Tanınmış tarixçi-qafqazşünas
Rudolf İvanov
dünyasını dəyişib
Rusiyalı publisist, yazıçı, tarixçi-qafqazşünas, professor Rudolf İvanov ömrünün 88-ci ilində dünyasını dəyişib.
Rudolf Nikolayeviç İvanov 1931-ci il mayın 18-də Pyatiqorskda anadan olub. O, 27 kitabın, 200-dən çox məqalə və oçerkin müəllifidir. Bu əsərlərin böyük bir qismi Rusiya imperiyasının və Qafqazın tarixinə həsr edilib.
R.İvanovun qələminin məhsulları arasında “Ölüm-dirim savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda bolşevizm təhriflərinə qarşı mübarizəsinin sirlərini üzə çıxarır” kitabı xüsusi yer tutur. Bu nəşrdə 475 tarixi sənəd, o cümlədən Nərimanovun nadir nəşrlərdən seçilmiş məqalələri və nitqləri toplanıb.
R.İvanovun “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər” kitabı da böyük maraqla qarşılanıb.
Rudolf İvanov Rusiya Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin, Moskva Jurnalistlər İttifaqının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun və Naxçıvan Dövlət Universitetinin fəxri doktoru olub. Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib.
Mədəniyyət.-
2019.- 25 yanvar.- S.6.