Ravşana - rus kinosunun
Şərq ulduzu
O bizim alışdığımız,
qıyıqgözlü, yumrusifət
Orta Asiya gözəllərinə heç
bənzəmir. Tanımayanlara
Ravşana Kurkovanın
siması daha çox hind, yaxud Pakistan əsilli Avropa qızını xatırladır:
həddən artıq
incə üz cizgiləri, qarabuğdayı
bəniz, iri qara gözlər və xəsisliklə paylanan xəfif təbəssüm. Diqqətlə baxanda qara gözlərinin
içindəki şıltaqlıq
qığılcımlarını görmək olar.
Bu gün Rusiyanın
kino və serial ulduzu, bir neçə
geyim və kosmetika brendinin siması kimi tanıdığımız Ravşana
Kurkova özbək qızıdır. 1980-ci ildə
Daşkənddə sənətkar
ailəsində dünyaya
gəlib. Atası Bahram
Matçanov İlhom
teatrının aktyoru,
anası Rano Kubayeva kinoaktrisa və rejissor, dayısı Rauf Kubayev rejissor və ssenaristdir.
Ravşana uşaqlıqdan atası ilə teatrda, anası ilə də çəkiliş meydançasında vaxt keçirməyi xoşlayıb,
12 yaşında kinoya
çəkilib.
Bir qədər
sonra isə valideynləri ayrılırlar,
Ravşana anası ilə Moskvaya gedir. Burada musiqi məktəbində,
daha sonra isə anasının istəyi ilə gələcəkdə daha
ciddi işlə məşğul olmaq üçün Britaniya liseyində təhsil alır. Pedaqoji universitetin tələbəsi
ikən Kinematoqrafiya İnstitutunun nəzdindəki
rejissor kurslarında, Şepkin adına
Teatr Məktəbindəki
aktyorluq kurslarında dinləyici kimi iştirak edir.
1998-ci ildə anası
ilə birlikdə Ad günün mübarək!
filmində çəkildikdən
sonra rejissorlar Ravşanaya diqqət yetirirlər. 2007-ci ildə
kəskin süjetli Üç qız komediyasında baş rollardan birini oynayaraq Yeni kino. 21-ci əsr
beynəlxalq kinofestivalında
ən yaxşı qadın roluna görə mükafat alır. 29 yaşında
ikən Barvixa serialında oynadığı
məktəbli Anjela,
2017-ci ildə ekrana çıxan Bizim həyətdəsə
serialında
yaratdığı miqrant
dalandar Mövludə rolu Ravşanaya postsovet məkanında şöhrət qazandırıb.
Ravşana Kurkova bu gün
Rusiya kinematoqrafında
davamlı çəkilən
aktrisalardandır. O, antrepriz teatr tamaşalarında da çıxış edir, klip və
reklam çəkilişlərində
iştirakdan boyun qaçırmır. Aktrisanın
uca boyu (180 sm), az çəkisi (50 kq) qrimsiz də istənilən mənanı
və yaşı öz simasında göstərmək məharəti
ona özünü
model kimi də sınamaq imkanı verir.
Ravşana deyir: Mən ağlım və qəlbimlə sabaha yüyürərək yaşamağa
tələsmirəm, xəsisliklə
zamanı dayandırmağa
cəhd etmirəm, onun ötüb keçdiyinə heyfsilənmirəm.
Zaman hər yerə mənimlə qoşa gedir, məni insanlarla tanış edir, təcrübəsini,
biliyini mənə verir. Həmişə özümə deyirəm
ki, sənin bir də 20, 23, 27, 35 yaşın olmayacaq.
Həyatının bu
ilini həzz alaraq, sevinclə yaşa, onu hiss et, vaxtını qüssə-kədərə yox,
sənə xoş gələn şeylərə
həsr et.
GÜLCAHAN
Mədəniyyət.- 2019.- 25
yanvar.- S.5.