Ziyalı məsuliyyəti, vətəndaş qeyrəti

 

Aydın Məmmədovun -75

 

Əslində, insanın ömrü uzun, ya qısalığı ilə deyil, qismətinə yazılan bu zaman kəsiyini necə yaşamaqla ölçülür. Bəxti illər bolluğu sarıdan gətirənlər olur, qısa ömründə yaxşı ad-san qazanıb yaddaqalan əməllərlə ədəbiləşənlər .

Mənim bəxtim nağıllarda olduğu kimi, həmişə üçdən gətiribdeyən görkəmli dilçi, türkoloq alim, ictimai-siyasi xadim Aydın Məmmədov (1944-1991) ikinci kateqoriyaya aid şanslılardan idi.

47 ilə sığdırdığı elmi irfan aydınlığı, siyasət, meydan öncüllüyü onu əbədi xatırlanacaq ölümsüzlər mərtəbəsində qərarlaşdırdı. Çünki o, yönünü çevirdiyi bütün sahələrdə professionallığını ortaya qoyur, örnəyə çevrilirdi...

Qışın buz yağdırdığı məqamlarda (16 yanvar) Şəkinin Kiş kəndində dünyaya göz açan Aydın Məmmədov hərarətli ömür yaşadı. Bu hərarət xalqın sabahlarını işığa qərq etməyə, elmli, mədəni, mütərəqqi dünyagörüşlü nəsillər yetişdirməyə yaradı. Qonşu Oxud kənd orta məktəbini qızıl medalla bitirmişdi. Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış, SSRİ EA-nın Dilçilik İnstitutunun Türk dilləri bölümünün aspiranturasında oxumuşdu. Orta məktəbdə müəllim olmuş, sonralar elm meydanında bilik qızıldan qiymətli ideallarını xalqın gələcəyi naminə xərcləməyə başlamışdı. Fəaliyyət istiqamətləri genişlənməkdə, məsuliyyət zəhməti sayəsində qazandığı şöhrəti isə artmaqda idi.

Aydın Məmmədov həqiqi alimlərdən idi. Elm adamı olmağın məsuliyyətini dərindən dərk edirdi. O, yurdumuza göz dikən yağılara tutarlı cavab verir, Azərbaycan türklərinin bu torpaqların əbədi-əzəli sakinləri olduğunu elmi əsaslarla sübuta yetirirdi. İstər ittifaq miqyaslıSovetskaya turkoloqiyajurnalının redaktor müavini, istərsə Bakıdakı Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün misilsiz işlər görürdü.

Tələbə yoldaşı dostu, türkoloq Tofiq Məlikli Aydın Məmmədovla bağlı xatirələrində yazır: “Moskvada oxuduğumuz illərdə biz Aydınla ayrılmaz dost olmuşduq... O, olduqca səmimi, sədaqətli, mehriban, hər şəkili kimi məzəli lətifələri bitib-tükənməyən bir insan idi. Aspirantlar axşamlar bir araya gələr, gördüyümüz işlərimizdən, siyasi vəziyyətdən, vətənlə bağlı eşitdiklərimizdən söhbət açardıq...1988-ci ildəKitabi-Dədə Qorqud”a həsr olunmuş ilk sovet-türk kollokviumunun Bakıda uğurla keçirilməsində Aydının böyük rolu olmuşdu”.

Ömrünün təxminən son on ilini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən Aydın Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan xalq hərəkatının ön sıralarında dayanırdı. Ayıq siyasətçi, demokratik fikirli ziyalı kimi baş verən hadisələrə özünəməxsus baxışı təsir imkanları vardı. Onu fərqli problemlərlə üzləşən insanların yanında görmək olardı. Güclü məntiqi, alovlu nitqi ilə on minlərlə insanı arxasınca aparmağı bacarırdı. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdi. Milli birlik yaratmaq, azadlıq demokratiya uğrunda hərəkatın konturlarını müəyyənləşdirmək istiqamətində mühüm işlər görürdü. Bədnam ermənilərin Qarabağa sahiblənmək üçün meydana çıxdığı zaman o, Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini idi...

1991-ci ilin aprelindəhəmişə üçdən gətirən bəxtibu dəfə sankiayağını dirəmişdi”, ömür yoluna keçilməz bir daş qoymuşdu...

Xalq şairi Sabir Rüstəmxanlı Aydın Məmmədovun həyatdan vaxtsız gedişinə aşağıdakı misralarla ağı deyirdi:

Yarıldı yerin köksü-əbədiyyət qapısı,

Qəbristanlıq yolları dolub-daşdı adamla.

kəfənə çiləndi buludun göz yaşı

Baharın ilk yağışı...

cəmi beş-altı damla!

Yaşıla çalan gözlər, gizli qəm burulğanı,

Ölümün o üzündən yenə bizi salamlar!

Deyirlər ki, millətimiz göyərəcək içindən

Suyunu Tanrı versə -

cəmi beş-altı damla...

Yaşasaydı, 75 yaşını qeyd edəcəkdik... Aydın Məmmədov vətəndaş qeyrəti, alim zəkası ilə yaddaşlarda əbədi yaşayacaq...

 

Aynurə ƏLİYEVA

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.1;6.