Azadlıq aşiqləri günü
20 Yanvara həsr olunmuş respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirildi
Yanvarın
17-də Xətai Sənət Mərkəzində “Azadlıq
aşiqləri günü – 20 Yanvar” adlı Respublika uşaq rəsm
müsabiqəsinin yekun sərgisi açıldı.
Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin dəstəyi, Dövlət Rəsm Qalereyası, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Mərasimdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov 20 Yanvar faciəsini xalqımızın milli azadlıq ruhunun təcəssümü kimi dəyərləndirdi. Bildirdi ki, həmin gecə şəhid olan vətən övladları bu gün müstəqil Azərbaycanın var olması üçün canlarından keçiblər. Məhz bu mübarizliyin sayəsində bizlər bu gün müstəqil Azərbaycanın vətəndaşlarıyıq.
Qeyd olundu ki, 20 Yanvar faciəsinin ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün qurumlarda tədbirlər keçirilir.
Direktor diqqətə çatdırdı ki, “Azadlıq aşiqləri günü” rəsm sərgisində məktəblilərin təqdim etdikləri əsərlərin hər birində uşaqların faciəyə baxışı öz əksini tapıb. Bu rəsmlərdə uşaqların sabaha inamı ilə yanaşı, həm də tarixin unudulmaması missiyası var. O məşum gecənin canlı şahidi, Əməkdar rəssam Rafael Muradovun “Qara Yanvar” əsəri uşaq və gənclər üçün örnək xarakteri daşıyırdı”.
Qalib Qasımov sərgiyə qatılan bütün uşaqlara, onların valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirdi.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Xətai Sənət Mərkəzinin rəhbəri Zahid Əvəzov 20 Yanvar faciəsinin sənətdə təsvirini xalqımızın yaddaşında yaşadılması, gələcək nəsillərə ötürülməsi baxımından vacibliyini vurğuladılar.
Sonda rəsm müsabiqəsinin iştirakçılarına diplomlar təqdim edildi.
Qeyd edək ki, müsabiqəyə paytaxt və bir sıra rayonlardan 400-ə yaxın uşaq 700-ə qədər əsər təqdim etmişdi. Münsiflər heyətinin rəyi ilə 110 uşağın 120-yə qədər əsəri həmçinin, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə 20-dən artıq yeniyetmə və gəncin əsərləri uğurlu işlər kimi sərgi üçün seçilib.
LALƏ
Mədəniyyət.- 2019.- 18
yanvar.- S.1-2.