Bəşəriyyət bu
tarixi unutmamalıdır
20 Yanvarın ildönümü
müxtəlif ölkələrdə qeyd
edilib
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvarın ildönümü bu il də ölkəmizin hüdudlarından kənarda geniş şəkildə qeyd edilib. Müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərimizin, diaspor təşkilatlarımızın təşəbbüsü ilə anım mərasimləri, sərgilər, musiqi axşamları keçirilib.
* * *
“Azərbaycan xalqı şəhidlərini heç zaman unutmayacaq. Bu, çox dəhşətli, təsəvvüredilməz hadisə idi... Çünki dövlət öz vətəndaşlarını tank altında qoyursa, bu, o deməkdir ki, bu cür dövlətdə yaşamaq olmaz! Yəqin bu səbəbdən də çox keçmədən Sovet İttifaqı dağıldı”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu fikirləri ölkəmizin Moskvadakı səfirliyində “Qara Yanvar”ın 29-cu ildönümünə həsr edilmiş tədbirdə səsləndirib.
Səfir eyni zamanda diqqətə çatdırıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt Sovet İttifaqının totalitar rejimi dövründə baş verənləri bugünkü demokratik Rusiya ilə eyniləşdirmir. Baxmayaraq ki, məsələni bu istiqamətə yönəltmək istəyənlər var.
Polad Bülbüloğlu Bakıda baş verən qanlı hadisələrin ertəsi günü, yanvarın 21-də Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasətçi Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycan səfirliyinin indiki binasına (o vaxt burada Azərbaycan SSR-nin Moskvadakı daimi nümayəndəliyi yerləşirdi – red.) gələrək baş verən hadisələrə özünün qəti etirazını bildirməsindən danışıb. Səfir deyib: “O vaxt Sovet İttifaqında ali rəhbərliyin ünvanına kiminsə bir kəlmə belə deməyə cürəti çatmırdı. Bunu ilk dəfə Heydər Əliyev məhz bu binada etdi. Buna görə də biz bu barelyefi qurmuşuq və bu, Azərbaycan liderinin həmin cəsarətli addımını bizə xatırladır”.
1990-cı ilin 20 yanvarı suveren Azərbaycanın tarixində əsas günlərdən biridir.
Bu fikri rusiyalı
politoloq, publisist Qriqori Trofimçuk bildirib. Politoloq 1990-cı ilin
20 yanvar hadisələrinin
Azərbaycanın gələcək
tarixində əhəmiyyətini
qeyd edərək deyib: “Mən özümün “Əlifba:
Azərbaycanı kəşf
edərkən” adlı
kitabımda yazmışam
ki, Mixail Qorbaçov Azərbaycan üçün ikinci Hitlerdir. Mən bu kitab üzərində işləməyə
başlamazdan əvvəl
Şəhidlər xiyabanını
ziyarət etmişəm,
əlimi şəhidlərin
başdaşılarına sürtmüşəm.
Məndə elə bir hiss var idi
ki, sanki onlar o günlərin faciəli enerjisini özlərində saxlayırlar”.
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev
vurğulayıb ki, həmin gecə Bakıda həlak olanlar müxtəlif millətlərin nümayəndələri,
Sovet İttifaqının
vətəndaşları idilər:
“Onlar həmin gecə eyni amalla ədalətsizliyə
qarşı etiraz etmək üçün çıxmışdılar. Əfsuslar olsun
ki, bu dəhşətli
fakta, SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun əməllərinə lazımi
qiymət verilməyib”.
Çıxışlardan sonra mərasim iştirakçıları səfirlik
binasındakı 20 Yanvar
şəhidlərinin xatirə
barelyefi önünə
qərənfillər düzüblər.
* * *
Azərbaycanın Fransadakı səfirliyinin
və UNESCO yanında
daimi nümayəndəliyinin
birgə təşkilatçılığı
ilə 20 Yanvar faciəsinin ildönümü
münasibətilə Paris yaxınlığındakı
Sen-Klu qəbiristanlığında
Əlimərdan bəy
Topçubaşovun və
Ceyhun Hacıbəylinin
məzarları ziyarət
edilib. Müstəqilliyimizin ilk nümayəndələrinin
qəbirləri üzərinə
əklil qoyulub.
