Daha bir muğam konserti Lionda keçirilib

 

 

Ölkəmizin Fransadakı səfirliyinin Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) dəstəyi ilə Parisdəki “Theatre de la Ville”də təşkil olunan muğam konserti haqqında xəbər vermişdik. Azərbaycan muğam triosunun daha bir konserti Lion şəhərində keçirilib.

Musiqi axşamı Cümhuriyyət dövründə Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində gerçəkləşib.

Səfirliyin müşaviri Vaqif Ağayev çıxış edərək müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən, ötən il Cümhuriyyətin 100 illiyinin təntənə ilə qeyd edilməsindən danışıb. Bildirib ki, 1918-ci ildə Azərbaycanda bir sıra Avropa ölkələrindən əvvəl qadınlara seçki hüququ verilib. Səfirliyin əməkdaşı Azərbaycan muğam sənəti barədə söz açıb.

Bildirib ki, muğam şifahi ənənələrə əsaslanan klassik musiqi nümunəsi olaraq dərin tarixə malikdir. Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin mədəni irs xəzinəsinə daxil edilib.

ADFA-nın prezidenti Günel Səfərova da çıxışında Azərbaycan muğam sənəti barədə danışıb, bu musiqinin ifaçıdan yüksək yaradıcılıq tələb etdiyini bildirib.

Sonra əməkdar artistlər Elşən Mansurov (kamança) Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edib. Qarabağ şikəstəsi” tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanıb.

Tədbir iştirakçılarına “İRS” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş fransız dilində xüsusi nömrəsi paylanılıb.

 

Mədəniyyət.- 2019.- 18 yanvar.- S.7.