr edib. O, 1964-cü ildən ömrünün sonunadək teatrda, kinoda, televiziya tamaşalarında 300-dən artıq müxtəlif səpkili, Azərbaycan teatr sənətinin silinməz tarixinə çevrilən parlaq obrazlar yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla xatun, Məhsəti, Larisa, Ofeliya, Linza və digərləri teatr salnaməmizə qızıl hərflərlə yazılıb.
Qeyd olundu ki, böyük istedada malik aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb, 10-dan çox teatr və televiziya tamaşasına quruluş verib. Bu tamaşaların çoxu lentə alınıb, hazırda televiziyanın fondunda saxlanılır.
Amaliya Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətinə malik olması idi. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradan Amaliya xanım orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edərək onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün səylərini əsirgəməyib. Teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə yüksək dövlət təltiflərinə layiq görülüb.
Xatirə gecəsində sənətkarın uzun müddət rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrı aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olundu, teatr səhnəsində və kinoda canlandırdığı filmlərdən fraqmentlər nümayiş etdirildi.
Fariz HÜSEYNOV
Mədəniyyət.- 2019.- 18
yanvar.- S.1;3.