Bakıda ilk dəfə – İtaliya-Azərbaycan film festivalı
Paytaxtımızda kino və ümumilikdə sənət
adına bir ilk yaşanır. Yanvarın
25-də Nizami Kino Mərkəzində
İtaliya-Azərbaycan film festivalı
başlandı. Açılışdan öncə italiyalı qonaqlar media təmsilçiləri
ilə görüşdülər.
Elə ilk dəqiqələrdən
bu görüşün
maraqlı olacağı
bəlli idi. Çünki çox zaman italyanlarla azərbaycanlıları
bir-birinə bənzədirlər.
Bu həm də
iki xalqın istiqanlı olması ilə əlaqələndirilir.
Bakı və Neapol qardaşlaşmış şəhərlər
olduqları kimi, italyan kinematoqrafçılarının
mətbuat nümayəndələri
ilə görüşləri
də isti və çox səmimi bir atmosferdə keçdi.
Mətbuat konfransını Mədəniyyət
Nazirliyi Kinematoqrafiya şöbəsinin böyük
məsləhətçisi Almaz Sultanzadə açaraq festival haqqında
məlumat verdi.
Bildirdi ki, festival Mədəniyyət
Nazirliyi, “İmago
Group”, “United Cultures” və “Sandro Teti Editore”
film istehsalı şirkətlərinin
birgə dəstəyi
ilə reallaşır.
Layihə İtaliya və
Azərbaycan kino sənayesinin keçmişi,
bu günü və gələcəyini
təbliğ etmək
məqsədi daşıyır.
Qeyd edildi ki, İtaliyanın Azərbaycandakı səfirliyi,
Nizami Kino Mərkəzi
və “The Landmark” tərəfindən
dəstəklənən festival çərçivəsində ümumilikdə 15 müasir
film nümayiş olunacaq.
Sonra nazirliyin
rəsmisi festivalda iştirak etmək üçün Bakıya
təşrif buyuran italyan kinematoqrafçıları
mətbuat nümayəndələrinə
təqdim etdi.
Layihə
iki ölkənin kino sənayesinin təbliğinə xidmət
edir
Festivalın münsiflər heyətinin
sədri, məşhur
aktyor Remo Girone iki ölkə arasında mədəni münasibətlərdən danışaraq
ilk dəfə keçirilən
festivalın kinematoqrafiya
sahəsində əlaqələrin
inkişafına töhfə
verəcəyini bildirdi:
“Bu günə kimi
ABŞ, Fransa, Polşa
və Almaniyada fəaliyyət göstərmişəm.
Azərbaycanla əməkdaşlıq etmək mənim üçün çox maraqlı olardı. İnanıram ki, belə tədbirlər bizim birgə əməkdaşlığımızın
inkişafına yeni təkan olacaq. İki ölkə arasında mədəniyyət sahəsində
mövcud əlaqələr
bundan sonra da davam etdiriləcək.
Azərbaycan kinosu haqqında
məlumatım olmasa da, festival çərçivəsində
nümayiş olunacaq filmləri izləməklə
bilgi əldə edəcəyəm. Bu təkcə məlumat deyil, həm də Azərbaycanda rejissorluq məktəbi ilə tanışlıq imkanı qazandıracaq”.
Festivalın direktoru Claudio Rossi Massimi,
təşkilatçılardan Sandro Teti, festivalın
layihə meneceri Kənan Zülfüqarov,
“İmago Group”un nümayəndəsi Lucia Macale,
“United Cultures”in əməkdaşı
Pala Kasaqrande və başqaları çıxış
edərək festival barədə
məlumat verdilər.
Qeyd olundu ki, festival iki ölkənin film sənayesinin oxşar və fərqli cəhətlərini nümayiş
etdirməklə beynəlxalq
kino məkanının
fəaliyyətini təşviq
edəcək.
Diqqətə çatdırıldı ki, yanvarın 30-dək davam edəcək festival çərçivəsində hər iki ölkənin
mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən
seçilmiş filmlər
gündə iki seans olmaqla
nümayiş etdiriləcək.
Festivalda “Ən yaxşı Azərbaycan filmi”, “Ən yaxşı italyan filmi”, “Ən yaxşı beynəlxalq
film”, “Ən yaxşı
Azərbaycan sənədli
filmi”, “Ən yaxşı İtaliya sənədli filmi”, “Ən yaxşı beynəlxalq sənədli
film”, “Ən yaxşı
aktyor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı foto” və “Ən yaxşı musiqi” nominasiyaları üzrə mükafatlar nəzərdə tutulub. Nominasiyaların qaliblərinə xüsusi hazırlanmış
“Zoroaster award” mükafatı veriləcək. Bundan əlavə,
festivala qatılan italyan rejissor və aktyorlar ustad dərsləri, gənc kinematoqrafçılarla
görüşlər keçirəcəklər.
“Mən də gəlirəm”, ardınca
“Nar bağı”
Mətbuat konfransının ikinci hissəsində Azərbaycan
və İtaliya kino münasibətlərindən
söz açıldı. Mətbuat
nümayəndələrinin suallarını cavablandıran
aktyor Remo Girone dedi: “Azərbaycana gələndə festivalla
yanaşı, Atəşgah
məbədində, Qobustan
qoruğunda olmağı
da arzulayırdım. Bu ölkə haqqında
təsəvvürlərim olsa
da, əfsus ki, kino sənayesi
haqqında məlumatım
azdır. Beş
gün müddətində
çalışacağam ki,
Azərbaycan kinosu ilə yaxından tanış olum. Bu yaşımda
böyük məmnunluqla
Azərbaycanda filmə
çəkilmək istərdim”.
Tədbirdə bizim kino xadimləri
də iştirak edirdilər, İtaliya və Azərbaycan kinosu ilə bağlı maraqlı diskussiya aparıldı. Xalq artisti, rejissor Vasif Babayev qonaqlara
kino sənayemiz barədə məlumat verdi, həmçinin
italyan kinosu ilə bağlı təəssüratlarını bölüşdü.
Festivalın direktoru Claudio Rossi Massimi festivalın mükafatının “Zoroaster award” (“Zərdüşt” mükafatı) adlanmasının simvolik xarakter daşıdığını, bu adın Azərbaycanın qədim coğrafiyası ilə əlaqəli olduğunu vurğuladı.
Ölkəmizdən münsiflər heyətində təmsil olunan Yusif Şeyxov və Fehruz Şamıyev festivalda iştirak edən Azərbaycan filmləri haqqında məlumat verdilər.
Həmin gün axşam festivalın ilk filmi nümayiş olundu.
“Mən də gəlirəm” (I am coming too) adlı
film italyan dilində ingilis subtitrlərlə təqdim edildi. İtalyan rejissorlar Corrado Nuzzo və Maria di Biasenin birgə
işi olan komediya janrında film maraqla qarşılandı.
Festivalın ilk günü nümayiş olunan ikinci ekran
əsəri isə rejissor İlqar Nəcəfin “Nar bağı”
filmi oldu.
İtaliya-Azərbaycan film festivalı yanvarın
30-da başa çatacaq.
Lalə AZƏRİ
Mədəniyyət.- 2019.- 30
yanvar.- S.1;3.