Çox keyfiyyətlərilə
birinci – I Şah Abbas
Avropada “Böyük
Abbas”, sənədlərdə “42 illik Əzəmət” və
390 ildir xalqının xatirəsində “Cənnətməkan
şah oğlu”...
Bu şahın taxt vaxtınadək bütün vilayətləri
(Qarabağ, Ərdəbil, Lənkəran istisna) Osmanlı və
digər dövlətlərin əlinə keçmiş Azərbaycan
(cahanşümul dövlətçilik nümunəsi
yaradıcısının ünvanına K.Marks kimi bir
ideologiya kralının qələmindən “on dörd ildə
on dörd ölkə fatehi” fikrini saldırmış
Qızılbaş səltənəti) bənzərsiz milli mədəniyyət
və hərbi potensialından məhrum edilməkdə,
şanlı Səfəvilər məmləkəti tənəzzülə
uğramaqda idi.
Uşaqlıq
çağlarımda (ötən əsrin 50-60-cı illəri),
bircə səhifə belə tarix oxumamış babamın barəsində
heç nəyi dəqiq bilmədiyi bu şahın sadəliyi,
xəlqi qayğı-sayğıları haqda işlətdiyi
(“yeri behiştdik”, “canı cənnətdik”, “adil
qılınclı” və s.) sözlərin havası məni
bu yazıya onun elə bu cəhətlərindən
başlamağa səslədi.
Məsələn;
1627-ci il
tarixli, “Muhammad Qasim” imzalı sənədə görə, bu
böyük hökmdar, öz dövr-dünyasını heyran
qoymuş sərkərdə-şah xalqın yaddaşında,
keçirdiyi islahatlar, geniş quruculuq, uğurlu hərbi əməliyyatlar
və ölkənin gələcəyi naminə
apardığı köçürmələr siyasətilə
bərabər, “ən adilliyi, ağıllılığı,
tez-tez “təğyiri-libas” olub, “xalqa oxşaması” ilə
qalıb. O, ölkənin vəziyyətini yaxından öyrənməkçün
tərk-libas olub, ya təkbaşına, ya da vəzir-vəkillərilə
xalqın içində gəzər, çörəkçidən
çörək, qəssabdan ət alaraq saraya dönüb,
çəkisi düz olmayan məhsul sahiblərini dərhal cəzalandırardı.
Hərbi yürüşlər zamanı xalq
arasına çıxar, yerli məmurların xalqla necə
davrandığını araşdırar, şikayət edilənlərin
“dərsini verib”, qəsəbə-şəhər hakimlərini
dəyişərdi. Onun sarayında
olmuş avropalı səyyahlardan italyan Della Vallenin xatirələrinə
görə, “ortaboy, yaşıl gözlər, qısa alın
və incə çənəyə malik bu qüdrətli
şah bir qayda olaraq sadə geyinər, zinət şeylərindən
istifadə etməzdi. Yalnız
qılıncının qəbzəsi qızıldan idi.
O, sadə xalqa bərəkətli torpaqlar, sürülər hədiyyə
etməkdən, digər ehtiyaclarını ödəmələri
məqsədilə mal-pul paylamaqdan yorulmazdı”.
Səfəvi
tarixçisi, “Dünyanın bəzəyi olan Abbasın
tarixi” əsərinin müəllifi İsgəndər bəy
Münşi: “...O, son dərəcə hiddətli təbiət,
odlu-alovlu xasiyyət, qüvvət, əzəmət,
şövkət, cah-cəlal və padşahlıqla
yanaşı, özündə olduqca mülayim, yumşaq, dərviş
xarakteri və sadəlikləri cəmləşdirib. O,
mülayim və həlim vaxtlarında saray adamlarıyla o qədər
qaynayıb-qarışır ki, sanki onlarla dost və
qardaşdır”.
Görkəmli
Azərbaycan şairi Abbasqulu ağa Bakıxanovun
“Gülüstani-İrəm”indən: “Şah Abbas məmləkəti
abad etmək və rəiyyətin asayişi işlərində
bütün dünyada məşhurdur. Onun bir
çox mülki və əsgəri qanunları İran
şahları üçün rəhbər olmuşdur. Avropa tarixçiləri bu padişaha “Böyük” ləqəbi
vermişlər. O, xalq arasında indi də adil sifətilə
tanınmaqdadır. İctimai binalar və xeyriyyə
müəssisələri tikdirməkdə bu padişahın
misli olmamışdır. Onun təlim-tərbiyəsi
sayəsində bir çox fazil şəxslər öz
dövrünün başçılarından olmuş, dünya
şöhrəti qazanmışlar. İşinin
çoxluğuna baxmayaraq o, kamil adamlarla müsahib olmağa
mail, gözəl təbi-şerə malik idi”.
