Bakı Xoreoqrafiya
Akademiyasında 20 Yanvar həftəsi
Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) 20 Yanvara həsr olunmuş silsilə tədbirlər keçirilib. 20 Yanvar həftəsi çərçivəsində keçirilən tədbirlərdən biri də “20 Yanvar hüzn və milli qürur günüdür” mövzusunda elmi sessiya olub.
Tədbirdən öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Elmi sessiyanı BXA-nın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev giriş sözü ilə açaraq Qanlı Yanvar hadisələri haqqında ətraflı məlumat verib və həmin günü azadlığa, müstəqilliyə gedən yolun başlanğıcı adlandırıb. Rektor qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi, “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib”.
Sonra BXA-nın Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Vəfa Əliyev çıxış edərək 20 Yanvar hadisələrinin müstəqillik tariximizdə yerindən danışıb, Azərbaycanın suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq xalqımızın yaddaşına həkk olunduğunu deyib.
Tədbirdə BXA-nın kollecində təsviri incəsənət tarixi fənnini tədris edən Fidan Əsədovanın “20 Yanvar – qan yaddaşımız” adlı tablosu da nümayiş olunub.
Sonda 20 Yanvara
həsr edilmiş fotokompozisiya
təqdim edilib.
Mədəniyyət.- 2019.- 23
yanvar.- S.3.