Səfir Rəhman Mustafayev və UNESCO yanında daimi nümayəndəliyimizin
rəhbəri Anar Kərimov Qanlı Yanvarın ildönümündə
Cümhuriyyət qurucularının
qəbirlərinin ziyarət
edilməsinin rəmzi
məna daşıdığını
bildiriblər. Qeyd edilib ki, 20 Yanvar
qəhrəmanları 100 il öncə əsası qoyulan müstəqilliyimizi bərpa
etmək uğrunda həlak olublar.
* * *
Vyanada fəaliyyət
göstərən “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət
və İş Adamları Dərnəyinin
qərargahında anım
tədbiri keçirilib. Ölkəmizin Avstriyadakı səfirliyi ilə birgə təşkil olunan tədbirdə Azərbaycan
və türk diasporlarının fəalları,
yerli ictimaiyyətin nümayəndələri və
tələbələr iştirak
ediblər.
Səfir Qalib İsrafilov 20 Yanvar hadisələrinin tarixi barədə danışıb. Faciəyə həsr olunmuş
sənədli film nümayiş
olunub, şəhidlərin
ruhuna ehsan süfrəsi açılıb.
Azərbaycan səfirliyi Avstriya Mətbuat Agentliyi vasitəsilə Qanlı Yanvar hadisələri ilə bağlı bəyanat yayıb.
* * *
Belçikanın Ham şəhərində ölkəmizin
səfirliyi və Azərbaycan-Belçika Dostluq
Cəmiyyəti tərəfindən
anım mərasimi təşkil olunub. Səfir
Fuad İsgəndərov,
NATO yanındakı nümayəndəliyimizin
rəhbəri Qaya Məmmədov və Azərbaycan-Belçika Dostluq
Cəmiyyətinin rəhbəri
Ayxan Dəmirçi
20 Yanvarın xalqımızın
milli azadlıq mübarizəsinin şanlı
səhifəsini təşkil
etdiyini vurğulayıblar.
Ham şəhərinin meri Dirk De Vis çıxışında
ölkələrimiz arasında
mövcud dostluq əlaqələrini yüksək
qiymətləndirdiklərini diqqətə çatdırıb.
Daha sonra əslən azərbaycanlı
olan belçikalı rəssam Əli Seyranın 20 Yanvar faciəsinə həsr edilmiş əsərləri
də daxil olmaqla, ölkəmizdən
bəhs edən sərgisinə baxış
keçirilib.
* * *
Azərbaycanın Britaniyadakı səfirliyi
və Londonda fəaliyyət göstərən
Azərbaycan Dostluq və Mədəniyyət
Evinin təşkil etdiyi tədbirdə səfir Tahir Tağızadə 20 Yanvar
faciəsi haqqında məlumat verib. Qeyd edilib
ki, həmin dövrdə bir çox sovet ölkəsində oxşar
hadisələr baş
verib, lakin bunlardan ən qanlısı Bakıda törədilib.
Digər
çıxış edənlər
- Azərbaycan Evinin rəhbəri Əli Təkin Atalar, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə
müdiri Nigar Maksvell sovet silahlı qüvvələrinin
Azərbaycan xalqına
qarşı törətdiyi
və öz qəddarlığı ilə
seçilən hərbi
təcavüzdən söhbət
açıblar.
Qanlı Yanvar hadisələrinə
həsr olunmuş sənədli film nümayiş
etdirilib. Mərasimdə şəhidlərimizin əziz xatirəsinə tarda ifalar səsləndirilib.
* * *
Özbəkistanın uchildiz.uz portalı “20 Yanvar – Azərbaycan xalqının
vətənpərvərlik və qəhrəmanlıq
günü” sərlövhəli
məqalə yayıb. Məqalədə
bildirilir ki, 1990-cı
il yanvarın
19-dan 20-nə keçən gecə keçmiş
SSRİ-nin rəhbəri
Mixail Qorbaçovun əmri ilə Bakıya qoşun yeridilib, günahsız insanlar qətlə yetirilib. 20 Yanvar
Azərbaycan xalqının
milli azadlıq mübarizəsinin rəmzi
kimi tarixə düşüb. Həmin gecə
canlarını qurban verən şəhidlər
öz qanları ilə Azərbaycan tarixinin yeni səhifəsini yazıblar.