Bu
şahın doğma dilimizə verdiyi önəmin (sarayda
yalnız azərbaycanca danışmağın məcburi və
zəruriliyi) dərəcəsini reallıqla
anlamaqçün bir daha D.Vallenin məktubuna (may,
1618) diqqət yetirək: “Şah mənim türk dilini
bilib-bilmədiyimi soruşdu, “xoş gəldi, səfa gəldi”
deyərək səyahətimin səbəbləri haqda məni
türk dilində sorğu-sual etdi”.
Digər
tarixi sənədlərdən seçmələr: Şah I
Abbas daxili iğtişaş və xarici müdaxilələr
qarşısında məhvolma təhlükəsi
qarşısında qalan Səfəvi dövlətini nəinki
xilas etmiş, həmçinin ona ən qüdrətli bir
dövr yaşatmışdır. Elə bu səbəbdən
tarixçilər onu Qanuni Sultan Süleymana bənzədiblər.
“O, mahir hərbi strateq kimi, diplomatik yolla həll ediləsi
münaqişəni müharibəyə çevirməyə
tələsməz, əgər başqa yol yox idisə,
döyüş meydanında ordusuna mükəmməl komandan
kimi rəhbərlik edər, cəsur bir
döyüşçü kimi özünü təhlükəyə
atmaqdan çəkinməzdi. Verdiyi əmrlərin
əməliyyəsində o dərəcədə qətiyyətli
və güzəştsizdi ki, cavabdehlərin bunları ləngimədən
həyata keçirməkdən başqa çarəsi
qalmırdı”.
Bu
şahın alim, həkim, şair, musiqiçi, rəssam,
memar və digər sənət adamlarına hamiliyilə
bağlı bircə faktı xatırladaq: Məsihi,
S.Əfşar, M.M.Qəzvini və hamısının təxəllüsü
“Təbrizi” olan Şəmsəddin, Qasım, Əbdüllətif,
Əlirza, Molla Abdulla və Saib onun sarayında
çalışıb, burada
“çalçıbaşı”nın rəhbərlik etdiyi
saray orkestri fəaliyyət göstərib, “Şah
kitabxanası”nda dini və dünyəvi məzmunlu
saysız-hesabsız kitab olub. İsfahanda
ucaltdığı saray və məscidlər Səfəvi
memarlıq məktəbinin şedevrləri sayılıb.
Ölkənin müxtəlif ünvanlarından
dəvət olunmuş sənətkar və ustaların
yaşaması üçün onun əmrilə xüsusi məhəllə
salınıb.
Bütün
bunlar isə bu şahı Azərbaycan xalqının
süjetli nağıl-dastan, rəvayət və “gündəlik
tələbat” söhbətlərinin daimi qəhrəmanına
çevirib...
İndisə,
qırx iki illik hakimiyyəti dövründə dünya
gedişatına çox mühüm izlər qoymuş bu
hakimin doğum və “təxti-rəvan” tarixçələri,
habelə yuxarıda bəhs edilən əfsanəvi mülki
keyfiyyətlərini daha da şöhrətləndirib-“status”laşdırmış
saysız-hesabsız hərbi-hökmi fəaliyyət
arsenalından –
Bəzi
epizodlar
1571-ci
ilin yanvarında Heratda doğulan, Azərbaycan tarixinin çox
görkəmli, Şah İsmayıldan sonra Səfəvilər
sülaləsinin ən tanınmış nümayəndəsi
olan Abbas hələ yaşyarımlıq ikən (atası –
şahzadə Məhəmməd Xudabəndə Şiraza vali
təyin edildiyi üçün) Herat valisi seçilir və
xüsusi qabiliyyətlərə malik Sultan Ustaclı onun təlim-tərbiyə
lələsi təyin olunur. 1578-ci ildə Xudabəndə
şah seçilən zaman Herat valisi kimi vəzifəsini davam
etdirən Abbas üç il sonra (oktyabr
1587, 16 yaşında) şah elan edilib, Səfəvi
taxt-tacına əyləşdirilir.
Daxili problemlərin və Azərbaycanın bütün əsr
boyu siyasi gərginlik yaşadığı Osmanlı
imperiyası ilə münasibətlərin həllinə vaxt
qazanmaqçün danışıqlara başlayan şah
1590-cı ildə İstanbul sülhünü imzalayaraq, Azərbaycanın
əksər torpaqları və Səfəvilərə məxsus
Gürcüstan ərazisini Osmanlı dövlətinə verməli
olur. Bu “qaçılmaz düşkünlük”dən
sonra tezliklə ölkəni çətin vəziyyətdən
qurtarmaqçün daxili iğtişaşlara son qoyub maliyyə
vəziyyətini yaxşılaşdırmaq və
güclü nizami ordu yaratmaq işlərinə
başlayır. Lakin 1600-cü illərin əvvəlində
portuqallara qarşı hərbi əməliyyatlara başlamaq məcburiyyətində
qalır və “Allahın iradəsi, döyüş qəhrəmanlarının
gücü” ilə İran körfəzinə
çıxışları olan qalalarla Bəhreyn adalarını
ələ keçirir.
