Aşıq sənətində
gənclik və sənətin gələcəyi
Dəyirmi masada bu barədə ətraflı
söz açıldı
Yanvarın
24-də Azərbaycan Aşıqlar Birliyində (AAB)
“Aşıq sənəti və gənclik” mövzusunda dəyirmi
masa keçirildi.
Tədbir Əməkdar mədəniyyət işçisi, aşıq Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun “Paşaköçdü” və “Gülə-gülə” saz havalarının ifası ilə başladı.
AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbiri açaraq aşıq sənətinin Azərbaycan dövlətinin milli mədəniyyət siyasətinin tərkib hissəsi olduğunu bildirdi, birliyin bu sahədə axtarışlarından və gənclərdə aşıq sənətinə marağın artırılması istiqamətində görülən işlərdən danışdı. Qeyd etdi ki, dəyirmi masanın “Aşıq sənəti və gənclik” probleminə həsr olunması ölkəmizdə həyata keçirilən gənclər siyasəti ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi mədəniyyət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin müxtəlif sahələr üzrə gerçəkləşməsində gəncliyin üzərinə mühüm vəzifələr düşür: “Gənclik bu gün, həm də sabah deməkdir. Bu mənada gənclik dövlət siyasətinin tərkib hissəsidir. Bildiyimiz kimi, ötən il Mədəniyyət Nazirliyi ilboyu bu istiqamətdə çox dəyərli işlər gerçəkləşdirib. Cari ildə də bu istiqamətdə lazımi işlər görüləcək. Mədəniyyət Nazirliyi Aşıqlar Birliyinin gənclərlə bağlı layihələrinə hər cür dəstək verir”.
Məhərrəm Qasımlı ötən illərdə AAB tərəfindən gənclərlə bağlı “Misri “Sarıtel”, “Koroğlu havaları” adlı disklərin buraxıldığını vurğuladı, bu layihələrin də təşkilində və təbliğində Mədəniyyət Nazirliyinin yaxından dəstək olduğunu bildirdi.
Sədr aşıq sənətinin az inkişaf etdiyi bölgələrdə bu sahəyə marağın artmasından da danışdı. Qeyd etdi ki, ki, bu gün cənub bölgəsindən, eləcə də Zəngilan, Cəbrayıl, Qubadlı və digər rayonlardan olan gənclərdə bu sənətə böyük maraq yaranıb: “Bir müddət efirlərdə yayımlanan şou proqramlar milli dəyərləri üstələyirdi. Bunun qarşısı vaxtında alındı. Azərbaycan dövləti özünün humanitar siyasət strategiyasında muğam sənətinə, aşıq sənətinə və xalq mahnılarına xüsusi diqqət yetirdi. Müxtəlif tədbirlərdə, müsabiqələrdə yeni istiqamətlər görünməyə başladı”.
AMEA-nın Folklor İnstitutunun əməkdaşı, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli çıxışında aşıq sənətinə dövlət qayğısından danışdı. Bildirdi ki, bu gün aşıqlarımızın səs-sorağı yaxın-uzaq ölkələrdən gəlir. Aşıq sənəti özünün “qızıl dövr”ünü yaşayır. Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Prezident İlham Əliyevin mədəniyyətə göstərdiyi yüksək qayğı nəticəsində xalqımızın qeyri-maddi mədəni irs nümunələri dünya miqyasında geniş təbliğ olunur. Bu xüsusda Heydər Əliyev Fondunun mədəniyyət layihələrinin müstəsna yeri var. Son illər aşıqların iştirakı ilə xarici ölkələrdə konsert proqramlarının təşkili və aşıqlara fəxri adların verilməsi, yubileylərinin keçirilməsi, kitabların çap edilməsi, orta və ali musiqi məktəblərində aşıq sənətinin tədris olunması və s. istiqamətlərdə mühüm işlər görülüb.
Əməkdar mədəniyyət işçisi aşıq Əhliman Rəhimov diqqətə çatdırdı ki, gənc aşıqlar mütaliədən uzaq düşməməli, ustadların təcrübəsindən istifadə etməlidirlər: “Bu gün bizim yaxşı solo ifaçılarımız olsa da, dastan söyləyən, bədii yaradıcılığı olanlar, təəssüf ki, azdır”.
Filologiya üzrə fəlsəfə doktoru aşıq Altay Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənəti ixtisası üzrə təhsil alan tələbələrdən danışdı: “Onların istedadının üzə çıxması üçün davamlı iş aparırıq. Hamısının yaxşı səsi olmasa da, ümidverici gənclər də var. Təəssüf ki, klassik aşıqlarımız onları az maraqlandırır”.
Aşıq Gülarə Azaflı ozan sənətinin gələcəyi barədə fikirlərini bölüşdü, gənc aşıqlara dəstəyin vacibliyini qeyd etdi: “Düşünürdüm ki, bizdən sonra bu sənəti kimlər yaşadacaq. Ona görə də marağımı və meylimi gənc aşıq qızlarımızın yetişməsinə həsr etdim. Fikrimcə, gənc nəsildə bu sənətə dərin maraq yaratmaq üçün kökə toxunmadan yeniliklər etmək lazımdır”.
Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin aparıcı məsləhətçisi Elgün Əliyev qeyd etdi ki, aşıq yaradıcılığı nazirliyinin daim diqqət mərkəzindədir. Bu sahənin inkişafına bundan sonra da Mədəniyyət Nazirliyi tərəfindən lazımi köməklik göstəriləcək.
Dəyirmi masada Azərbaycan Milli Konservatoriyasının dosenti Mübariz Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov, əməkdar mədəniyyət işçiləri Ulduz Quliyeva, Samirə Əliyeva, Musa Nəbioğlu, Prezident təqaüdçüsü, aşıq Mahmud çıxış edərək bu sənətin uğurlu gələcəyi üçün görüləcək işlərdən danışdılar. Qeyd edildi ki, bu sahənin inkişafı ilə bağlı təkcə müvafiq tədris ocaqları səviyyəsində deyil, bütün ölkə üzrə iş aparılmalıdır.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2019.- 25
yanvar.- S.1-2.