Mütəfəkkir şairin
söz işığı
Milli Kitabxanada
“Nəsimi ili”nin ilk sərgisi açılıb
Yanvarın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi – 650” adlı sərginin açılışı keçirildi. Sərgi Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” sərəncamlarına əsasən təşkil edilib.
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Sevda Məmmədəliyeva, millət vəkilləri, yazıçılar, ədəbiyyatşünas alimlər iştirak edirdi.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək “Nəsimi ili” çərçivəsində təşkil olunan ilk sərginin əhəmiyyətini diqqətə çatdırdı: “Nəsiminin ilk dəfə yubileyinin ölkəmizdə keçirilməsinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olub. Bu gün o ənənə uğurla davam etdirilir. “Nəsimi ili” bunun əyani göstəricisidir. Bugünkü gənc nəsil Nəsimini daha yaxından tanıyacaq, onun haqqında kitablar, elmi əsərlər yazılacaq və gələcək nəsillər də bundan bəhrələnəcəklər”.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin “Nəsimi ili” ilə əlaqədar sərəncamının bu böyük şəxsiyyətin yaradıcılığını, xalqımızın ədəbi-mədəni irs tarixinə verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaratdığını dedi: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi. O vaxt Bakıda Nəsimiyə heykəl qoyuldu. Müəllifi Tokay Məmmədov olan həmin heykəl bu gün şəhərimizin ən gözəl yerlərindən birində ucalır. Eyni zamanda böyük mütəfəkkirə həsr olunan film çəkildi, elmi tədqiqatlar aparıldı, kitablar çap edildi”.
Nazir vurğuladı ki, ötən illər ərzində Nəsiminin adı nəinki ölkəmizdə, eləcə də beynəlxalq arenada uca tutulub, dünya ictimaiyyəti də onun yaradıcılığı ilə tanış olub: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə 2017-ci ilin may ayında Parisdə, UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd olunub. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı keçirildi. Festivalda çoxsaylı ölkələrdən ədiblər, alimlər və tədqiqatçılar iştirak edirdi. Bu festival Nəsimi irsinin öyrənilməsi və dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin də təbliğinə yeni imkanlar açdı. “Nəsimi ili” xalqımızın mənəviyyatı və mədəniyyəti ilə birbaşa əlaqəlidir. Biz bu il üçün tədbirlər planı hazırlamışıq. İlk addımı buradan başlayırıq”.
Əbülfəs Qarayev bu il həm ölkəmizdə, həm də xaricdə müxtəlif tədbirlərin, sərgilərin, ədəbi-bədii axşamların təşkili, kitabların nəşrinin nəzərdə tutulduğunu diqqətə çatdırdı: “Hazırda açılışına toplaşdığımız Nəsiminin əsərlərindən ibarət kitab sərgisi və “Nəsimi – 650” daimi guşəsinin yaradılması bu qəbildən olan ilk tədbirlərdəndir. Burada çoxsaylı maraqlı materiallar toplanıb. Bu nəşr nümunələri və arxiv sənədləri həm mütəxəssislər, həm də kitabxananın oxucuları üçün maraqlı olacaq”.
Milli Məclisin deputatı, akademik Nizami Cəfərov qeyd etdi ki, “Nəsimi ili”ndə bu böyük mütəfəkkiri dərk edərək öz coğrafiyamızla yanaşı, bütün dünyada təbliğ etməliyik: “Bütün dünyanın dilində danışan Nəsiminin dili, həm də bizim ana dilimizdir. Nəsimi şairlərimizin içində ən çox fəlsəfi, poetik və “mən”i olan şairdir. Onun yaradıcılığında həm özünün şəxsiyyəti, ideologiyası, həm də dili və milli mənliyi dayanır”.
Milli Məclisin deputatı Qənirə Paşayeva bildirdi ki, ulu öndər Heydər Əliyevin Nəsimi ilə bağlı yanaşması və Prezident İlham Əliyevin bu sərəncamı Azərbaycanın tarixi şəxsiyyətlərini tanımağı, oxumağı və sevməyi təlqin edir. “Nəsimi ili” ölkəmizin və mədəniyyətimizin daha geniş miqyasda tanınmasına vəsilə olacaq.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və digər çıxış edənlər “Nəsimi ili”nin önəmindən, böyük mütəfəkkir şairin zəngin yaradıcılıq irsindən bəhs etdilər.
Sonra qonaqlar Milli Kitabxananın foyesində açılmış “İmadəddin Nəsimi – 650” adlı sərgi ilə tanış oldular. 300-dək çap nümunəsinin yer aldığı sərgidə Nəsiminin əlyazmaları, daşbasma üsulu ilə ərsəyə gəlmiş kitabları, əsərlərinin müxtəlif nəşrləri, haqqında işıq üzü görən elmi, publisist kitab və məqalələr nümayiş etdirilir.
Fariz HÜSEYNOV
Mədəniyyət.- 2019.- 30
yanvar.- S.1-2.