Qarşıda
isə daha mühüm-müqəddəs vəzifələr
dururdu; hər iki tərəfdən (Osmanlı-Azərbaycan)
olan babalarından (Sultan Səlim-Şah İsmayıl) miras
qalmış xəta-əda nəticələrini aradan
qaldırıb, başçılıq etdiyi məmləkətin
tarixi sərhədlərini bərpa etmək! Xüsusən də,
dövlət üçün böyük iqtisadi və mədəni
əhəmiyyəti olan Azərbaycan ərazisini Osmanlıdan
geri almaq!
Çox məğrur (və buna tam haqqı olan) şah
bu məqsədlə nəzərdə tutduğu çox
irimiqyaslı savaş üçün ciddi
hazırlığa başlayır və 1603-1607-ci illər
müharibəsində qazandığı qələbələr
nəticəsində Azərbaycan ərazisi işğaldan
tamamilə azad olunur.
O öz
tabeçiliyində qalmış torpaqları (vahid inzibati ərazi
kimi) ümumilikdə “Azərbaycan” adlandırırdı...
Osmanlı
tarixçisi İbrahim Pəçəvi isə belə
yazmalı oldu: “Beləliklə, Osmanlı-islam
döyüşçülərinin 10-12 ildə əldə
etdikləri hər şey ikicə ildə itirildi...”
Və bu
böyük, ümummilli, özəl-özgür Qələbədən
–
Öncə-sonrakılar...
Hər biri aylar-illər, “su yerinə axan qanlar”, cürbəcür
faciələrlə müşayiət olunan o olaylar o qədər
çox ki, onları yalnız qaçaraq sürət, ixtisar,
bəzilərinisə müxtəsər işarətlərlə
sadalamaq mümkün.
İrili-xırdalı
bir çox savaşlardan sonra 1593-cü ildə ilk dəfə
(və böyük təntənə ilə) Ərdəbilə
gəlib, Qızılbaşların nəzarətindəki Azərbaycan
vilayətlərini və Kür-Araz çayları
arasındakı geniş ərazini vahid Azərbaycan bəylərbəyiliyində
birləşdirən (sənədlərə görə, iki
ildə bu bəylərbəyilik qoşununun sayı 10 minə
çatır və rəsmi fərmanla “Azərbaycan
qoşunu” adlandırılır) bu şah Azərbaycanın
bütövlüyünü, onun “vüqarlı adını
qorudu, onun Səfəvilər dövlətinə mənsub
olması fikrini sönməyə qoymadı”.
1598-ci ildə dövlətin paytaxtını cəbhə bölgəsinə yaxın olan Qəzvindən İsfahana köçürən şahın keçirdiyi maliyyə tədbirləri dövlət xəzinəsini zənginləşdirdi. Hərbi islahatlar nəticəsində qızılbaşlar, qulamlar, tüfəngçilər və artilleriyadan ibarət qoşun növləri təşkil edildi, Azərbaycan türklərindən ibarət qızılbaş süvari dəstələri bərpa olundu. Nəticədə odlu silahlarla təchiz edilmiş 116 minlik nizami ordu yaradıldı. Bu olayların canlı şahidlərindən Oruc bəy Bayat yazır: “İndi bizim ölkədə Fars əyalətlərinin hamısında tanınan və böyük nüfuza malik olan 32 nəcabətli sülalə var”.
1622-ci ildə Qəndəhar bölgəsini Moğollardan, Hörmüzüsə Portuqaliyadan geri alan şah iki il sonra Bağdadı ələ keçirməklə Səfəvi imperiyasının keçmiş sərhədlərini bərpa edir. 1626-1629-cu illərdə Osmanlı dövlətilə müharibədə mühüm uğur qazanaraq Ərəb İraqını ələ keçirir.
Bu şah sənədlərə Ağqoyunlu və Səfəvi dövlətləri tarixində (əlbəttə, Uzun Həsəndən sonra və ulu babası Şah İsmayılın xarici siyasət xəttinə sadiq qalmaqla) Qərb ölkələrilə ən sıx əlaqələr yaradan, onlarla diplomatik danışıqlar aparıb, itirilmiş əraziləri geri qaytarmağa lazımi köməklik göstərmələrini təmin edən hökmdar kimi də düşüb.
1629-cu il yanvarın 19-da Fərahabadda vəfat etmiş görkəmli Səfəvi hökmdarı Kaşanda dəfn olunub.
Tahir ABBASLI
Mədəniyyət.- 2019.- 18
yanvar.- S.6.