80 ölkənin səfiri xoşməramlı səfirin yubileyində

 

 

 

Polad Bülbüloğlunun təşəbbüsü ilə Zurab Seretelinin 85 illiyi qeyd olunub

 

Moskvada akkreditə olunmuş diplomatik korpusun duayeni, Azərbaycanın səfiri Polad Bülbüloğlunun təşəbbüsü və Rusiya Xarici İşlər Nazirliyinin Dövlət protokol departamentinin dəstəyi ilə Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı, UNESCO-nun xoşməramlı səfiri Zurab Seretelinin 85 illiyi qeyd olunub.

Zurab Sereteli adına İncəsənət qalereyasında keçirilən tədbiri açan RF XİN-in Dövlət protokol departamentinin direktoru İqor Boqdaşov rəssamın yubileyinin keçirilməsi ideyasına görə Polad Bülbüloğluna təşəkkürünü bildirib. O, xoşməramlı səfir Zurab Seretelinin yubiley gecəsinə 80 ölkənin səfirinin toplaşmasını əlamətdar hadisə kimi qiymətləndirib, sənətkara cansağlığı arzulayıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yubilyarı təbrik edərək deyib ki, Zurab Sereteli bütün həyatı boyu öz sənəti ilə ölkələri və xalqları birləşdirib: “Bu güno, yubiley gecəsində təbriklərimizi çatdırmaq, bir-birimizlə ünsiyyət qurmaq üçün müxtəlif ölkələrin səfirlərini bir yerə toplayıb”.

Müstəqil Dövlətlər Birliyi işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin (Rossotrudniçestvo) rəhbəri Eleonora Mitrofanova yubilyara “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” döş nişanını təqdim edib.

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiyanın Əməkdar incəsənət xadimi, M.M.İppolitov-İvanov adına Dövlət Musiqi Pedaqoji İnstitutunun rektoru Valeri Vorona və digər çıxış edənlər sənətkarı yubileyi münasibətilə təbrik ediblər.

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.2.