Diplomatik korpusun
nümayəndələri Şirvanşahların irsi ilə tanış olublar
Şirvanşahlar Saray Kompleksində ötən ilin oktyabrından davam edən “Şirvanşahlar irsi dünya muzeylərində” adlı sərgi sona çatır.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri yanvarın 18-də sərgiyə baxıblar.
Əvvəlcə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov sərgi haqqında məlumat verib. Bildirilib ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə reallaşan sərgi “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil edilib.
Vurğulanıb ki, oktyabrın 23-də açılan sərgidə Şirvanşahlar dövləti zamanında yaradılmış dəyərli maddi mədəniyyət nümunələri təqdim edilir. Sərgidə ilk dəfə İstanbul Əsgəri Muzeyi və Gürcüstanın Milli İncəsənət Muzeyindən gətirilən nadir eksponatlar nümayiş olunur.
Qeyd edilib ki, XVI əsrin əvvəllərində qanlı döyüşlərdən sonra Şirvanşahlar sarayından qənimət kimi aparılan sonuncu Şirvan hökmdarı Fərrux Yasara aid 4 dəbilqə, Şirvanşah Keyqubad və Şirvanşah I Xəlilullaha aid zirehli köynəklər müvəqqəti də olsa öz doğma məkanında sərgilənir. Həmçinin sərgidə Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də yer alıb.
Diplomatlar sərgidən xoş təəssüratla ayrılıb.
Qeyd edək ki,
sərgi yanvarın 23-də başa çatacaq.
Mədəniyyət.- 2019.- 23
yanvar.- S.3.