* * *
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində
“20 Yanvar gənclərin
gözü ilə” adlı tədbir keçirilib. Gürcüstanın
müxtəlif universitetlərində
təhsil alan
tələbələr tərəfindən
hazırlanmış tədbir
Azərbaycanın Gürcüstandakı
səfirliyinin və M.F.Axundzadə adına muzeyin dəstəyi ilə reallaşıb.
İştirakçılar AZƏRTAC-ın
təşəbbüsü ilə 20 Yanvar faciəsi ilə əlaqədar muzeydə açılmış fotosərgi
ilə tanış
olublar.
Muzeyin elmi işçisi Leyla Əliyeva Gürcüstanda hər il 20 Yanvar
faciəsi ilə əlaqədar anım tədbirlərinin keçirildiyini
diqqətə çatdırıb.
20 Yanvar şəhidlərinin
və 1989-cu ilin 9 aprelində Tbilisidə sovet qoşun hissələri ilə toqquşmada həlak olanların xatirəsi ehtiramla yad edilib.
* * *
Mərakeşin “Əl-Aləm” qəzetində
“20 Yanvar - Azərbaycan
milli qürur günüdür” başlıqlı
məqalə dərc edilib. Məqalədə 20 Yanvar tarixinin
Azərbaycan xalqının
milli yaddaşına
1990-cı ildə keçmiş
sovet ordusunun ölkəyə qarşı
hərbi təcavüzü
kimi yazıldığı
qeyd olunur. Yazıda sovet ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi
qanlı hadisələrdən
bəhs edilir.
* * *
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı
(İSESCO) 20 Yanvar faciəsi
ilə bağlı bəyanat yayıb. Bəyanatda İSESCO katibliyi Azərbaycan xalqının acısını
bölüşdüyünü diqqətə çatdırır.
20 Yanvar hadisələrinin
insanlığa qarşı
törədilmiş cinayət
olduğu vurğulanır.
Həmçinin sənəddə dünya ictimaiyyətinə və beynəlxalq insan haqları təşkilatlarına faciəyə hüquqi qiymətin verilməsinə, bu cinayəti törətmiş şəxslərin beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmasına çağırış edilib.
* * *
Azərbaycanın İrandakı səfirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib. Səfir Bünyad Hüseynov 1990-cı il yanvarın 20-də baş verən hadisələrin siyasi mahiyyəti haqqında məlumat verib.
Səfirlik tərəfindən Azərbaycan, fars və ingilis dillərində hazırlanmış press-reliz və bu faciəni əks etdirən fotoşəkillər İranda akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların Tehrandakı təmsilçilərinə, eləcə də kütləvi informasiya vasitələrinə göndərilib. “Asiya” qəzetində və “Asiya news” informasiya portalında “20 Yanvar azadlıq uğrunda mübarizənin rəmzidir” sərlövhəli məqalə dərc edilib.
* * *
İsveçdə fəaliyyət göstərən “İsveç-Azərbaycan Mədəniyyət Dərnəyi Odlar Yurdu” diaspor təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirib.
Diaspor təşkilatının rəhbəri Sevinc Bakılı çıxış edərək qanlı tarixin həm şəhidlərimizin anım günü, həm də xalqımızın birliyi, fəxr və şərəf günü olduğunu qeyd edib. Sonra 20 Yanvar hadisələri ilə bağlı təşkilat adından hazırlanan bəyanat tədbir iştirakçılarına təqdim edilib.
* * *
İsveçrənin paytaxtı Berndə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd edilib. Azərbaycan səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə şagirdlərə Bakı şəhərində törədilmiş qanlı faciə ilə bağlı məlumat verilib, onlara 20 Yanvar haqqında əyani vəsaitlər təqdim edilib. Məktəblilər şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
* * *
Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Səfir Məmməd Əhmədzadə çıxış edərək ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn gərgin proseslərdən danışıb, Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvar faciəsinin acı nəticələri barədə məlumat verib.
Roma Sapienza Universitetinin dosenti Daniel Pommier çıxışında 20 Yanvar faciəsindən danışıb, belə hadisələrin xalqın milli kimliyinin formalaşmasında rolundan söz açıb.
Sonda Qanlı Yanvar faciəsinə dair sənədli
film nümayiş olunub.
Mədəniyyət.- 2019.- 23
yanvar.- S.5.