“Həyatdan da artıq”
Zurab Sereteli yubiley sərgisini Bakıda da
təqdim etməyi planlaşdırır
Böyük Britaniyanın paytaxtında Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı, tanınmış heykəltəraş Zurab Seretelinin yaradıcılığına həsr edilmiş sərgi açılıb. Londondakı “Saatchi Gallery”nin bir neçə zalında rəssamın 100-dək rəsm, heykəltəraşlıq əsərləri təqdim edilir.
“Həyatdan da artıq” adlanan ilk böyük retrospektiv sərgi Seretelinin 85 illik yubileyinə həsr edilib. Ekspozisiyada sənətkarın yaradıcılıq karyerasının məcmusu, o cümlədən onun Mark Şaqal, Pablo Pikasso və Robert Rauşenberq kimi rəssamlarla görüşlərinin təsiri altında yaradılan əsərləri nümayiş etdirilir. Sərgi ziyarətçilərinin, həmçinin Z.Seretelinin həyatına həsr edilmiş arxiv videolarını izləmək imkanı da olacaq.
“Saatchi Gallery”də sərgi
fevralın 17-dək davam
edəcək. Müəllifin yubileyinə həsr edilən fərdi sərgilərin bu il Bakı,
Paris və Lixtenşteyndə
də keçiriləcəyi
planlaşdırılıb.
1934-cü ildə Tbilisidə
doğulan Z.Sereteli
1958-ci ildə Tbilisi Rəssamlıq
Akademiyasını bitirib. O, tunc, daş, şüşə,
ağac, mozaika ilə işləməyi öyrənərək 1960-cı illərdən başlayaraq
iri sifarişlər qəbul etməyə başlayır. Z.Seretelinin əl işləri
əvvəlcə SSRİ-də,
daha sonra xaricdə - London, Paris, Roma, Nyu-York,
Tokioda yayılıb.
1997-ci ildə Rusiya
Rəssamlıq Akademiyasının prezidenti
seçilib. 2001-ci ildə Moskvada
Rusiya Rəssamlıq Akademiyasının bir hissəsi olan Zurab Sereteli İncəsənət
Qalereyası açılıb. 2012-ci ildə isə rəssam
Tbilisidə Müasir İncəsənət
Muzeyini yaradıb.
Mədəniyyət.- 2019.- 25
yanvar.- S.5.