Dahi bəstəkarın
ocağında sənət görüşləri
Layihənin ilk
qonağı Bəstəkarlar İttifaqının sədri
Firəngiz Əlizadə idi
Xəbər verdiyimiz kimi, yanvarın 15-də Qara Qarayevin ev-muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti”, professor Firəngiz Əlizadə ilə görüş keçirildi. Görüş Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşəbbüsü ilə “Bəstəkarlarla görüş” layihəsi çərçivəsində təşkil edilmişdi.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq görkəmli bəstəkarın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, Firəngiz Əlizadə bəstəkar kimi beynəlxalq aləmdə yaxşı tanınır, sevilir, onun ecazkar musiqisi mədəniyyətimizi ölkəmizin hüdudlarından kənarda çox parlaq şəkildə təmsil edir. Bəstəkar “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt Graniza” baletləri, “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron” və s. müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlər, violonçel və orkestr üçün konsertlərin, böyük simfonik orkestr üçün “İthaf” və digər əsərlərin müəllifidir.
Direktor diqqətə çatdırdı ki, mədəniyyət naziri Əbülfəs Qarayevin tövsiyəsi ilə bu ildən başlayaraq muzeydə görkəmli bəstəkarlarla silsilə görüşlər keçiriləcək: “Yeni fəaliyyətə başlayan muzeydə bu silsilədən ilk görüşə də Qara Qarayev bəstəkarlıq məktəbinin yetirməsi və layiqli davamçısı, Xalq artisti Firəngiz Əlizadəni dəvət etmişik”.
Sonra Firəngiz Əlizadə çıxış edərək sənət həyatında böyük bəstəkar Qara Qarayevin mühüm rol oynadığından danışdı: “Biz ondan yalnız bəstəkarlıq deyil, həm də mənəviyyat dərsi almışıq. O, çox təvazökar, ziyalı insan idi. Bir müəllim kimi tələbələri arasında heç vaxt ayrı-seçkilik qoymazdı. Tələbələri ilə həmkar kimi rəftar edirdi. Onun həyatı tamamilə musiqi üzərində qurulmuşdu. Hərəkətlərində, danışığında, davranışlarında olan mədəniyyət daima özünü büruzə verirdi. Ölkəmizi dünya miqyasında şərəflə təmsil edən dahi bəstəkar öz tələbələrinin xatirəsində həmişə yaşayacaq”.
Firəngiz xanım Qara Qarayev haqqında yazdığı kitabdan bəhs etdi, kitabda dahi sənətkarla bağlı xatirələrinin də yer aldığını dedi.
Bəstəkar daha sonra özünün yaradıcılıq aləmindən danışdı, ötən il Niderlandın “Amsterdam Royal Concertgebouw” konsert sarayında Kral simfonik orkestrinin, xor və solistlərinin müşayiəti ilə “Nasimi Passion” əsərinin premyerasından söz açdı. Bəstəkar seçdiyi mövzudan bəhs edərək Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin fəlsəfi düşüncələrini bu əsərdə əks etdirməyə çalışdığını dedi. Bildirdi ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta əsr sufi fəlsəfəsi yanaşı işlənib...
Tədbirdə daha sonra dahi bəstəkar Qara Qarayevin qızı Züleyxa Qarayeva, Bakı Musiqi Akademiyasının professoru Həcər Babayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Raya Abbasova çıxış edərək Firəngiz Əlizadənin yaradıcılığından, “Nasimi Passion” əsərindən söz açdılar. Əsərə valeh olduqlarını qeyd etdilər. Diqqətə çatdırdılar ki, əsər çox maraqlı və möhtəşəmdir. Orkestrləşdirilmə də incəliklə qurulub.
Çıxışlarda o da vurğulandı ki, Firəngiz Əlizadənin bəstəkar kimi uğurları hər birimizin sevinci, musiqi mədəniyyətimizin uğurudur.
Çıxışlardan sonra görkəmli bəstəkarın əsərlərinin video ifaları səsləndirildi.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 18
yanvar.- S.5.