“İntizar”ın növbəti nümayişi tarixi faciəyə
həsr olunub
Görkəmli bəstəkar, Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operasının Akademik Opera və Balet Teatrının səhnəsində növbəti nümayişi tarixi faciəyə - 20 Yanvarın ildönümünə həsr olunub.
Əsər özündə Azərbaycan xalqının fikir və arzularını, vətənpərvərliyini və qələbəyə olan inamını tərənnüm edir. Operanın libretto müəllifi, akademik Nərgiz Paşayevadır.
Əsərdə əvvəlcə xoşbəxt ailəni görürük. Ailə Arif ilə Mələyin qarşıdakı toyuna hazırlaşır. Lakin Vətənimizin başı üzərini alan qara buludlar bu sadə və gözəl insanların ümid və arzularını həyata keçirməyə imkan vermir. Şəhərlər və kəndlər, çiçəkləyən bağçalar, ailə yuvaları dağıdılıb. Hər şey xaosa və tənhalaşmaya məruz qalıb. Nişan mərasimində “Qarabağ şikəstəsi”ni ifa etməsiylə yadda qalan ailənin kiçik övladı – gələcək Xilaskardan başqa bütün üzvləri həlak olur.
Operanın musiqisi ilk notlardan özünün dramatikliyi, lirik melodiyanın gözəlliyi, möhtəşəm xor səhnələri, orkestrin ustalığı ilə insanı ələ alır. Səhnədə baş verən faciəli hadisələri İnarə Babayeva (zərif Mələk), Fərid Əliyev (coşqun Arif), Əkrəm Poladov (alicənab Seyid kişi), Qərinə Kərimova (ailənin anası Əsli) bütünlüklə dərindən hiss edərək öz obrazlarını yaradıblar. İlham Nəcəfovun ifasında Gəlmə və Fəhmi Əhmədlinin ifasında İtkin mənfi obrazları da təsirlidir. Yaralı kəndçinin rolunu Tural Ağasıyev gözəl ifa edir.
Tərkibində yeni, gənc ifaçıların olmasına baxmayaraq, teatrın xoru (xormeyster – Sevil Hacıyeva) da öz ifası ilə tamaşaya ahəng qatırdı. Orkestri teatrın musiqi rəhbəri və baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edirdi. Səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
F.Əlizadənin 2007-ci ildə
yazdığı “İntizar” operası bir neçə quruluşda,
o cümlədən konsert
ifası formasında (dirijor – Xalq artisti Fəxrəddin
Kərimov), Heydər Əliyev Sarayının səhnəsində
tanınmış opera rejissoru,
Rusiyanın Xalq artisti
Dmitri Bertmanın rəngarəng əfsanəvi
təqdimatında da nümayiş etdirilib. Son versiya akademik
Nərgiz Paşayevanın rəhbərliyi ilə Heydər
Əliyev Fondunun layihəsi əsasında
yaradılıb. Azadlıqsevər Azərbaycan xalqının
faciəli və unudulmayan tarixi
səhifələrinə həsr edilən operanın müxtəlif
interpretasiyaları əsərin hələ də tükənməyən
potensialını nümayiş etdirir.
Mədəniyyət.- 2019.- 23
yanvar.- S.4.