Görkəmli alimin xatirəsi anılıb

 

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, arxeoloq Qara Əhmədovun 90 illiyinə həsr edilmiş yığıncaq keçirilib.

AMEA-nın akademiki, İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova Q.Əhmədovun elmi fəaliyyətindən bəhs edib. Bildirib ki, tarixçi alimin tədqiqatları Azərbaycanın və bölgənin orta əsr dövrü maddi mədəniyyəti barədə geniş bilikləri ortaya çıxarıb. O, hələ ArxeologiyaEtnoqrafiya İnstitutu yaradılmamışdan əvvəl Tarix İnstitutunun nəzdindəki Arxeologiyaetnoqrafiya sektorunun elmi şurasına 20 il rəhbərlik edib. Bugünkü arxeoloqetnoqraflar Q.Əhmədov kimi alimlərin irsi üzərində yetişiblər.

ArxeologiyaEtnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova mərhum professorun həyat yolundanelmi yaradıcılığından söz açıb. Bildirib ki, Qara müəllimin tədqiqatları bu güntarixçi və arxeoloqların stolüstü kitablarıdır. Onun altı monoqrafiyası, yüzdən çox elmi məqaləsi işıq üzü görüb.

Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) direktoru, akademik Nailə Vəlixanlı qeyd edib ki, 7 cildlik “Azərbaycan tarixi” əsərinin ikinci cildində maddi mədəniyyətə aid bütün bölmələr Q.Əhmədovun əməyinin nəticəsidir. Qeyd edib ki, MATM-də sərgilənən ən qiymətli eksponatların bir hissəsi məhz Q.Əhmədovun uzun müddət rəhbərlik etdiyi Örənqala və Qəbələ arxeoloji ekspedisiyası tərəfindən aşkar edilib.

Görkəmli alimin aspirantı olmuş tarix üzrə elmlər doktoru Qafar Cəbiyev bildirib ki, Q.Əhmədov arxeologiya üzrə ilk elmlər doktoru, sənətkarlıq tarixinin əsasını qoymuş ilk arxeoloq olub. Onun “Örənqala (qısa tarixi-arxeoloji oçerk)”, “Orta əsr Beyləqan şəhəri”, “Qəbələ (tarixi-arxeoloji oçerk)” kimi əsərləri Azərbaycan arxeologiyası və tarix elmi üçün əvəzedilməz töhfələrdir.

Akademik Teymur Bünyadov, tarix üzrə elmlər doktorları Hidayət Cəfərov, Əsədulla Cəfərov, Abbas Seyidov, Mikayil Mustafayev, Cəbi Bəhramov və digər çıxış edənlər mərhum professor Q.Əhmədovla bağlı xatirələrini bölüşüblər.

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.6.